Dərc edilib: 09-04-2020

https://www.nuh.az/23688-.html

“Bir çıxışımla sosial şəbəkələri partlada bilərəm” - Erkin Qədirli

09.04.2020 09:51:10

Müsahibə

Milli Məclisin deputatı Erkin Qədirli feysbuk sosial şəbəkəsində onu tənqid edənlərə cavab verib. 


“Qafqazinfo” xəbər verir ki, deputat ona yazılan tənqidlərin və təkliflərin çox önəmli olduğunu vurğulayıb: “Yalnız, bir şeyi nəzərə almağınızı xahiş edirəm. “"Niyə filan şeydən danışmadınız?”, “Niyə filan şeyi demədiniz?” sayağı iradlar çox zaman yersiz olur. 

Məclisdə hər iclasın öz gündəliyi olur. Mən, müəllimlik vərdişimə görə, mövzudan qırağa çıxmağı və çıxanları bəyənmirəm. Məclisdə çoxları mövzudan qırağa çıxır, müzakirə olunmalı məsələ qalır, keçirlər aidiyyatı olmayan söhbətlərə. Odur ki, sizə görə nədənsə danışmamışamsa, deməli o məsələ hələ müzakirə mövzusu olmayıb. (Başqalarının intizamsız danışıqlarına baxmayın). 

Bilirəm, çoxunuz tələsir, məndən tezliklə böyük nəticə gözləyir. Mən bir çıxışla alqış qopara, sosial şəbəkələri partlada bilərəm. Bu, heç də çətin deyil. Kimsədən də qorxmuram. Nəticəsi nə olacaq? Deyim - mənimlə hamı əlaqəsini kəsəcək, ondan sonra mən seçicilər üçün heç bir iş görə bilməyəcəyəm. Daha öncə demişdim, bir daha yazım - şəxsən mənə deputatlıq lazım deyil. Mən bu işə ReAl və seçicilər üçün faydalı olmaq üçün girişdim. 

Ayrıca, onu da yazım ki, ünvanıma yazılan və söylənilən bəzi gümanlar çox aşağılayıcıdır. Mən heç kəsə vicdanıma şübhə ilə yanaşmağa bəhanə verməmişəm, təmiz yaşamışam, bundan sonra da təmiz yaşayacağam. Kimsənin qarşısında gözükölgəli deyiləm. Tələsməyin. Yaxşı işlər yavaş görülür”.

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib