Dərc edilib: 24-02-2020

https://www.nuh.az/22916-.html

Xəzər Aslanovun Xızıda “imtiyazlı” korrupsiyası

24.02.2020 13:40:42

Kriminal

 

Rayonda yerli fermerlərə məxsus torpaqlar icra başçısı Xəzər Aslanovun komandası tərəfindən zorla ələ keçirilib

 

Xızıda rayon icra hakimiyyətinin  başçısı Xəzər Aslanovun “kommandos”u  öz qanunsuz əməllərini davam etdirməkdədir.

Son bir neçə il ərzində Prezident Adminstrasiyasına edilən çoxsaylı şikayətləri özünəməxsus üsulları ilə “zərərsizləşdirməyi” çox asanlıqla bacaran icra başçısı görünür, cəzasızlıqdan arxayın düşərək yaxın çevrəsindəki əlaltıları Azər Əlizadə, Arzu Əzizov və dgərləri ilə birlikdə fermerlərin pay torpaqlarını zorla ələ keçirmək yolunu tutub.

 

Rayon İH-də oturuşmuş qrup öz məqsədlərini həyata keçirmək üçün hətta ilkin olaraq  torpaq islahatlarının aparıldığı xəritəyə  də “əl gəzdirməkdən” çəkinməyib.


İcra başçısının rəvac verdiyi sürüşdürmələr səbəbindən rayonun Giləzi qəsəbəsi ərazisindəki dənizkənarı pay torpaqları çoxdandır ki, qanunsuz olaraq ələ keçirilib. Eyni üsulla rayonun Baxşılı kəndindəki çayqırağı ərazilərin də qanunsuz şəkildə əsl sahiblərindən müxtəlif bəhanələrlə alınması gerçəkləşib. Baxşılı kəndindəki  çayqırağı ərazidə, Altıağac yolunda  kəndin giriş-çıxışında 6 nəfərin adına olan, ümumilikdə  1 hektardan artıq torpaq sahəsini Xəzər Aslanov şəxsən özü mənimsəyib. Həmin ərazidə qanunsuz özəlləşdirilən torpaq sahəsinin  bir hissəsində kommunal təsərrüfat birliyinin işçiləri Xəzər Aslanovun göstərişi  ilə qanunsuz hasarlamalara rəvac verərək yaşıllıqları məhv ediblər, ağacları kəsib izi itirməyə çalışıblar. Maraqlı bir detal: bu əməllərə etiraz edən Baxşılı kənd camaatına Xəzər Aslanovun cavabı belə olub:

 

”Kəmaləddin müəllimin göstərişi var, bu yerlərdə otel tikdirəjəm, kəndi də köçürəjəm.İsmayıl müəllimin (Neftçalanın sabiq icra başçısı İ.Vəliyev-red.) pensiyaya çıxanadan sonra  istirahət etməsi üçün villa da inşa edəjəm.”

 

Bu cür məsələlərdə Xəzər Aslanovun yüksək vəzifəli məmurların adından istifadə etməsi yenilik deyil.

 

Xızının icra başçısı kənd təsərrüfatı naziri İnam Kərimovla da yaxın qohumluq əlaqələrindən sui-istifadə etməyə çalışır. Xəzər Aslanov sabiq müavini və əlaltısı Azər Əlizadəni Kənd Təsərrüfatı Nazirliyində gəlirli sahələrdən birinə rəhbər vəzifəyə təyin elətdirib.

 

Bu məsələdə İnam Kərimovun adı “maraq üçbucağı”nın zirvəsində hallandırılsa da, əminliklə demək olar ki, nazirə təsir imkanları ilə daha çox öyünən elə Xəzər Aslanovun özüdür. Ümumiyyətlə, başçının yaxın adamı sayılan Azər Əlizadə kəndlərdə vaxtilə istifadəyə verilmiş su hövzələrinin də ələ keçirilməsinin təşkilatçısıdır.

 

Xəzər Aslanovun göstərişi ilə Azər Əlizadə rayon arxiv idarəsinin rəisi, Namiq Quliyevlə əlaqəyə girərək  cinayət məsuliyyəti yaradan əməllər həyata keçirib. Xızı rayon İcra Hakimiyyətində sovet dövründən qalma yazı makinası vardı. Azər Əlizadə üçün bu yazı makinası sanki göydəndüşmə gəlir mənbəyinə çevrilmşdi. Cütlük vaxtilə rayona rəhbərlik etmiş şəxslərin adından kiril əlifbası ilə saxta sərəncamlar  tərtib edərək öz çirkin niyyətlərini həyata keçirib. Azər Əlizadənin tərtib etdyi saxta sənədləri arxiv idarəsinin rəisi Namiq Quliyev  rayonda işləmiş rəhbər şəxslərin imzasına oxşar şəkildə “təsdiqləyərək” arxivə atıb.

 

Bu yolla bir çox saxtakarlığa imza atan duet əlbəttə, Xəzər Aslanovun dəstəyinə arxayındır ki, əməlləri cəzasız qalacaq. Belə saxtakarlığı sadəcə araşdırmaq bəs edər. Düzdür, yoxlama məqsədilə rayona ara-sıra üz tutan təftişçilər hansısa səbəblərdən əliboş  qayıdıblar.

 

Düşünürük ki, Xızıda DTX-nın Neftçaladakı kimi anoloji  əməliyyat aparması üçün kifayət qədər əsaslar mövcuddur. Sadəcə, ciddi araşdırmalara ehtiyac var. Yeri gəlmişkən, DTX-nın son zamanlarda apardığı əməliyyatlardan xoflanan Xəzər Aslanov körrupsiya əməllərinə də deyəsən bir balaca “əl gəzdirib”.Məlumatlı mənbələrin xəbərinə görə başçı rüşvəti daha öz kabinetində deyil, müavin götürdüyü  Arzu Əzizovun iş otağında, inandığı şəxslərin, o cümlədən Arzunun əlilə özü də xahiş-minnətlə qəbul edir.


Rayonun kanalizasiya və su problemlərinin həlli  üçün ayrılmış milyonlarla manat büdcə vəsaiti Xəzər Aslanovun göstərişi ilə əlaltıları tərəfindən həzm edilib. Nəticədə bu gün Xızının mərkəzi hissəsi sudan tamamilə korluq çəkir.  "Hanı bə bu məqsədlərə sərf edilən milyonlar?" sualının isə sanki sudan quru çıxmış Xəzər Aslanova aidiyyatı yoxdur. Bəlkə Prezident Adminstrasiyasında bu məsələdən bixəbərdirlər? Onu da qeyd edək ki, kanalizasiya xəttinin Tıxlı kəndindəki qədim bulağın üzərindən keçirilməsinə etiraz səsləri dəfələrlə qaldırılıb. Bir müddət öncə Tıxlı kəndinin ərazisindəki bağların sahibləri ilə "Azərsu"nun işçiləri arasında yaşanmış insidenti xatırlayın.Yerli sakinlər bu biabırçılıqla bağlı müxtəlif instansyalara müraciət etmişdilər. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, kanalizasiya xətti məqsədli şəkildə həmin ərazidən keçirilib. Belə ki, əsas məqsəd kanalizasiya xəttini rayon icra aparatı başçısının müavini Arzu Əzizovun  zəbt  etdiyi,rayonun peşə məktəbinin təlim mərkəzinə ayrılmış 100 hektar torpaq sahəsindən keçirməklə əlavə maliyyə dividendləri əldə etmək olub.Əlavə edək ki, sözügedən peşə məktəbinin necə deyərlər adı var,vəssalam.Kağız üzərində illərdir ki, fəaliyyət göstərən məktəbdəki yeyintiləri araşdırmağa göndərilmiş təftşçiləri Arzu Əzizov davamlı surətdə razı salaraq məsuliyyətdən yayına bilir.

Xızıda düşünürlər ki, özünü Xızı rayonunun sahibi kimi aparan “hakimi-mütləq” Xəzər Aslanov qanunsuz əməlləri ilə yerli əhalini hakimiyyətdən narazı salmaq yolunu tutub. Şübhə yoxdur ki, başçının  əməlləri ən yaxın zamanlarda ifşa olunacaq. 

 

NUH.az 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib