Dərc edilib: 25-03-2020

https://www.nuh.az/23455-.html

Teyyub Qənioğlu - Koronavirus göstərdi ki ...

25.03.2020 12:31:31

Cəmiyyət

Teyyub Qənioğlu 


Koronavirus göstərdi ki ...

 

Koronavirus pandemiyası  təəssüf ki, yayılmaqda davam edir.  Bir şey təmamilə aydındır: o da, başqa viruslar kimi uzun müddət davam etməyəcəkdir.  Ancaq bu virusun yayıldığı qısa müddət bəzi nəticələrə gəlməyə imkan verir.  Koronavirus göstərdi ki:

 

- bu tipli bəlaların geniş yayılmaması üçün Yer kürrəsi həddindən artıq kiçikdir.


- Yer kürrəsi bizim ümumi evimizdir, heç bir dövlət, cəmiyyət belə bəlalardan yan keçə bilməz.  Onlara yalnız birgə fəaliyyət, həmrəylik nəticəsində qalib gəlmək olar.

Təəssüf ki, koronavirusun can aldığı ölkə  demək olar ki, qalmayıb. O, bununla kifayətlənmir: dünya üzrə iqtisadi fəallıq azalıb, iqtisadi böhran qapı önündədir  və bu, az və ya çox dərəcədə, hər bir ölkəyə siyarət etməkdədir. İqtisadi böhranın ölkələrin milli iqtisadiyyatına, əhalisinin yaşayış səviyyəsinə təsir dərəcəsi dövlətlərin belə situasiyaya hazırlıq səviyyəsindən bilavasitə asılıdır. Təəssüf ki, iqtisadiyyatı neft və neft məhsullarının ixracından, eləcə də, həm istehsal istehlakı, həm də şəxsi istehlak mallarının idxalından asılı olan Azərbaycanda da iqtisadi böhranın ilkin təzahürləri görünməkdədir. Ümidvarıq ki, dövlət səviyyəsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizin bu böhrandan tez bir zamanda az itkilərlə çıxmasına imkan və zəmin yaradacaqdır. Koronavirus göstərdi ki, ölkəmizdə aparılan iqtisadi islahatların, xüsusilə də, qeyri-neft sektorunun inkişafı ilə bağlı, səviyyəsi qənaətbəxş deyildir. Fikrimizcə bu, əsasən, aşağıdakılarla əlaqədardır: qanunvericiliyin ziddinə olaraq ölkəmizdə məmur sahibkarlığının mövcudluğu və bu səbəbdən azad rəqabətin yoxluğu, inhisarçılığın geniş yayılması; bank sektoru üzərində məmur nəzarəti, bank sistemində azad rəqabətin təmamilə olmaması, bu səbəblərdən demək olar ki, bütün banklarda eyni olan yüksək faiz dərəcələri; sahibkarlıq fəaliyyətinə, xüsusilə regionlarda, dövlət məmurlarının əsassız müdaxilələri, qeyri-qanuni yığımlar, sahibkarlığın inkişafına əks təsir edən maliyyə çatışmazlığı (kreditlərin əlçatan olmaması), bürokratik maneələr; son zamanlar  həyata keçirilən tədbirlərə baxmayaraq korrupsiyanın və rüşfətxorluğun hələ də geniş yayılması, ancaq buna yol verən məmurların, himayədarlarına arxalanarq, adekvat məsuliyyətə cəlb edilməməsi, bu sahədə şəffalığın olmaması.

               Ancaq son zamanlar koronavirusla bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər  göstərir ki, yaxın zamanlarda yuxarıda qeyd edilən noqsanların da aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçiriləcəkdir. Milli iqtisadiyyatımızın inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün başqa yol yoxdur!

             P.S. Koronavirus səbəbindən müəyyən sahələrdə Azərbaycanda yaranmış çətinliklər tez bir zamanda aradan qalxacaqdır. Bunun tez baş verməsi üçün təkcə dövlət səviyyəsində həyata keçirilən tədbirlər kifayət deyildir. Hər bir vətəndaş bu sahəyə öz töhfəsini verməlidir və yəqin ki, verəcəkdir.

  

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib