Dərc edilib: 10-03-2020

https://www.nuh.az/23200-.html

Ekonazirliyin 5 əməkdaşı məhkəmədə: "Pulu alıb, nazirə verdim..."

10.03.2020 15:40:05

Reportaj

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.


 “Report” xəbər verir ki, cinayət işinə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılır.

 

Mənimsəmədə təqsirləndirlən şəxslər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir.

Onlardan yalnız İlqar Hacıyev həbsdədir. İş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər tanınıb.

Prosesdə təqsirləndirilən Əkbər Həsənov digər təqsirləndirilən İlqar Hacıyevin vəkili Ramil Məmmədzadənin suallarını cavablandırıb.

O suallara cavab olaraq, rəhbəri olduğu Departamentin birbaşa nazirə tabe olduğunu bildirib və əlavə edib ki, mənimsənildiyi iddia olunan 451 min manatı cari xərclər, internet, telefon xətləri, bütün kommunikasiya xətləri, alpinistlərin axtarışı üçün ayrılan vəsait üçün sərf edilib.

Departamentdə müxtəlif şəxslərin adına kart açılaraq aylıq maaş ayrılması ilə bağlı suala cavab olaraq, yalnız 25-30 kartdan xəbərdar olduğunu deyən Ə.Həsənov digər şəxslərə kart açılmasında İlqar Hacıyevi günahlandırıb.

İ.Hacıyev isə bunu təkzib edərək deyib ki, departamentin min nəfərdən artıq işçi siyahısı hər ay Ə.Həsənova təqdim edilib və o, hər şeydən xəbərdar olub.

Vəkil R.Məmmədzadə Ə.Həsənovdan sabiq nazir H.Bağırovun 2018-ci ildə ondan 265 min manat istəyib-istəmədiyini soruşub. Ə.Həsənov bu fikirlərə münasibət bildirməyib. O, digər suala cavab olaraq bildirib ki, rəhbər olduğu Departament aylıq xərclərlə bağlı nazirə məlumat vermirdi:

"Bütün işlər görülüb, amma etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim".

451 min manatlıq zərərin 300 min manata yaxınını ödəyən Ə.Həsənov qalan hissəni ödəməməsi ilə bağlı sualı belə cavablandırıb ki, həmin məbləği İ.Hacıyev odəməli idi.

İ.Hacıyev isə 151 min manatı ödəməməsinin səbəbini günahsız olması ilə əlaqələndirib.

Məhkəmədə sərbəst ifadəsində İ.Hacıyev deyib ki, çalışdıqları Departamentdə ilk dəfə audit yoxlaması aparılan zaman 25 min manatlıq çatışmazlıq üzə çıxıb: "Bu, büdcəsi 2-3 milyon olan bir qurum üçün çox kiçik məbləğ idi. Ə.Həsənov həmin məbləği ödədi. Bir müddət keçəndən sonra bizi işdən çıxardılar. Könüllü ərizə yazmağımızı istədilər. Yazmasaydıq, audit yoxlamasının nəticəsini prokurorluğa göndərəcəkdilər. Biz də ərizə yazdıq. Sonradan keçirilən audit yoxlamasında isə dəymiş ziyan 451 min manat oldu".

İ.Hacıyev 451 min manatlıq ziyanın yaranması və ayrı-ayrı şəxslərin adına maaş yazılması barədə danışaraq bildirib ki, işlədikləri müddətdə hər ay 30-a yaxın şəxsin adına maaş yazılaraq nağdlaşdırılıb. Həmin məbləğ tam olaraq Ə.Həsənova verilib.

İ.Hacıyev söyləyib ki, sabiq nazir H.Bağırovun 2018-ci ildə onlardan aldığı 265 min manatdan sonra işlər bu vəziyyətə çatıb:

“Əkbər Həsənov bunu mənə deyəndə bildirdim ki, mən işdən çıxıram. Çünki bu işi biz bacarmazdıq və çox riskli idi. Hətta Əkbər özü də işdən çıxmaq istəyirdi. Amma iki gün sonra Ə.Həsənov gəlib dedi ki, Vüqar adlı şəxsdən bu məbləği ala bilər. Buna görə də Vüqara 10-12 faiz xeyir verilməlidir. Vüqar bizim işlədiyiniz firmalardan birinin rəhbəri idi və münasibətləri yaxşı idi. Hətta Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Çünki o zaman Hüseynqulu Bağırov nazir idi və istədiyini edə bilirdi.

Əkbər pulu alıb nazirə verdi. Sonra biz xərcləri qaytarmaq üçün kartların sayını atırdıq. Bütün işçilərin də bir siyahısı olub və hamısını da Əkbər imzalayıb. Siyahının sonunda da ümumi ayrılan məbləğ yazılırdı. Amma indi deyir ki, 80 nəfərin adına maaş yazılmasında xəbərsizdir.

Mən dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu verə bilməyəcəyik. Əkbər dedi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov demişdi ki, yenidən nazir seçilsə, pulu tam olaraq qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra Hüseynqulu Bağırov işdən çıxarıldı.

Onu da deyim ki, Əkbər hər ay kartlardan çıxarılan pullardan 10 min manatı nazirə çatdırırdı. Ona görə də bizim işimizdə heç bir problem olmurdu.

Yeni nazir gələndə işlər qarışdı. Biz tələsirdik ki, aldığımız borcu qaytaraq. Özümüzə qazanc belə götürmürdük.

Yeni nazir dedi ki, heç bir qanunsuz iş görülməsinə icazə verilməyəcək. Audit yoxlamalarından sonra bu məsələlər üzə çıxdı”.

O qeyd edib ki, bu məsələləri mediaya açıqlayacağını dedikdən sonra H.Bağırov dəymiş zərələ bağlı Ə.Həsənovun adından 300 min manat ödəyib, qalanını isə söz versə də ödəməyib.

İ.Hacıyev ifadəsində Departamentdə çalışdığı müddətdə nazirin bir çox qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini də açıqlayıb. O bildirib ki, söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları var.

Proses davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

İttihama görə, 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə - direktor və direktor müavini işləyən Ə.Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq, külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

Zərərçəkən 27 nəfər də əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir. 

              

NUH informasiya agentliyi səhifəsindən çap edilib