Dərc edilib: 26-03-2020

https://www.nuh.az/23468-.html

Zakir Fərəcovla bağlı biabırçıliq

26.03.2020 09:20:02

LIVE

Tanınmış jurnalist Sumqayıtın icra başçısının keçmişi ilə bağlı maraqlı məqamlar açıqlayıb 

Prezident İlham Əliyev: “Vəzifəli şəxslərin uşaqları, yaxınları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək…”

İnternetdə axtarış verərkən ən çox rast olunan adlardan biri Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Bu da təsadüfi sayılmır. Adı qalmaqallarda, qətllərin sifarişində hallanan bu məmurun keçmişdəki və indiki fəaliyyəti o qədər qaranlıq və xoş olmayan hadisələrlə zəngindir ki, sadə vətəndaş da Fərəcov soyadlı icra başçısını tanımamış deyil.

Kimdir Zakir Fərəcov?

Zakir Fərəcovun keçmişinə və bu günkü fəaliyyətinə nəzər salmazdan öncə onun rəsmi sənədlərdə qeyd olunan tərcümeyi- halına diqqət edək:
Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Zakir Fərəcovu vəzifələrə aparan güc

Rəsmi qeydlərə nəzər yetirəndə Zakir Fərəcovun xoşbəxt anlarının 1999-cu ildən başlamış olduğunu görürük. Böyük bir şəhərin Bələdiyyə sədri olan şəxsin 6 il sonar icra başçısı təyin olunmasını təsadüf adlandırmaq sadəlövhlük olar. Təbii ki, Zakir Fərəcovun Sumqayıt şəhər bələdiyyəsinin sədri olduğu illərdəki fəaliyyəti də buna əsas vermir. Çünki, bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satdığı torpaqların mübahisəsi hələ də bitməyib. Bununla yanaşı sədr kimi rüşvəti birbaşa özü qəbul edənlərdən biri olaraq Fərəcovun şəhərdə qohumlarından başqa yaxşılıq etdiyi kimsəyə rast olmaq mümkün hal deyil.
Bələdiyyə sədri olarkən Sumqayıtda insanların problemlərinə biganə qalmaqla diqqət çəkən şəxsin sonradan İcra başçısı kimi mühüm bir vəzifəyə təyin olunmasına bir sıra səbəblər göstərilirdi. Xüsusən də onun bir çox qruplaşmalara bağlı olması fikri daha yayğın idi.

“Ehtiyat fondu” olan icra başçısı

Nəticədə arxasında böyük güc tapan Zakir Fərəcov rəqiblərini qabaqlayaraq ilk addımını atmış oldu. 2005-ci ildə Abşeron icra hakimiyyətinin başçısı təyin olunan bu şəxs rayonda qanundan kənar qərarları və tapşırıqları həyata keçirməkdə çətinlik çəkmədi. Hətta bəzi şikayətçilərlə kriminal aləmə xas olan dillə danışan Fərəcovun uzaq keçmişindəki adətlər də Abşeronda yada salındı.
İcra başçısının torpaqların satışı zamanı kütləvi rüşvət toplama əməliyyatı rayon sakinlərinin etirazına səbəb olsada narazılıq edənlər ən qəddar yolla susduruldu . Bundan başqa iri və xırda oyektlərin sahiblərini hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağıran Zakir Fərəcov tələblərini irəli sürürdü. Bu tələblər obyektlərin ölçüsündən asılı olaraq icra başçısının “ehtiyyat fonduna” və ya şəxsi büdcəsinə müxtəlif məbləğdə pulların ödənilməsindən ibarət idi. Etiraz edən və ya “yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi. Məhz müxtəlif qanunsuz yollarla istəyinə çatan Zakir Fərəcovu çox əsəbləşdirənlər daha ağır cəzaya məruz qalırdılar. Necə ki, Saray bələdiyyəsinin sədri cəzalandırıldı.

Amansız qətlin sifarişçisi kimdir?

8 iyun 2015-ci ildə Azərbaycanda amansız qətl hadisəsi baş verdi. Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirildilər. Hadisə gecə saatlarında onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb. Belə ki, qatillər bələdiyyə sədrinin başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırmışdılar.
Ölkə mediasında bu dəhşətli qətllə bağlı geniş məlumatlar verilib. Mediada, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başlayıb. Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu.
Araşdırmalar nəticəsində məlum olur ki, Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib. Fədail və Vüqar qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, ötən il mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxılıb. Z.Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir.

Qətldə şübhəli bilinənlər necə təmizə çıxdı?

Deyirlər bəzi məmləkətlərdə qanun hörümçək toru kimidir. Zəiflərin ilişib qaldığı toru Fərəcov kimilər deşib keçir.Amansız qətldə şübhəli bilinən Zakir Fərəcov və qohumları Prezidentin tapşırıqlarına və xəbərdarlıqlarına məhəl qoymamaqda davam edirlər. Əgər elə olmasaydı bu məmur öz yaxın qohumu- bacısı oğlu Elgiz Fərəcova böyük səlahiyyət verib qanunsuz əməllərinə sahib çıxmazdı. Hətta törətdiyi qanunsuz əməllərə, vətəndaşları aldatdığına və dələduzluq etdiyinə görə həbs olunan birinə sahib çıxıb və həbsdən sonra ona daha böyük səlahiyyət verməzdi. Nəzərə alsaq ki, Elgiz Fərəcov dayısının xeyir-duası ilə silahlı qoçu dəstəsi saxlayıb və dəstə bir ailəni qətlə yetirib. Yuxarıda qeyd etmişdim ki, Zakir Fərəcovun keçmişdən gələn və indi də hörmət bəslədiyi bir adəti var. Bu adətə görə qoçuluq və ya quldurluq edib qanunları tanımayan şəxslərə hörmətlə yanaşmaq lazımdır.

Zakir Fərəcov Prezidentin xəbərdarlığını unudub

Məhz bacısı oğlunun da bu cür yetişməsində maraqlı olan icra başçısı ölkə başçısının onun kimi məmurlara xəbərdarlığına məhəl qoymamaqdadır. Həmin xəbərdarlığın qısa bir hissəsini Fərəcovun diqqətinə çatdırmağı özümə borc bilirəm: “Vəzifəli şəxslərin uşaqları, yaxınları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək…”
Ola bilsin ki, Zakir müəllim bu xəbərdarlığı unudub. Unudubsa belə bu yenə saymamazlıq hesab olunur. Ölkə başçısının xəbərdarlığına məhəl qoymayaraq yenə öz bacısı oğlunun qudurğanlığına şərait yaradan icra başçısı hələ ki, cəzalardan yaxasını qurtara bilir. Kiminsə qohumu olduğunu deyib istədiyini etmək, hazırda isə Sumqayıtda qanunsuz əməllərini davam etdirmə səlahiyyəti qazanan Zakir Fərəcovun bir gün qanunla cəzalanacağına əminəm. Kimlərləsə yaxını olmaq qanunları tapdalamaq səlahiyyətini heç kimə vermir. O cümlədən Fərəcovlara…/jam.az

Ardı var.

P.S. Yazıda dərc olunmuş fikirlər müəllifin şəxsi mülahizəsidir. Qarşı tərəfi də dinləməyə hazırıq.

(7news.az)

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib