Dərc edilib: 16-04-2020

https://www.nuh.az/23812-.html

247 gün erməni əsirliyində olmuş Mayıl Məmmədovdan dəhşətli xatirələr (VİDEO)

16.04.2020 18:06:14

Mədəniyyət

247 gün erməni əsirliyində olmuş, dözülməz işgəncələr görmüş, sinəsi xaçla dağlanan Mayıl Məmmədov dəhşətli faktları açıqlayıb. "Bizdən Sizə” kanalına danışan keçmiş döyüşçü Mayıl Məmmədov bildirib ki, əsir düşərgəsindən qaçmamaları üçün ermənilər hiyləyə əl atıbmış:

"Bizi həmişə nəzarət altında saxlayırdılar, əl-ayağımız daim zəncirdə olurdu. Hər gün döyürdülər. Günlərlə ac qalırdıq. Bir dəfə 6 gün ac qaldım. Bir də, bizim saxlanıldığımız yeri dəyişəndə hər dəfə avtobusların üstündə bir rayonumuzun adını oxuyurdum. Şamaxı, Şəki, Göyçay, Cəlilabad. Bizə deyirdilər ki, Əlibayramlıya qədər Azərbaycanı almışıq. Fikirləşirdim, mən Xankəndindən nə qədər yol getməliyəm ki, indiki Şirvan şəhərinə gedib çatam. Əsirlikdə öldüm, yolda öldüm, nə fərqi? Əlim hər şeydən soyumuşdu”.
Daha sonra Mayıl Məmmədov ermənilərin əsir qadınlarımıza verdiyi işkəncədən, şahidi olduğu dəhşətli hadisədən söz açaraq deyib:
"Türməyə çatmağımıza az qalmış, məni yük maşınından düşürüb sürüyə-sürüyə apardılar. Yeriyə bilmirdim. Yolda orta yaşlı bir erməni ilə rastlaşdıq, məni aparanlardan soruşdu ki, bu türkdür? Ona "hə" cavabı verdilər. Bunu eşidən kimi həmin erməni əlindəki armaturla məni döyməyə başladı. Sağ qolumun sümüyü dirsəkdən qırıldı, qabırğalarım möhkəm əzildi. Sonra məni sürüyüb türmənin kameralarından birinə atdılar. İçəridə 20-yə yaxın azərbaycanlı qız-gəlin var idi. Ermənilər onları zəncirlə divara bağlamışdı. Sonra yekə, enli bir dəmir gətirib qolumu onun üstünə qoyaraq çəkiclə vurmağa başladılar. Beləcə, qol-qıçımı çəkiclə vurub sındırdılar. Onlar məndən neçə erməni öldürdüyümü soruşurdular, mənsə həmişə "bilmirəm" deyirdim.
Xankəndində türmənin həyətinə çıxarıb bizləri hərdənbir gəzdirirdilər. Qadınların saxlanıldığı kameralardan birinin pəncərəsi həmin həyətə baxırdı. O kameraya 8 azərbaycanlı qızı yenicə gətirmişdilər. Bir də gördüm ki, qızlardan biri ordan yavaşca boylanaraq mənə işarə edir. Onun yaxınlığından keçəndə mənə dedi ki, bizə bir şüşə qırığı tap ver. Yerdə para bir lezva sataşdı gözümə. Bizə nəzarət edən erməni əsgərinin gözünü oğurlayıb, lezvanı birtəhər yerdən götürüb, atdım həmin pəncərədən içəri. Sabahı gün dəhşətli bir hay-həşir düşdü həbsxanaya. Gəlib məni apardılar həmin qadınların saxlanıldığı kameraya. Yer büs-bütün qan içində idi. Qızlardan 4-ü damarlarını kəsərək düşmən əlinə keçmədən özlərini öldürmüşdü".
Mayıl Məmmədov hazırda Ucar rayonunda yaşayır. Evlidir, iki oğlu var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib