Dərc edilib: 17-04-2020

https://www.nuh.az/23823-.html

Bu məhsulların idxalındakı məhdudiyyətlər ləğv edildi

17.04.2020 13:38:46

İqtisadiyyat

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin  aradan qaldırılması qərara alınıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. 

 


NUH.az  xəbər verir ki, eyni zamanda qəbul olunmuş qərarla bağlı  bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı, qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün  Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb. Eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib