Dərc edilib: 07-03-2020

https://www.nuh.az/23137-.html

Teymur yarışdan koronavirusa görə imtina edib

07.03.2020 08:04:04

İdman

İddiaçılar turnirindən imtina etdiyi deyilən Teymur Rəcəbov bu barədə açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, qrossmeysterimiz İnstaqram hesabında bu barədə paylaşım edib. 

Rəcəbov səhhətində hər hansı problemin olmadığını bildirib:

“Əziz həmvətənlərim, şahmat azarkeşləri, bütün şahmat ictimaiyyəti, həmkarlar və dostlar. Bu xəbər doğru deyil. Turnirdən çıxmaq üçün şəxsi səbəbim yoxdur. Çox yaxında bununla bağlı FİDE-yə göndərilən məktublar və onların cavabları ilə birlikdə açıqlama verəcəm”.

***

Teymur Rəcəbovun İddiaçılar turnirinə qatılmamasının səbəbi bəlli olub. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qrossmeyster koronavirusa görə yarışdan imtina edib.

Bu barədə şahmatçı özü açıqlamasında bildirib:

“Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu tituluna namizədlər turnirində iştirak etməli idim. Bildiyiniz kimi, hazırda dünyada koronavirus epidemiyasının artması müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı risk səviyyəsini ən yüksək qiymətləndirib - qırmızı olduğunu açıqladı. Dünyadakı bir çox yarışlar və əlamətdar hadisələr vəziyyətin inkişafına əsaslanaraq ləğv edilir və ya daha gec bir tarixə təxirə salınır. FİDE Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Ancaq kifayət qədər deyil. Çin şahmatçılarına, onların məşqçilərinə və müşayiət edən şəxslərə Rusiyada 14 gün müddətində karantində qalacaqları bildirildi. Çin şahmatçılarından bir nəfər, onun məşqçiləri və heyəti həqiqətən karantinə alınıb.

Ancaq Çindən gələn ikinci iştirakçı karantinə alınmayacaq və turnirin başlanmasına yaxın koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan əlavə, hər hansı bir iştirakçı, məşqçi və ya onu müşaiyət edən jurnalistlər, müsahibə götürənlər və ya hakimlərdən birində soyuqdəymə və ya koronavirus aşkarlanarsa turnirin necə davam edəcəyi barədə FİDE tərəfindən bir açıqlama verilmir. İştirakçılar karantinə alınacaqsa analiz və virusun mövcudluğunu müəyyənləşdirmək üçün nə qədər mərhələ və vaxt lazım olacaq?

Namizədlər arası turnir 22 gün ərzində davam edən 14 turdan ibarət şahmat marafonudur. Turnirin qlobal epidemiya şəraitində necə keçəcəyi, virus və ya adi SARS aşkar edildiyi təqdirdə hansı addımlar atılacağı və ya xəstə iştirakçıya münasibətdə hansı tədbirlərin görüləcəyi barədə heç kim izahat vermir. Bütün bu məqamların mürəkkəbliyi səbəbindən FİDE-yə turnirin daha gec tarixə təxirə salınması təklifi ilə müraciət etdim. Mənə bu təklifimi qəbul etmədilər. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq hesab etdim ki, namizədlər arası turnir kimi  vacib bir yarışda bu cür şərtlər maksimum oyun səviyyəsi üçün lazım olan konsentrasiya və əhval-ruhiyyəyə çox mənfi təsir edə bilər. Nəticədə mən başqa üzvlə əvəzləndim”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib