Dərc edilib: 08-04-2020

https://www.nuh.az/23681-.html

Hər gün ölüb, dirilirəm – Jurnalist yazır

08.04.2020 12:22:04

Müsahibə

 

Ülvin Məhəmməd

 

“İşə çıxıb “Evdə qal” deməyə nə var ki… Nə vacibdir, işə çıxırsan? Mənim kimi sən də evdə qal”. Bu fikir cəmiyyətdə tez-tez səslənir. Hətta televiziya efirlərindən hansısa aparıcının, sənət adamının “Evdə qal” deyərək vətəndaşlara çağırış etməsi, sanki evdə qalanlarda qıcıq yaradır. Çünki evdə qalan və bu vaxta kimi günəmuzd işləyərək evinə bir tikə çörək aparan şəxs fikirləşir ki, “mən evdə büdcəmdən yeyim, əlavə gəlirim olmasın, amma televiziyaya çıxan şəxs işini görsün və ayın sonunda tam əmək haqqını əldə etsin.

Bir tərəfdən haqlı irad kimi qəbul edilə bilər. Lakin bəzi məqamları düşünmək lazımdır. Təsəvvür edin, polislər, həkimlər, FHN işçiləri, nəqliyyatın hərəkətinə cavabdeh qurumlar və, və, və.. nəhayət televiziya, mətbuat işçiləri də evlərində oturub. Hərçənd ki, qeyd etdiyim sahənin əməkdaşları öz həyatları ilə yanaşı ailələrinin də həyatını riskə ataraq işə çıxmaq məcburiyyətindədirlər. Təsəvvür edirsinizmi, bu sahənin işçiləri işə çıxmır və bu zaman nə baş verər?

Həkimlərin fəaliyyəti hər birinizə məlumdur. Onlar həyatlarını riskə ataraq xəstələrin başı üzərində durmağı özlərinə vəzifə borcu bilirlər. Hələ polis əməkdaşlarını demirəm. Gecə-gündüz yağış, soyuq, külək bilmədən növbəli şəkildə xidmət aparırlar. Amma bununla belə sənin də, mənim də yaxınımız məsuliyyətsiz davranaraq küçəyə çıxmağa cəhd edir. Ta fikirləşmir ki, polisin küçədə növbə çəkməsi bizim sağlamlığımız üçündür.  Biz  bir vətəndaş olaraq məsuliyyətli olsaq, karantin qaydalarına əməl etsək, hansısa peşə sahiblərinin  əziyyət çəkməsinə şərait yaratmarıq.

Həftə sonu yaşadığım binanın pəncərəsindən ətrafı müşahidə etmək imkanım vardı. Deməli, bir polis nəfəri və daxili qoşunların iki əməkdaşı bütün günü piyada şəkildə küçə-küçə gəzərək küçədə olan vətəndaşları evlərinə getmələrinə, karantin qaydalarına əməl etməyə səsləyirdi. Bəzən polis əməkdaşını görən şəxslər bloklara girir, polis gedən kimi küçəyə çıxır. Bu, nə məsuliyyətsizlikdir? Sanki belələri elə anlayır ki, virusu polis yayır və ona görə də polisdən qaçır. Ay camaat, bir qədər məsuliyyətli olaq, polis bizim saxlamlığımız üçün deyir.

Hazırki dönəmdə polislərin, həkimlərin boynuna böyük yük düşüb. Eyni yük mətbuat, televiziya işçilərinin da boynundadır. Onlar da siz tamaşaçı və oxucuları informasiya ilə təmin etmək üçün özlərini oda-közə vururlar. İnanın mənə indiki vəziyyətdə heç kim istəməz ki, evindən çıxıb özünü koronanın ağzına atsın. Daha doğrusu koronanı ağzına atsın. Bu, minnət deyil, sadəcə bu peşə sahiblərinin  vəzifə borcudur. Vəzifə borcudur ki, insanlarımız sağlam qalsın və cəmiyyət vaxtında lazımi  informasiya ilə təmin olunsun.

Bir televiziya işçisi olaraq elə bilirsiniz hər gün işə gəlmək mənə asandır. Mənim də ailəm, övladım, yaxınlarım, dostlarım var. İstəmərəm ki, həm özümün, həm də mənə görə kiminsə həyatı təhlükə altına atılsın. Ona görə də, maksimum səviyyədə qorunmağa çalışıram. Amma hər gün səhər televiziyanın binasına daxil olarkən mühafizəçinin temperaturumu yoxlaması zamanı keçirdiyim stressi heç kimə arzulamıram. O stressi ki, təxminən 10-15 saniyəlik yoxlama müddətində bütün həyatım, doğmalarım, iş yoldaşlarım gözümün önünə gəlir. Bu yoxlanış mənə bir imtahan kimi çətindir. Elə ki, elektron termometr alnımdan üzaqlaşdı, ürəyim döyünür, daxilim qaynamağa başlayır, ta ki ekranda rəqəmi görənə kimi. Bu yoxlama müddəti hər gün məni öldürüb və bir daha dirildir. Düzdür, ölümün gözünə dik baxmaq lazımdır, deyilib. Amma belə ucuz ölümü özümə və heç kimə arzulamıram.

Bəli, bu vəziyyətlə həftə içi hər gün üzləşmək və digər təhlükəsizlik tədbirləri görmək, səhərdən axşama kimi, tibbi maskada işləmək, özündən və ətrafında olan iş yoldaşlarından belə ehtiyat etmək insanı mənən üzür. Hələ bu işin harasıdır. Çəkilişlərə getmək, xəstəsi, sağlami ilə ünsiyyətdə olmaq, düşünüldüyü kimi asan deyil. Və bəzən bilirsən ki, qarşındakı potensial xəstədir və ehtiyatlı olmasan hər dəqiqə Covid-19-a yoluxa bilərsən. Bütün bunlar isə  insanı düşündürür: bir tikə çörəyim olsun, amma canım sağ, ailəmin yanında olum.

Yuxarıda qeyd etdiyim kimi fikirləşən insanlar bilməlidir ki, biz mətbuat, televiziya işçilərinin efirdən "Evdə qal" deyərək çağırış etməyimiz sizin və bizim, bütövlükdə Azəraycan xalqının sağlamlığı üçündür. Vəziyyətin ağır olduğununun hər birimiz fərqinə varmalıyıq. Biz heç kimə ağıl öyrətmək fikrində deyilik. Sadəcə olaraq evimdə duz-çörək yeyərək təhlükəsiz şəkildə oturmağı daha üstün bilirəm. Amma necə ki, həkimlər hazırki dönəmdə iş başındadır, zərurət olan sahələr də həmçinin, biz də eynən. Ona görə də qınamaqdansa, canınımızın qeydina qalsaq yaxşıdır. Çətin günün ömrü az olar, cənablar. 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib