Dərc edilib: 15-03-2020

https://www.nuh.az/23297-.html

“Uşaqlara əlini yumasan, ölə bilərsən, deməyin” - PSİXOLOQ

15.03.2020 09:10:21

Müsahibə

Dünyanı cənginə alan koronavirus pandemiyası ölkələri bu xəstəliklə mübarizə məqsədilə bir çox qabaqlayıcı tədbirlər görməyə vadar edir.

 

Azərbaycandada koronavirus təhlükəsinə qarşı önləyici tədbirlər görülməyə davam edir. Artıq ölkədə bununla bağlı bir aylıq xüsusi rejimə keçilib.

 

Virusla əlaqədar təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması uşaqlarda vəziyyətlə bağlı suallar yaradır. Belə hallarda internetdə yayılan və həqiqəti əks etdirməyən informasiyalar isə narahatlığı daha da artırır və uşaqları bu cür informasiyalardan uzaq tutmağın vacibliyini önə çıxarır.

 

Bəs valideynlər mövcud vəziyyəti uşaqlara necə izah etməlidir? Azyaşlılara virus haqqında məlumat necə verilməlidir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Nuriyyə Quliyeva bu məsələdə valideynlərin rolunu xüsusi qeyd edib:

 

“Valideynlərin öhdəsinə böyük məsuliyyət düşür. Çünki uşaq evdə, ailədə nə görürsə, ona təsir edir. Əgər ailə təşvişlidirsə, tez-tez bu haqda danışırsa, əlbəttə ki, uşaq da bunu həyəcanla qəbul edəcək. Amma bu tərəfi də var ki, valideyn bu haqda məlumat da verməlidir. Ona görə azyaşlılar virusun yayılmasını bilmədikləri, yaxud da dəhşətli qəbul elədiyi üçün bu, gecə qorxularına kimi gətirib çıxara bilər. “Ata-anamı itirə bilərəmmi, özümə nəsə olarmı, xəstələnərəm, ölərəmmi?” kimi suallar verə bilərlər”.

 

Psixoloqvəziyyəti izah edərkən uşaqları qorxutmaqdan çəkinməyi tövsiyə edib:

 

“9-10 yaşdan yuxarı uşaqlar vəziyyəti daha aydın dərk edir və bunun nəyə gətirəcəyini bilirlər. Amma ibtidai sinif şagirdləri üçün bu daha çətindir. Ona görə də valideyn sadəcə bunu tədbir, gigiyenik qaydalara riayət etmək kimi qəbul etdirsin. “Bu, virusdur, bizi öldürər, əlini yumasan, sən də xəstələnəcəksən, ölə bilərsən” kimi ağır ifadələri qətiyyən istifadə etmək olmaz".

 

N.Quliyeva azyaşlıları məlumatlandırarkən virus sözünün çox işlədilməsini düzgün hesab etmir:

 

“Virus sözünü çox adlandırmaq lazım deyil. Çünki bu mücərrəd anlayışdır və uşaqlar 12-13 yaşa kimi bunu dərk etməkdə çətinlik çəkirlər. Azyaşlılara vəziyyəti izah etmək üçün demək olar ki, bu aralar qriplərə, boğaz ağrılarına çox adamda rast gəlinir deyə tədbirimizi əldən verməməliyik və bir müddət gəzməyə getməyəcəyik. Qrip olmamaq üçün özümüzü qorumalıyıq”.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib