Dərc edilib: 22-03-2020

https://www.nuh.az/23408-.html

Tarixdə ən çox insan öldürən xəstəliklər - 25 həftədə 25 milyon insan...

22.03.2020 09:47:21

Mədəniyyət

Müasir dünyada hər gün oyanıb, yeni bir xəstəliyə qarşı hansısa müalicə üsulu haqqında xəbərlər oxuyuruq. Bu il quş qripindən ölməkdən qorxuruq, sonrakı il donuz qripindən qorunmağa çalışırıq, daha sonra “Ebola” ilə necə mübarizə aparacağımıza dair xəbərləri izləyirik.


Bu dəfəki məqalədə sizə dünya tarixindəki ən çox ölümə səbəb olan xəstəliklər haqqında yazacam. AIDS, 1980-ci illərdə qarşılaşdığımız QİÇS hələ də sağalmaz bir xəstəlikdir və bu günə qədər 30 milyondan çox insanın ölümünə səbəb olub. İlkin olaraq, bu xəstəliyin daşıyıcılarının cinsəl yolla virusa yoluxan homoseksual kişilər və damara vurduqları iynələri ortaq istifadə edən narkotik istifadəçiləri olduğu düşünülsə də, sonradan Afrikadakı primatların da bu xəstəliyin daşıyıcısı olduğu öyrənildi.

HİV virusu səbəbiylə bədənin immun sistemi çökür, nəticədə bu xəstəlikdən əziyyət çəkən insan hətta çox sadə bir infeksiya səbəbindən belə həyatını itirə bilir. BMT-nin 2004-cü il hesabatına görə, 38 milyon insan HİV daşıyır, hər il 5 milyon insan bu virusa tutulur və 3 milyon insan QİÇS-dən ölür.

 

 

Əfsanəvi “Queen” qrupunun solisti Freddi Merkuri də bu xəstəliyin qurbanlarından biri idi. QİÇS müalicəsi tapılmayan və hələ də dünyadakı ən ölümcül xəstəliklərdən biridir.

Vəba bəşər tarixində ən ölümcül xəstəliklərdən biridir. Ləqəbi ara “Qara Ölüm”dür. Tarixdə bir neçə dəfə yayılaraq on milyonlarla insanı öldürüb. Orta əsrlərdə Çin və Orta Asiyada başlayan vəba, 1347-ci ildə Krımda bir ticarət mərkəzini mühasirəyə alan Monqol ordusunun, divarları dağıtmaq üçün istifadə olunan yaylı silahlar vasitəsi ilə vəbadan ölmüş insan cəsədlərini şəhərə atması ilə Avropaya yayıldı. Deyilənə görə, 1347-1351- ci illərdə Avropada hər üç adamdan biri bu xəstəlikdən ölmüşdü. Xəstəlik Orta Şərq, Hindistan və Çin də daxil olmaqla, təxminən 75 milyon insanın ölümü ilə nəticələnib. Daha sonralar vəba 19-cu əsrdə Çində təqribən 10 milyon insanı öldürmüş, 17-ci əsrdə isə Böyük Britaniyada əhalinin 15 faiz azalmasına səbəb olub. 

 

“Kolera” epidemiyası

Bu epidemiya son 200 ildə ortaya çıxmış və 7 dəfə geniş şəkildə dünyaya yayılıb, milyonlarla insanı öldürüb. İlk üç kolera epidemiyası 1817-1862-ci illərdə fasilələrlə baş vermiş və bütövlükdə 15 milyon insanı öldürüb. Növbəti 3 epidemiya isə 1860-1917-ci illərdə baş vermiş və bu dəfə 23 milyon insanın ölümünə səbəb olub. 1961-ci ilə baş verən son kolera pandemiyası daha az insanı öldürə bilib və tez bir zamanda məhv edilib. Bu pandemiya da digərləri kimi müharibələr, vətəndaş iğtişaşları və ya təbii fəlakətlərdən sonra şəhərlərin yerlə- yeksan olması səbəbindən su və qida təchizatının Vibrio virusu ilə çirklənməsindən baş verirdi.

XIX əsrdə yaşamış müasir anesteziya, tibbi gigeniyanın banilərindən olan alim John Snow (bəli, düz oxudunuz. Şimalın Kralı olmazdan qabaq alimlik edirmiş) bu xəstəliyi dərindən araşdıraraq kökünün çirkli sulardan qaynaqlandığını ortaya çıxarmışdı. Xüsusilə, insanların sıx yaşadığı şərait və keyfiyyətsiz kanalizasiya xəstəlik üçün münbit şərait yaradırdı. 

 

Qrip epidemiyaları


Qrip, çox qədim kökə malik olan bir xəstəlikdir. Hələ 2500 il əvvəl Hippokrat öz kitabında qripi "yoluxucu öskürək epidemiyası” kimi təsvir edirdi. İlk məlum qrip epidemiyası 1580-ci ildə Asiya qitəsində başlamış, əvvəlcə Afrika qitəsinə, sonra Avropaya, oradan da Amerikaya yayılıb. Təsirə məruz qalan ərazilərdəki insanların 90% -i xəstələnirdi və ölüm nisbəti çox yüksək idi. Tarix boyu dəfələrlə qrip geniş və öldürücü şəkildə yayılıb. Bunlardan ən dəhşətliləri aşağıdakılardır:

Rus Qripi- 1889-1890-cu illərdə Rusiyada yayılmış və təqribən 1 000 000 insanın ölümünə səbəb olub

Asiya qripi- 1956-cı ilin sonlarında Çinin Guizhou bölgəsində meydana gəlmiş və daha sonra Sinqapur, Hong-Kong və ABŞ-a yayılıb. Bəzi tədqiqatçılar qripin vəhşi ördəklərdən insanlara bir mutasiya şəklində keçdiyini söyləyirlər. Bu xəstəlik 2 000 000 insanının əcəli olub. 

“İspan atəşi”- 1918-1920-ci illərdə “İspan atəşi” dünyanı ağuşuna almış və həmin dövrdə bitməkdə olan Birinci Dünya Müharibəsindən daha çox adam öldürüb. Təqribən 18 ay ərzində 100 milyona qədər insanın yəni dünya əhalisinin 5 faizinin ölümünə səbəb olub. Hazırkı qrip epidemiyasını tutan hər 10.000 insandan biri ölür, “İspan qripi”ndə isə bu nisbətin 20% -ə çatdığı təxmin edilirdi. İspan qripi yayıldığı ilk 25 həftədə cəmi 25 milyon insanı öldürüb.

Müqayisə üçün deyim ki, 25 milyon ölümə QİÇS 25 ildə “nail olub”. Virus ilk dəfə 11 Mart 1918-ci ildə ABŞ-ın New-Mexico əyalətində təsbit edilib. Qrip 1918-ci ilin sentyabr-noyabr aylarında zirvə nöqtəsinə çatmış və Türkiyə daxil bütün dünya ölkələrinə təsir edib. Hətta deyilənə görə, Mustafa Kamal Atatürk də bu xəstəliyə yoluxmuş, amma sağalmağı bacarmışdı. Xəstəliyin “İspan atəşi” adlandırılmasının səbəbi heç də İspaniyada yaranması deyildi, Birinci Dünya Müharibəsində iştirak edən Avropa ölkələrində hərbi senzura səbəbiylə epidemiya mövzusuna aid mətbuatda heç bir yazı yazılmasına icazə verilmirdi. İspaniya isə birinci dünya müharibəsində iştirak etmədiyi üçün belə bir senzura yox idi və nəticədə xəstəlik haqqında dünyaya məlumat verən məhz İspaniya mətbuatı olmuşdu. Bu üzdən xəstəlik tarixə “İspan atəşi” olaraq keçdi. 

 

Su Çiçəyi 


Hazırda aramızda bu xəstəliyi tutan tanışımız olanda ona verdiyimiz ən “dəhşətli” xəbərdarlıq adətən “Qaşıma haa, sonra izi qalacaq yoxsa” olur. Halbuki bu xəstəlik yüz illər boyunca insan oğlunun ən böyük bəlalarında biri olub, yüz milyonlarla insanı öldürən, bəzi şəhərlərdə bütöv bir yaşamı məhv edən bir epidemiya idi. Xəstəlik 18-ci əsrdə hər il orta hesabla 400.000 insanın ölümünə səbəb olurdu. Eyni əsrdə təsbit edilən korluğun 70% -inin səbəBkarı da məhz Su çiçəyi idi. Xəstəliyə yoluxan yetkinlərin 20-60%-i , uşaqların 80% -i ölürdü. 20-ci əsrdə isə əhali sayının da artımı ilə ölümlər ağlasığmaz hal aldı.

1950-ci illərə qədər hər il 50 milyon insan bu xəstəliyə yoluxurdu. Təkcə 1967-ci ildə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 15 milyon insan bu xəstəliyə yoluxmuş və onlardan iki milyonu ölmüşdü. 19-cu və 20-ci əsrlərdəki peyvənd tədqiqatları və aparılan kampaniyalar sayəsində 1979-cu ilin dekabrında bu “insanlıq düşməninin” qarşısı tamamən alındı. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elə uğurlu bir peyvənd kampaniyası həyata keçirildi ki, bəşər tarixində 100% silinən, məhv edilən yeganə xəstəlik məhz Su çiçəyi oldu. Başqa sözlə, demək olar ki, virusun nəslini kəsdik və aktivləşməsi üçün yer buraxmadıq.

Gördüyünüz kimi, əsrlərlə insanların qanına susamış ən dəhşətli xəstəliklər, epidemiyalar məhz tibbin, elmin inkişafı ilə durdurulub. Gigiyenanın rəhbər tutulması, müxtəlif dərmanların ixtirası, alimlərin on illərlə tədqiat apararaq ixtira etdikləri peyvəndlər bu gün bizim bu xəstəlikləri keçirməməyimizə, keçirən zaman isə çox rahat şəkildə sağalmağımıza əsas səbəbdir. Bu səbəbdən də son dövrlərdə Azərbaycanda peyvəndlərə qarşı bir sıra insanlar tərəfindən aparılan cahilcə, savadsızca kampaniyalara fikir vermədən övladlarınızın peyvənd edilməsinə xüsusi diqqət yetirin və uşaqlarınızı tərəddüd belə etmədən peyvənd elətdirin. Məşhur bir filosof deyirdi ki, “insanlar min illərlə vərəmi lənətlədilər, bir nəticə vermədi, çünki çarəsi peyvənd idi”.

Kənan Quluzadə

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib