Dərc edilib: 12-03-2020

https://www.nuh.az/23245-.html

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə MÜSAHİBƏ

12.03.2020 19:06:46

Müsahibə

Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun

partiyanın Mətbuat Xidmətinə müsahibəsi

 

            Teyyub bəy! Növbədənkənar seçkilər nəticəsində formalaşmış VI çağırış Milli Məclis öz fəaliyyətinə başladı. Təkamül Partiyası olaraq Sizin bu tərkibdə formalaşmış Milli Məclisdən gözləntiniz necədir?


             Təəssüf ki, Milli Məclisin yeni tərkibdə, ölkədə aparılan islahatlara daha çevik dəstək verilməsi məqsədi ilə formalaşdırılmasını nəzərdə tutan, 9 fevralda keçirilmiş növbədənkənar seçkilər də, əvvəllər olduğu kimi, qüsursuz ötüşmədi. 4 dairədə seçkilərin nəticələrinin bütövlükdə,  digər dairələrin çoxsaylı seçki məntəqələrinin nəticələrinin qismən ləğv edilməsi bunu açıqca göstərdi. Uzun illər Milli Məclisdə təmsil olunan, millət vəkili kimi öz vəzifələrinə laqeyd yanaşan, seçicilərin rəğbətini itirmiş bəzi “köhnələrin” yenidən millət vəkili təyin olunması da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Fikrimizcə, 700 mindən çox üzvü olduğunu bəyan edən YAP onların əvəzinə başqa nüfüzlu üzvlərinin namizədliyini irəli sürə bilərdi. Hər halda reallıq budur. Və istənilən siyasi fəaliyyət də reallığı nəzərə alaraq həyata keçirilməlidir. Ümid edirik ki, Milli Məclisin rəhbərliyinə yeni, daha hazırlıqlı  şəxslərin, komitələrin sədr müavinləri postuna müxalifət partiya təmsilçilərinin seçilməsi xalqımızın Milli Məclisdən gözləntilərini doğruldacaqdır.

            Biz, Təkamül Partiyası olaraq, sosial-iqtisadi sahələrdə ölkəmizdə aparılan islahatları dəstəkləmişik, bu sahələrdə olan qüsurları obyektiv mövqedən tənqid etmişik, onların daha  geniş olması üçün doğru bildiyimiz təklifləri irəli sürmüşük. Və hesab edirk ki, siyasi sahədə islahatlar aparılmadan sosial-iqtisadi sahələrdə aparılan islahatlar tam ola bilməz. Fikrimizcə, Milli Məclisin rəhbərliyində müxalifər partiyaların nümayəndələrinin təmsil olunması siyasi sahədə islahatlara start verilməsi kimi qəbul oluna bilər. Prezident Milli Məclisdəki çıxışında indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatların da vacibliyini, siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan mümkünsüz olduğunu  və hakimiyyətin heç bir ilkin şərt olmadan  siyasi qüvvələrlə danışıqlara start verdiyini söyləmişdir. Bildiyiniz kimi, Prezident Administrasiyasının strukturunda “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi” yaradılmışdır. Təqdirə layiq haldır ki, çağdaş Azərbaycan tarixində ilk dəfə olaraq şöbənin müdiri, hörmətli Ədalət müəllim Vəliyev mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyaların, o cümlədən Təkamül Partiyasının, liderləri ilə qeyd-şərtsiz görüşlər geçirmişdir və bu görülər davam edir. Bu görülər hələlik ilkin, tanışlıq xarakreti daşıyır. Hesab edirik ki, bu görüşlərin nəticələri ölkəmizdə siyasi islahatların daha geniş həyata keçirilməsinə təkan verəcəkdir.

 

            Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin ilk iclasında geniş nitq söyləmişdir. Sizin buna munasibətiniz necədir?


            Prezident İlham Əliyevin Milli Məclisdə çıxışını proqram xarakterli çıxış hesab etmək olar. Prezident öz çıxışında ölkəmizdə və xaricdə baş verən hadisələri geniş işıqlandırmış, dövlətimizin gələcək inkişafı naminə Milli Məclisdən, hakimiyyət strukturlarından, siyasi partiyalardan, bütövlükdə xalqımızdan nəyi gözlədiyini açıqlamış və öz tövsiyyələrini vermişdir. Fikrimizcə, hər kəs, xüsusilə müxalifət partiyaları, bu tövsiyələrdən düzgün nəticə çıxarmalıdır. Məlumdur ki, müxalifət partiyaları ona görə müxalifətdədirlər ki, mövcud hakimiyyətin, onun ayrı-ayrı strukturlarının sosial-iqtisadi, siyasi və s. sahələrdə fəaliiyətini qənaətbəxş hesab etmirlər və qüsurları tənqid edirlər. Prezidentin çıxışından göründüyü kimi, o, reallığa söhkənən, nöqsanların aradan qaldırılmasına, inkişafa təkan verərəcək  konstruktiv tənqidin tərəfdarıdır, reallığa söykənməyən, milli və dövlət maraqlarımıza zidd fəaliyyəti yolverilməz hesab edir. Təkamül Partiyası olaraq hesab edirik ki, bu düzgün yanaşmadır və biz öz fəaliyyətinimizdə məhz bu mövqedən çıxış edirik. Başqa məsələdir ki, indiyədək  konstruktiv mövqedən çıxış edən müxalifət partiyalarının, o cümlədən Təkamül Partiyasının, reallığa söykənən  tənqidi fikirləri, nöqsanların aradan qaldırılması üçün irəli sürdüyü təklifləri, məhz müxalifətdə olduqları üçün, nəzərə alınmırdı, əksinə, bu mövqelərinə görə onlar təqib olnurdu və olunurlar. Milli Məclisdəki çıxışında Prezident  qeyd etmişdir ki: “Prezident  Administrasiyasında indi tam başqa bir vəziyyət var.  Şikayət məktublarını əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur”. Hesab edirik ki, xüsusilə də Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilən istənilən səviyyəli məmurların qanunlara zid fəaliyyəti haqqında məlumatlar, şikayətlər şəxsən ona çatdırılmalıdır. Təbiidir ki, biz bunun reallaşacağını gözləyirik. Bəzi məmurlar elə hesab edirlər ki, Prezident onları vəzifəyə təyin edəndə eyni zamanda onlara toxunulmazlıq hüququ da verir. Bu streotipə də son qoymaq lazımdır.

 

            Teyyub bəy! Koronavirusun yayılması təkcə insanlara deyil, iqtisadiyyata da ziyan vurmaqdadır. Artıq dünyada iqtisadi böhranın baş verməsinin təzahürləri görünməkdədir. Sizcə Azərbaycanda iqtisadi böhran baş verə bilərmi, milli valyutamız daha da uçuzlaşa bilərmi?


            Koronavirusun yayılmasının qarşısının alınması üçün bu virusun yayıldığı ölkələr, o cümlədən Azərbaycan, bütün lazımi tədbirləri görürlər və inşaALLAH tezliklə onun qarşısı alınacaqdır. Həyata keçirilən tədbirlər sırasında xarici iqtisadi əlaqələrin məhdudlaşdırılması, sərhədlərin müvəqqəti bağlanması da müşahidə edilməkdədir və bu təbii qarşılanmalıdır. Qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi şübhəsizdir ki, ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcəkdir, xüsusilə iqtisadiyyatı neft ixracından asılı olan Azərbaycan kimi ölkələr üçün. Bildiyiniz kimi, ölkəmizin 2020-ci il üçün dövlət büdcəsi neftin bir barrelinin 55 dollar olacağına hesablanmışdır. Hakimiyyət nümayəndələrinin qeyd etdiyi kimi, hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək. Azərbaycan dövləti neftin qiymətinin 30-35 dollara qədər azalacağı təqdirdə də, iqtisadi dayanıqlığın təmin edilməsi üçün müvafiq plana malikdir. Hesab edirəm ki, neftin indiki səviyyədə aşağı düşməsi yaxın 3-4 ay ərzidə Azərbaycan iqtisadiyyatında, milli valyutamızın dəyərində ciddi azalmalara səbəb olmayacaqdır. Azərbaycanın malik olduğu maliyyə imkanları iqtisadiyyatın dayanıqlığının təmin olunmasına imkan verəcəkdir. Fikrimcə, neftin qiymətinin aşağı düməyə meyl etməsi uzun sürməyəcəkdir və yaxın günlərdə əks meylin baş verəcəyini görəcəyik.

            Hesab edirəm ki, dollar-manat qarşılığında müşahidə edilən ajiotaja da ehtiyac yoxdur. İstənilə halda manatın devallvasiyası baş verməyəcəkdir, ola bilər ki, dollara nisbətən 2-3% ucuzlaşma olsun. Amma fürsətdən istifadə edən bəzi işbazlar istehlak mallarının pərakəndə satış qiymətlərinin qaldırılmasına cəhd edə bilərlər. Hakimiyyət yetgililəri bunun qarşısının alınması üçün müvafiq təsirli tədbirlərin görüləcəyini bəyan edirlər və buna inanmaq istərdik.

 

            Teyyub bəy, ticarət şəbəkələrində bəzi istehlak malları üzrə qıtlığın yarandığı haqda fikirlər söylənilir. Sizcə həqiqətən qıtlıq yarana bilərmi və onun qarşısını necə almaq olar?


            Təəssüf ki, Azərbaycan iqtisadiyyatı xeyli dərəcədə idxaldan asılı vəziyyətdədir. Xarici iqtisadi əlaqələrin qismən məhdudlaşdırılması təbiidir ki, idxala mənfi təsir göstərə bilər. Ancaq bu təsirin nəzərəçarpacaq dərəcədə olacağını söyləmək olmaz. Ona görə də, narahatçılığa əsas yoxdur. Ancaq, necə deyərlər, hər şərdə bir xeyir də vardır. Yaranmış vəziyyət istehlak malları istehsal edən milli strukturlarımızın inkişafına təkan verə bilər. Buna yardım etmək üçün hökumətin maliyyə-kredit siyasətində əsaslı dəyişikliklərin edilməsinə,  xüsusilə bank sektorunun dövlət məmurlarından asılı vəziyyətinə son qoyulmasına, kölgə iqtisadiyyatına, korrepsiyaya qarşı mübarizənin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli maliyyə-iqtisadi mühitin yaradılmasına ehtiyac vardır. Ölkəmizdə mövcud olan iqtisadi potensial istehlak mallarına olan tələbatın milli istehsal hesabına ödənilməsi üçün kifayət həcmdədir. Əsas məsələ bu potensialdan səmərəli istifadə yollarının düzgün seçilməsindən ibarətdir.

 

            Teyyub bəy! Belə fikirlər səslənir ki, koronavirusa qarşı mübarizə Qarabağ probleminin həllini arxa plana çevirə bilər, bu problemin 2020-ci ildə də aradan qaldırılmasına mane ola bilər. Belə fikirlərə münasibətiniz necədir?


            Koronovirusun yayılması, qarşısı alınmazsa, təbbidir ki, ciddi problemlər yarada bilər. Ancaq bu, Qarabağ probleminin həlli ilə bağlı tədbirləri, hərəkətləri arxa plana çevirməməlidir və fikrimcə, çevirmir də. Başqa məsələdir ki, biz, Azərbaycan olaraq, bu problemin həlli üçün bütün mümkün vasitələrdən tam istifadə edirikmi? Hesab edirəm ki, etmirik. Hər şeydən göründüyü kimi, ermənilər nəinki Dağlıq  Qarabağı, heç işğal edilmiş ətraf rayonları da azad etmək fikrində deyillər. Ona görə də, bu rayonlarda quruculuq-abadlıq işlərini, məskunlaşmanı getdikcə genişləndirilər, yeni-yeni kəndlər salır, işğal edilmiş şəhərləri bərpa edirlər, kilsələr, məktəblər, otellər, istirahət məkanları, geniş yollar və s. tikirlər, təbii sərvətlərimizi vəhşicəsinə istismar edirlər, tarixi abidələrimizi məhv edirlər. Onlar torpaqlarımızı nə zamansa azad edəcəklərini düşünsəydilər belə geniş işləri həyata keçirməzdilər. Bəs biz nə edirik? Heç nə! Seyr edirik! Ermənilər isə azad şəkildə müxtəlif  səviyyəli seçkiləri keçirirlər. Biz yenə də seyr edirik, belə hərəkətlərin yolverilməz olduğu barədə bəyanatlar verirk-vəssalam! Ordumuzun gücünə görə dünyada 50-ci, ermənilərin -96-cı yerdə olduğunu qeyd etməklə fəxr edirk. Nə olsun? Bu üstünlüyümüzdən istifadə etməyəcəyiksə onun  nə əhəmiyyəti var? Hesab edirəm ki, bizim Azərbaycan dövləti olaraq  qəti söz deməyimizin, bu qəti sözdən əməli fəaliyyətə keçməyimizin zamanı çoxdan gəlib!

 

                                                                                                                      12 mart 2020-ci il.

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib