Dərc edilib: 20-04-2020

https://www.nuh.az/23880-.html

Səfir Qırğızıstanda qalan azərbaycanlıların vəziyyətindən DANIŞDI

20.04.2020 15:17:13

LIVE

“Qırğızıstanda yaşayan soydaşlarımızın vəziyyəti normaldır. Qeydiyyat üçün müraciət edən və qeydiyyata  alınan 39 nəfər vətəndaşımız var. Hər bir soydaşımızla səfirlik əməkdaşları mütəmadi olaraq əlaqə saxlayır. Eyni zamanda, səfirliyimizdə 24 saat “qaynar xətt” fəaliyyət göstərdiyindən hər bir vətəndaşımız istənilən məsələ ilə bağlı bizə müraciət edə bilir.
4 vətəndaşımız Azərbaycana qayıtmaq üçün bizə müraciət edib”.

Bu fikirləri Modern.az-a Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov azərbaycanlılarla bağlı vəziyyəti şərh edərkən deyib.


“Qırğızıstanda təhsil alan tələbələrimizlə də əlaqələrimiz var. Onların da səhhəti normaldır. Ümumilikdə nə səfirlik əməkdaşları, nə də Azərbaycan vətəndaşları arasında yoluxma var”-deyə səfir əlavə edib.


Hidayət Orucov Qırğızıstan vətəndaşı olan azərbaycanlıların da vəziyyəti barədə fikir bildirib:

“Hətta 20 mindən çox Qırğızıstan vətəndaşı olan soydaşımız var ki, onların arasında da virusa yoluxma aşkarlanmayıb. Əlavə olaraq qeyd edim ki, həmin soydaşlarımız keşməkeşli həyat sürmüş babalarımızın nəsilləridir. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində bura sürgün olunan yurddaşlarımızın övladları, nəvələridir”.


Səfir COVID-19 pandemiyasına qarşı Qırğızıstanda bütün qabaqlayıcı tədbirlərin görüldüyünü də diqqətə çatdırıb:


“Qırğızıstanda koronavirus pandemiyasına yoluxanların ümumi sayı 568 nəfərdir. Onlardan 101 nəfəri sağalıb, 7 nəfər isə dünyasını dəyişib. Son günlərə nəzər salanda yoluxanların sayında azalma müşahidə olunur. Məsələn, son 24 saat ərzində 14 nəfər yoluxub. Qırğızıstanda gözlənilməz bir nəticə də diqqət çəkir. Bu da yoluxanların dörddə birinin  həkim olması ilə bağlıdır. Qırğızıstan hökuməti yoluxmanın qarşısının alınması üçün bütün qabaqlayıcı tədbirləri davam etdirir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib