Dərc edilib: 06-04-2020

https://www.nuh.az/23661-.html

Süleyman Rəhimovun oğlu: “O itki atamın belini sındırdı”

06.04.2020 23:11:36

Müsahibə
Kulis.az "Atamın xatirəsi” layihəsindən Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla müsahibəni təqdim edir.

- Atanızın xeyirxah adam olduğunu deyirlər.

- Süleyman Rəhimov həmişə cavanların tərəfində durub. Bir dəfə qurultayda məruzəçi kimi Mirzə İbrahimov onu qoymaq istəyib. Razılaşmayıb. Deyib, mənim yerimə qüdrətli şair Bəxtiyar Vahabzadə məruzəçi olsun. Onda Bəxtiyarın 20-21 yaşı olardı...
- Cavanlara qol-qanad verib.

- Həmişə. Özü də Mərkəzi Komitəylə cavanların üstündə davası düşürdü. Onların tərəfini saxlayırdı. Bu da rəhbərliyin xoşuna gəlmirdi.
- Çoxlarına da əl tutub...

- Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma iş verib. Mədəni Maarif Komitəsinin sədri olduğu vaxtı.

- Xeyirxahlığından başqa atanızdan nələr yadınıza düşür?

- Çox zəhmətkeş idi. Yadımdadır, bir dəfə ona dedim, dədə - biz ona dədə deyirdik, - sən o qədər gözəl insansan ki, Allahın sənə yazığı gəlib, sənə yazmaq istedadı verib. Gülmüşdü sözümə. Çox əziyyətlər çəkmişdi. Başına min cür oyun gətirmişdilər. Deməli, 8 dəfə "KQB” orqanları onu dala-qabağa çəkiblər. Heç bir günahı da yox idi. Hər dəfə gedib və tərtəmiz də qayıdıb. Ona görə də bizi şikəst böyüdüb.
- Nə mənada şikəst?

- Yaxşı mənada. Yəni təmiz böyüdüb. Saf.

- Dörd oğlu, iki qızı var idi. Hə?

- Hə. Ən böyük Oqtay. Sonra Şamo, Şəfiqə, Arif, Rəfiqə. Ən balacası da mən. Sonbeşik.
- Və sağ qalan da sizsiniz...
- Hə. Damazlıq (gülüşmə). Hamısı rəhmətə gedib. Bircə mən qalmışam.
- Sizə qarşı, uşaqlarına qarşı münasibəti necə idi?
- Çox mülayim kişi idi. Çox e, çox. Hələ bizə əlini beləcə də vurmayıb (əli ilə üzünə sığal çəkir).

- Heç vurmayıb yəni? Şillə də yox?
- Qəti! Deyirəm axı, heç əli də toxunmayıb. Bununla bağlı maraqlı bir xatirə danışım. Şair Aslan Aslanovun yubileyi idi. Atam nəvəsini də özü ilə götürüb getmişdi yubileyə. İlk nəvəsiydi özü də. Uşaq yubileydə masanın altına girdi, gah ordan çıxdı, gah burdan. Onda atam ona eləcə üzünə yavaşca... bax belə (bayaqkı hərəkətini təkrarlayır) vurdu. Uşaq da güldü və getdi. O boyda masa açılmışdı, xeyli də adam yığılmışdı. Atam buna fikir vermədən etdiyi hərəkətdən peşman oldu və əlini bərkdən divara vurdu. Dəfələrlə. Dedi, əlim qurusun mənim, əlim.
- Qəribədir...
- Deyirəm də, çox qəribə adamıydı. Sizi inandırım, vurmaq deyirsiniz, atam bizə güldən ağır söz də deməyib.
- Amma şəkillərdən baxanda adama zəhmli biri kimi gəlir. Onu görənlər də dediyimi təsdiqləyər...
- Yox e... Onunla bərabər işləyən qadınlar necə mülayim biri olduğunu danışıblar. Amma kiminsə qabağından qaçan kişi də olmayıb. Bazburutlu, sözübütöv kişiydi.

- Sizə heç qadağa qoyurdu?
- Qətiyyən! Heç bilmirdi biz neçənci sinifdə oxuyuruq.
- Maraqlanmırdı dərslərinizlə?
- Maraqlanırdı, əlbəttə. Necə deyim...

- Azadlıq vermişdi sizə?
- Azad da yox. Onun xasiyyəti bu cür idi. Düşünürdü ki, uşaqdı, oxuyur özü üçün. Valideynlər iclasına bizim bir valideynimiz də getməyib.
- Heç birinə?
- Heç birinə.

- Bəs evə gec gəlməyiniz problem yaratmırdı? Yaxud da başqa bir səhv hərəkətiniz...
- Heç vaxt. Yadıma düşmür ki, problem yaratsın. Sizə bir xatirə danışım. Deməli, böyük qardaşımın dörd uşağı var. Bir dəfə gecə atam onlara zəng elədi. Telefonu gəlin götürdü. Atam soruşdu ki, Oqtay hardadır. Qız dedi, gəlməyib evə. Atam dedi, gələndə deyərsən mənə zəng eləsin. On dəqiqədən sonra Oqtay zəng vurdu. Mən ilk dəfə atamdan belə bir söz eşitdim: "Yekəbaş, hardaydın?” Oqtay da söz qaytarmır, amma telefonda şikayətlənir ki, dədə, artıq mənim dörd uşağım var e... Saat da 12-yə işləyir... Bax atamın belə qəribə xasiyyəti vardı...

- Bu hadisədən hiss olunur.
- Hə. Bir dəfə atamın yanına biri gəlmişdi ki, məni işdən çıxarıblar, kömək elə geri qayıdım. Ət kombinatının müdiri idi. Qolunu da cibgirlikdə itirmişdi, yalandan deyirdi, müharibədə itirmişəm. Uzun əhvalatdır. Amma bir onu deyim ki, yanına gələn adama – tanıdı, ya tanımadı, güvəndi, ya güvənmədi – yox demirdi.
- Dediniz, qadağaları yox idi. Bəs siqaretə, içkiyə münasibəti necəydi?
- Bizim içərimizdə bircə nəfər siqaret çəkirdi – o da Şamo.
- Atanız bilirdi çəkdiyini?
- Yəqin ki, bilirdi. Atamda zorla nəsə etmək yox idi. Sadəcə məsləhət eləmişdi ki, ziyandı, çəkməsən yaxşıdır.
- Özünün içkiylə, siqaretlə arası necəydi?
- Çəkmirdi. Amma içki hərdən içirdi. Konyak, ya da tut arağı.
- Başqa yazıçı-şairlər kimi çox içən olmayıb deyəsən.
- Yox, yox! Bizə Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Rahim qonaq gələrdi, məclis qurulardı. Onlarla az-maz vurardı. Anam da yaxşı yeməklər bişirərdi. Bizə yemək veriləndə qonaqlar elə bilirdilər ki, qabağımızdakı boşqab yox, buluddur (gülür). Hamımız yaxşı yeyən olmuşuq. Biz toydan gələndə də soyuducunu açıb nəsə ağzımıza atırdıq.
- Qonaqlar dediniz... Səməd Vurğun, Süleyman Rüstəm ən yaxın dostları idi. Başqa kimlər gəlib-gedərdi sizə?
- Çoxu gəlib gedərdi. Səməd Vurğunla Süleyman Rüstəmi tez-tez görmüşəm. Məmməd Rahim də gələrdi. Başqaları da. Cavanlar da...
- Həyat yoldaşı və qızlarına münasibətdə necəydi?
- Onlara da eləcə.
- Qadağalar qoymurdu?
- Yox e, nə qadağa? Deyirəm axı, mülayim adam idi.
- Həyat yoldaşıyla tanışlıq tarixçəsi necəydi?
- Tanışlıq deməyək də... Eyni kənddən idilər. Evlərinin iki yüz metr arası var idi. Sizə bir ştrix deyim. Deməli, bir qızla idim. Atam da Yazıçılar İttifaqının qabağında durub taksi gözləyirdi. Maşınla qızı bir az qabaqda düşürüb gəldim atamın yanına. Demə, atam məni görübmüş. Dedi, yox, oturmuram, mənə lazım deyilsən, get. Birtəhər onu razılığa salıb otuzdurdum. Mənə dedi ki, sənin ananı istəyirdim, o da məni istəyirdi. Laçında müəllim işləyirdim, dərs cədvəlini də elə eləmişdim ki, bir gün boş olum. Minirdim ata, qaranlığın içində meşələri arxada qoya-qoya gəlib çatırdım kəndə. Qaranlıqda pəncərəyə baxırdım, ananın üzünü axtarırdım. Anamgil də səkkiz-doqquz uşaq olub. Bir yerdə yatırlarmış. Deyir, heç bilmirdim, o səkkiz-doqquz uşağın içində anan hansıdır. Lampanın da hisi pəncərələri tutub. Elə baxırdım-baxırdım, gözüm doyurdu, təzədən minirdim ata, o yolu qayıdırdım. Bunu deyib sonra qayıtdı ki, ancaq sənin qanacağın yoxdur, o qızı orda düşürdüb, mənim yanıma gəldin (gülür).
- İndi qızla sizi görüb və belə bir danlaq eləyib. Bəs, ümumiyyətlə, hansısa qızı sevdiyinizi atanıza deyə bilərdiniz?
- Heç birimizin işinə qarışmırdı. Biz də bunu ona deyə bilmirdik.
- Aqil müəllim, atanız çoxlu vəzifələrdə işləyib. Yazıçılar Birliyinin də...
- Düz üç dəfə sədri olub.
- Sədrliyi dövründə bir neçə hadisə olub ki, yaddaşlardan silinməyib. Biri Mehdi Hüseynlə bağlıdır. Mehdi Hüseynin iclasda ürəyi tutmuşdu axı... Deyirlər...
- Allaha and olsun ki, Mehdi Hüseyni katib götürəndə o birilər qısqanmışdı, bu qərarla razılaşmırdılar. Deyirdilər, Mehdi ilə işləmək çətin olacaq. Ona verilən evi də Mehdi Hüseynə vermişdi.
- İclasda gərginlik olub. Nəbi Xəzri ilə tutaşıblar. Həmin iclasda Mehdi Hüseyn infarkt keçirib.
- Ürəyi xəstəydi onun. O hadisəyə görə olmadı bu. Onsuz da ürəyindən narahat idi. Həmin vaxt da tutmuşdu. Orda qırğın-zad olmayıb. Şişirdirlər.
- Şahidlər var. Yazılıb də.
- Yox, yox! Qurultaya nümayəndə seçilmək məsələsi idi. Atamla Süleyman Rüstəm bu cür təklif olunsun deyiblər, o birilər də başqa cür. Mübahisə filan olmayıb. Oturublar orda 20 nəfər, söhbət ediblər. Burda ayrı nə ola bilər?
- Hər halda narazılıq olmuşdu.
- Yox. Narazılığa görə belə şey olmaz ki. 3-4 il əvvəl həkim Mehdi Hüseynə deyibmiş ki, ürəyinin gücü tamam tükənib. O da rəhbərliyə müraciət edib ki, məni işdən azad eləyin, gedim. Ürəyinə görə onsuz da narahat imiş.

- Deyirlər, atanızın Yazıçılar İttifaqına sədr olan vaxtı qazaxlılarla şirvanlılar arasında ədəbi davalar başlayıbmış. Buna da bir az aydınlıq gətirərdiniz...
- Qazaxlılar həmişə atamın başına and içib. Onu çox istəyiblər. Elə şirvanlılar da, bakılılar da. Atam dünyasını dəyişəndə Süleyman Rüstəm Mərkəzi Komitəyə müraciət edibmiş ki, bir şəhərin adını "Süleymanabad” qoysunlar. Yəni onun vaxtında belə şeylər ola bilməzdi. Atamı bayaq dediyim kimi, 8 dəfə "KQB”-yə çağırıblar.
- Nəyə görə çağırmışdılar?
- Atamın "Şamo” romanında bir Göyərçin obrazı vardı. Deyirdilər, onu bir az ayağısürüşkən kimi göstərib və bu sovet qadınına yaraşmaz. Biri buydu...
- Amma çox Süleyman Rəhimovu hökumətə yaxın adam hesab edir.
- Nə danışırsınız?! Hökumətlə davada idi!
- Özünün də təxminən belə bir ifadəsi vardı ki, əgər mənim "KQB” arxivində kiminsə əleyhinə imzam çıxsa, bütün külliyyatımı qəbrimin üstünə töküb, yandırarsınız...
- Deməli, Şirməmməd müəllim (Şirməmməd Hüseynov nəzərdə tutulur – red) və Qulu Xəlilovun belə bir söhbəti olub. Şirməmməd arxivlərin açılmasını istəyirdi. Amma arxivlərin açılmasına icazə vermədilər. O zaman Qulu soruşub ki, Şirməmməd, sən elə bir adam tanıyırsan, əli orda qana batmamış olsun. Şirməmməd deyib, yeganə Süleyman Rəhimov! Adı yoxdur heç bir yerdə. Atamın sözü var ki, mən sağlığımda da məhkəmə qarşısında durmağa hazıram, öləndən sonra da xalqımın qarşısında durmağa hazıram. Əgər hardasa cızma-qaram varsa, külliyyatımı tökün qəbrimin üstünə, yandırın. Bunu kim deyər bilər?
- Bəs qardaşınız Şamo Arifin AYB sədri Anarla niyə mübahisəsi düşmüşdü?
- Şamo səhv demirdi. Anar 60-cılarla bağlı yüksək fikir demişdi, əvvəlki dövrə bir az etinasız yanaşmışdı. Anarın toyunda masabəyi atam olub. Atamın heç kəsə pisliyi keçməyib. Bu, onun xasiyyətində yox idi. Mən bəzən buna görə müsahibə verməkdən qaçırdım ki, birdən deyərlər, ancaq atasını tərifləyir. Amma həqiqətən gözəl kişiydi. Kiməsə pislik etmirdi. Onun ayağının altını qazımaq istəyənlər vardı. Əsas da yazıçıların övladları. Amma atam dava eləməyi sevən biri deyildi. Mənim özüm də şahidəm. Mirzə İbrahimovu Bağırov respublikadan sürgün etmək istəyirdi. Bağırovun yanına gedib xahiş etmişdi. Bağırov deyirmiş, vətən xainidir o. Atam da deyib, o, bu vətənə bizə görə gəlib. Beləcə, Mirzəni xilas etmişdi. Məmməd Səid Ordubadinin oğlu həbsdəydi. Bağırovdan xahiş eləmişdi ki, oğlunu görmək istəyir, icazə verin. Düzü, Bağırov atama acıqlanırmış, amma sözünü yerə salmırmış. Bu dəfə də xahiş edəndə, Bağırov əsəbləşib: "Nəyə gedir oğlunun yanına?!” Oğlu da birini baltayla vurub öldürmüşdü. Atam deyib, dəli də olsa, qatil də olsa, oğuldur, görmək istəyir. Axırı, Bağırov yumşalıb, deyib, "xoroşo”. Atam öz oğullarını çox sevirdi deyə övladın nə olduğunu yaxşı bilirdi.
- Şamonu itirməyi ona çox böyük əzab oldu.
- Hə. O itki atamın belini qırdı. Təsəvvür elə, Şamo geyinib-kecinir, gedir otaqda uzanır və anama da deyir, səs salma, atama demə. Və ordaca keçinir. Biz də hazırlaşırdıq ki, atamla bağa gedək. Şamo da başqa cür adam idi. 10-11 yaşında yazdığı şeirlər vardı ki... Səməd Vurğun şair dostlarına deyirmiş ki, məndən sonra poeziyada budur. Özü də Şamo ədəbiyyata sənədlərini vermək istəyirdi, atam qoymadı.
- Niyə?
- Dedi, mənə qiymət verməyiblər, sənə nə qiymət verəcəklər?
- Ona verilən qiymətdən narazıydı ki?
- Ona qiymət verdilər ki?
- Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, nə qədər vəzifə, ev, titullar və s.
- O, əslində özünə yox, başqalarına qiymət verirdi. Məsələn, Səməd Vurğun öləndə yasına getmədi.
- Niyə?
- Gözlə deyim. Hamı bunu gözləyirdi. Bu isə gəlmirdi. Birinci katib İmam Mustafayev zəng eləyib demişdi ki, niyə belə bəs? Deyib, mənim dediyim yerinə yetirilməsə gəlməyəcəm. Mustafayev də deyib, sən SSRİ-nin bu vaxtında deyirsən ki, Qızıl Ordu küçəsinin adı dəyişdirilib olsun Səməd Vurğun küçəsi. Bilirsən, buna görə bizi partiyadan çıxarda bilərlər? Süleyman Rəhimov da deyib, çıxardanda məni çıxarsınlar. Mən yazmışam, mən də qol çəkmişəm.
- Çox ölümlər görüb. Həm öz həmkarlarının, həm də yaxınlarının ölümlərini. Bəs öz sonu necə oldu? Son günlərini necə xatırlayırsınız?
- Son günləri... Deməli, bacımın ad gününə gedibmiş. Mikrorayona. Gecə düşüb, bacım da deyib, qal, səhər gedərsən. Ordaca dünyasını dəyişib. Mənə zəng eləyib xəbər verdilər. Heç kim xəbər tutmadan onu bu evə gətirdim.

- 83 yaşı vardı, hə?
- Hə. O, çox yaşayardı e... Sadəcə Şamonun ölümü onun belini sındırdı.    

NUH informasiya agentliyi səhifəsindən çap edilib