Dərc edilib: 13-03-2020

https://www.nuh.az/23264-.html

"LEŞ" azadlığa çıxır

13.03.2020 16:28:20

Reportaj

"Leş"  sözü dilimizdə  ölmüş heyvan cəsədi mənasını daşısa da əslində bugünkü Azərbaycan reallığında leş daha geniş sahəni əhatə edir. Yəni bütün sahələrdə  "leş"lər var: müxalifətdə, iqtidarda, məmurlar arasında, təhsildə, səhiyyədə, mediada və digər sferalarda. Bu gün ölkə başçısı səviyyəsində həyata keçirilən islahatlar, radikal dəyişiklər əslində "leş"lərdən azad olmaq, obrazlı desək cəmiyyəti bu "leş"lərdən, xəstə  ünsürlərdən təmizləməkdir. Bu istiqamətdə cənab nazir  Vilayət  Eyvazov başda olmaqla Daxili İşlər Nazirliyinin sözün geniş mənasında "leş mafiyası"na  qarşı həyata keçirdiyi cəsarətli əməliyyat  Azərbaycanın müstəqillik tarixində ən uğurlu əməliyyatlardan biridır. Heç bir  pafosa yol vermədən bunu tam məsuliyyətimlə deyirəm. 

 

Buna görə, bir  Azərbaycan vətəndaşı olaraq şəxsən öz adımdan cənab nazirə və DİN əməkdaşlarına təşəkkür edirəm. Ancaq ortaya xeyli suallar çıxır: 

 

1. Bir gündə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilibsə, görün illər uzunu  bu dəstə Azərbaycan vətəndaşlarına nə qədər xəstə heyvan cəsədi, at-eşşək əti yedirib? Söhbət 100 tonlardan gedir...

 

2. Axı bu boyda şəbəkədən bəzi səlahiyyət  sahiblərinin necə  xəbəri olmaya bilərdi ?

 

3.Yüz tonlarla  xəstə heyvan cəsədini, at-eşşək ətini  "əritmək", realizə etmək illər  uzunu necə mümkün olub ? 

 

4. Axı, 100 tonları  satmaq üçün böyük bir ictimai-iaşə şəbəkəsinə, restoranlara, şadlıq evlərinə, kafelərə, dönərxanalara, uşaq bağçalarına ehtiyac vardı. 

 

Bir daha tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, "leş mafiyası"  Hacı Məmmədovun killer şəbəkəsindən qat-qat daha təhlükəli olub. Killer şəbəkəsi  5-10 nəfərin canına qəsd edibsə, "leş mafiyası"  yüz minlərlə vətəndaşımızın sağlamlığını məhv edib. 

 

 Bəli, dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.Təəssüf ki, bugünədək  murdar, xəstə  ət alan restoranların və  sahibkarların adları açıqlanmayıb. 

 

Bu barədə  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  mediaya  deyib ki, “Leş Tofiq”in ifşasına görə Daxili İşlər Nazirliyinə təşəkkür edirəm: "20 ilə yaxındır ki, bu adamlar belə işlərlə məşğul idilər. Mən vaxtilə onların barəsində ölçü götürülməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmışdım. Lakin ölçü götürən olmamışdı. Ən nəhayət, Daxili İşlər Nazirliyi çox mühüm bir əməliyyat keçirdi. ”Leş Tofiq"i saxlayıblar, indi ondan soruşmalıdırlar - 20 ildir murdar ətləri, at-eşşək ətlərini  hansı şəbəkələrə satırdın?  Bu çox vacib sualdır və cavabı da geniş ictimaiyyətə açıqlanmalıdır. Əks təqdirdə  yeni  ”leş tofiqlər" yaranacaq". 

 

NUH.az saytı olaraq  metronun Elmlər Akademiyası, Xətai və digər stansiyalar ətrafında fəaliyyət göstərən dönərxanalarda, kefelərdə, iaşə müəssisələrində apardığımız araşdırma zamanı bəlli oldu ki, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri xeyli qalxıb. Bir daha  qeyd edirəm ki, ölkə ictimaiyyəti  "leş mafiyası" ilə mübarizədə  Daxili İşlər Nazirliyinin işinə dəstək verməlidir. 

 

Sonda onu bildirək ki, NUH.az-a daxil olan məlumata görə, Leş Tofiq  həbsxanadan onunla şərik olan kafe, dönərxana, restoran sahiblərinə "ultimatum" göndərib ki, mənim azad olunmağıma kömək edin, yoxsa "açacam sandığı tökəcəm leşləri". Deyəsən, "leş mafiyası"  yaxın zamanda  "Leş Tofiq"i azadlığa çıxaracaq. 

 

 

    NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli  


NUH informasiya agentliyi səhifəsindən çap edilib