Dərc edilib: 25-02-2020

https://www.nuh.az/22947-.html

Azərbaycanda iş qurub işə düşən rusiyalı xanımın işi Ali Məhkəmədə

25.02.2020 13:50:10

Cəmiyyət

Kseniya Kukova: “Mənə qarşı dələduzluq edən, Allahdan qorxmayan ədalətsiz insanlarla üz-üzəyəm”

Fevral 24-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyi ilə Rusiya vətəndaşı Kseniya Yevgenyevna Kukovanın işi üzrə məhkəmə prosesi keçiriləcək. Rusiya vətəndaşı olan Kseniya Kukova onu Azərbaycan Ali Məhkəməsinin qarşısına çıxaran yola 2 il əvvəl qədəm basıb.

O, 2017-ci ildə Azərbaycanda iş qurub, kiçik sahibkarlıqla məşğul olmağa başlayıb. Şərikləri ilə qurulan işdən aybaay vergi ödənib, Azərbaycan vətəndaşları işə götürülməklə onlara maaş verilib. 2 illik gərgin əmək sayəsində Kseniya Kukovanın rəhbərlik etdiyi “E.Mi Baku” kifayət qədər müştəri toplayıb və stabil qazanc əldə etməyə başlayıb. Elə kiçik sahibkarın şərikləri ilə problemləri də həmin vaxtdan onu narahat etməyə başlayıb. İş məhkəməyə qədər gedib çıxıb. 

Ali Məhkəmə sədri Ramiz Rzayevə, ölkə rəhbərliyinə ünvanladığı məktubunda Kseniya Kukova başına gələnləri belə çatdırır:

“Mənə qarşı dələduzluq edən, Allahdan qorxmayan ədalətsiz insanlarla üz-üzəyəm. Sizə və ölkənin xarici və daxili nüfuzunu daim qoruyan şəxslərə şikayətim var. Ali Məhkəmədə ədalətli məhkəmə araşdırmasının təmin olunmasını istəyirəm. Mən Kseniya Yevgenyevna Kukova, Rusiya Federasiyasının vətəndaşıyam, Azərbaycan dilində danışa, yaza bilmirəm. Burada mənim yardım diləyəcək qohumum, yaxınım yoxdur. Son əlacım, ölkə rəsmilərinə müraciətim məhkəmələrin nüfuz alveri ilə məşğul olması ilə bağlıdır. Azərbaycana gəlişimin səbəbi iş təklifi olub. Məqsəd türk vətəndaşı Mesut Mustafa oğlu Dəmirtaşın həyat yoldaşı Mələk Adil qızı Dəmirtaşın təklifi ilə böyük gözəllik salonunun açılması idi. Gözəllik salonu açıldı, mən Rusiyada treninqlərə qatıldım, işin hallarından kommersiya məqsədinin ciddi olduğunu sandım, həvəsləndim, inandım.

Daha sonra, Mesut Mustafa oğlu Dəmirtaş yoldaşı ilə məni görüşə dəvət etdilər. Məsut Mustafa dedi ki, xarici vətəndaş olduğuna görə, qeyri-rezident olduğu üçün investor kimi çıxış edə bilməyəcək. Öz ölkəsində pulun hardan əldə edilməsi barədə müvafiq qurumlardan sorğu-sualın olması qorxusu olduğu üçün, bizlərin, yəni Mələk Adil qızı Dəmirtaşın və mənim təsisçi kimi çıxış etməyimizi xahiş etdi. Mesut Mustafa oğlu Dəmirtaş toplam 185 min manat gözəllik salonunun təmir xərclərinə yönəldəcəyinə vəd verdi. Dedi ki, təmir xərclərini özü şəxsən qarşılayır, rəsmi olaraq isə Şirkət təsisçiləri 30/70 ekvivalenti ilə yoldaşının və mənim adıma olacaq. Gözəllik salonunun təmir işləri tamalandığı və tam istismara verildiyi vaxtdan Məsut Mustafa oğlu Dəmirtaş, bəzi sənədlərin düzəlişi bəhanəsi ilə məni 17 iyul 2017-ci il tarixdə Bakı şəhərində yerləşən Notariat Kontoruna dəvət etdi. Mənim Azərbaycan dilini bilmədiyim və tam etibar etdiyimi bilərək, vəziyyətdən istifadə edərək, aldadaraq həmin 185 min manatla bağlı “borcun etirafı müqaviləsinə” imza atdırdı. Daha sonra isə mənim ona notariat qaydasında tam 185 min manat borcum olduğunu və rəsmi qaydada etiraf etdiyimi bildirdi".

Kseniya Kukova aldadılması ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib: “Birinci instansiya məhkəməsi iddiamı təmin etmədi. Lakin Bakı Apelyasiya Məhkəməsi haqlı olduğumu ortaya qoydu. Məhkəmə prosesi zamanı Məsut Mustafa oğlu Dəmirtaşın söylədiklərini təkzib edən səs yazılarını təqdim etmişəm. Hansında ki, Dəmirtaş 185 min manatın gözəllik salonunun təmirinə xərclədiyini deyir. Yəni özü də təsdiq edir ki, pulu mənə verməyib, salonun təmir xərclərinə yönəldib. Sadəcə, mənim Azərbaycan dilini bilmədiyimdən istifadə olunub, mənə məzmununu bilmədiyim ərizəyə imza atdırılıb. Hazırda iş Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Mehparə Əhmədova icraatındadır”.

Kseniya Kukova deyir ki, son ümidi Azərbaycan Məhkəməsinin ədalətinə və ölkə rəhbərliyinin bu işə xüsusi diqqətinədir: “Bu işin mənim üçün  nə qədər vacib olduğunu uca Tanrı bilir”.


“Yeni Müsavat”

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib