Dərc edilib: 04-04-2020

https://www.nuh.az/23622-.html

Koronavirusun dili olsa, Zakir Fərəcova nələr deyər

04.04.2020 21:36:29

LIVE

Koronavirus adlı bəla dünyanı cənginə alıb. Hamı elliklə bu bəlaya qarşı mübarizəyə qoşulub. Vətəndaşların hərəkəti xeyli dərəcədə məhdudlaşdırılıb, 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub, insanların kütləvi toplanması, iclaslar, toplantılar demək olar ki, yolverilməzdir. Bu boyda həngamələr elə bil Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun vecinə də deyil. Elə bil fil qulağında yatıb. 

Ötən yazımızda Zakir Fərəcovun icra hakimiyyətində böyük bir toplanrı keçirməsi ilə bağlı bəhs etmişdik və toplantıdan şəkil də paylaşmışdıq. Həmin toplantıya görə Zakir Fərəcovun yuxarıya çağırılıb tənbeh edilməsini də qeyd etmişdik. Bütün bunlar deyəsən Zakir Fərəcova dərs olmayıb. 


Bu gün əlimizdə olan fotodan bəlli olur ki, Zakir Fərəcov nağıllardakı kimi altdan geyinib, üstdən geyinib ağzına da bir maska taxıb Sumqayıtın küçələrində  vətəndaşlara koronavirusun qorxulu olması barədə mühazirə oxuyur.

 Birincisi, Zakir Fərəcovun yaşı çoxdan 65-i keçib. Belə olan halda NK-nin müəyyən elədiyi qaydanı Zakir Fərəcov niyə pozur? Axı, bu yaşın sahibləri vəzifəsindən asılı olmayaraq evində oturmalıdır. Əslində Zakir Fərəcov çoxdan evində oturmalı, nəvələrinə nağıl danışmalı idi. Amma cənab Fərəcov evdə oturmaq istəmir, kreslodan möhkəm yapışıb əl çəkmək istəmir. 

İkincisi, Fərəcov  koronavirus haqqında sakinlərə qorxulu nağıllar danışır. Koronavirusun dili olsa dillənər ki, ay Zakir, sən məndən daha qorxulu və təhlükəlisən, mən adamların canını alıram, sən isə adamların canını da alırsan, malını-mülkünü də alırsan, hələ adamları həbsxanaya da basdırırsan.

İndi de görüm hansımız daha qorxuluyuq ? 

Koronavirusun dili olsa deyər ki, ay Zakir, mən sənin kimi yüzlərlə insanı gecə-gündüz işlədib halal əmək haqqlarını vermirəm ? 

Sən milyonlarla borcunu 3 ildir  qaytarmaq istəmirsən, hərəni bir cürə aldadırsan, mən isə heç kimə yalan danışmıram, heç kimə borcum yoxdur. 

Koronavirusun dili olsa, deyər ki, ay Zakir, Allahın olsun, yekə kişisən, apar camaatın halal pullarını qaytar, insanları bayram günü ruzisiz  qoyma, Allah səni cəzalandırar.

Koronavirusun dili olsa....ehh Zakir Fərəcova nələr deyər...



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib