Dərc edilib: 20-04-2020

https://www.nuh.az/23881-.html

Sahibkarlar Zakir Fərəcovdan Birinci Viste-Prezidentə şikayət etdi

20.04.2020 16:35:49

Cəmiyyət

SAHİBKARLAR BİRİNCİ VİTSE-PREZİDENTDƏN KÖMƏK İSTƏYİRLƏR


Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-ə yaxın fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər.Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə Birinci Viste-Prezident Mehriban xanım Əliyevaya AÇIQ müraciət ediblər. Müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir.

 

JAMAZ.İNFO müraciəti təqdim edir

 

“Hörmətli  Mehriban xanım !

 

Bütün dünya Sizi  qayğıkeş, problemi olan insanlara kömək edən, prinsipial bir ŞƏXSİYYƏT kimi tanıyır.

 

Sizdən xahiş edirik ki, bizim problemimizin həllinə kömək edin.Məlumat üçün diqqətinizə çatdıraq ki, cənab Prezidentimiz  İlham Əliyev cənablarının da  açılışında iştirak etdiyi  və görülən işləri yüksək qiymətləndirərək, “Qısa müddətdə bu işləri başa çatdırmaq möcüzədir” deyərək yüksək qiymət verdiyi Sumqayıt Bulvarının tikintisini biz aparmışıq.O sahibkar və fəhlələr ki, hər şey daha mükəmməl olsun deyə, gecə-gündüz çalışıb keyfiyyətli iş görməyə çalışdıq. Amma əvəzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov düz 3 ildir bizə olan borcumuzu qaytarmır və bundan imtina edir. Halbuki dövlət tərəfindən  Sumqayıt Bulvarının inşası üçün külli miqdarda vəsait ayrılmışdı”.Sahibkarlar öz müraciətlərində  qeyd edirlər ki, Zakir Fərəcov əvvəlcə borcunun olmadığını iddia etsə də, təqdim edilən rəsmi sənəd və faktlar qarşısında aciz qalıb. “Amma sonra bizi bir yerə yığaraq, 8 milyon manat borcu bir şərtlə qaytara biləcəyini dedi ki, biz həmin pulun 30 faizini ona bağışlayaq. Təbii ki, bundan imtina etdik və icra başçısı bizi həbs etdirəcəyi ilə hədələməyə başladı. Lakin yenə də geri çəkilmədik. Rəsmi dövlət qurumlarında müraciət edib, onlardan köməklik istədik. Bu vaxt Zakir Fərəcov yenidən əl-ayağa düşərək, bizə borcunun olmadığını mətbuat vasitəsi ilə bəyan etdi. Bir adamın, ələlxüsus, icra başçısının gündə bir fikrə düşməsi, dövlətin ayırdığı pulu sahibinə çatdırmaqdan boyun qaçırması,  Prezidentin  etimadından sui-istifadə etməsi, həmin pulu verməmək üçün min bir cildə girməsi, üstəlik bu ahıl çağında bir icra başçısının bu qədər yalan danışması nə ədəbə, nə də ərkana sığır”.

 

Sahibkarlar bildirir ki, artıq təhlükəsizlikləri üçün təminat yoxdur. “İşi o həddə çatdırıb ki, bu gün biz Sumqayıta belə gedə bilmirik. Çünki qorxuruq, hər an bizi həbs etdirə biləcəyindən ehtiyatlanırıq. Sumqayıta gedə bilmədiyimizdən haqqımızı almaq üçün icra başçısının qəbuluna da baş vurmaq imkanından məhrumuq”.Hörmətli Mehriban xanım ! "Zakir Fərəcov 426 nəfərin haqqını yeməklə kifayətlənməyib, üstəlik, dövlətə böhtan atmaqdan da çəkinmir. Zakir Fərəcov bizimlə görüşdə “Dövlət mənə pul ayırıb ki, siz də ondan verim” deyəcək qədər “cəsarət” sahibidir. Fərəcov bu sözü ilə Prezidentimizin  imzaladığı  sərəncamı şübhə altına salmaqla, saya saymamaqla yanaşı, həm də dövlətə, onun rəhbərinə sədaqətsizliyini ortaya qoyub. Belə bir ifadəni dilə gətirmək həqiqətən də böyük cəsarət tələb edir. O zaman sual yaranır ki, əgər dövlət tərəfindən pul ayrılmayıbsa, Zakir Fərəcovda Dənizkənarı Bulvarı tikmək üçün bu qədər pul hardandır? Bizim Zakir Fərəcovun malı, mülkü ilə işimiz yoxdur. Goradildə saldığı “Zakir Məhəlləsi”, Abşeronda onlarla mülk, Bakıda villalar və sairə bizim üçün maraqlı deyil. Bizə maraqlı olan odur ki, Fərəcov bu qədər imkana necə sahiblənib? Bu qədər var-dövlətə rəğmən, biz sahibkar və fəhlələrin nə günahı var ki, onların pulunu 3 ildir verməkdən imtina edir? Niyə öz zəhməti ilə pul qazanan bizim kimi insanların zəhmətinin müqabilini verməkdən imtina edir?Bunun üçün min cür bəhanələr uydurur, yalanlar danışır, hətta bizi hədələməkdən çəkinmir. Ona belə bir səlahiyyəti kim verib?”

 

Müraciətin yekununda sahibkarlar Birinci  Vitse-Prezidentdən  kömək istəyiblər:

 

“Hörmətli Mehriban xanım !


Siz həmişə  haqqın-ədalətin yanında olmusunuz, hüququ tapdalananların  hüququnu qorumusunuz.Sizdən xahiş edirik ki, bizə kömək edin. Sumqayıtın icra başçısı Zakir Fərəcovdan gördüyümüz işlərin müqabilində yaranmış borcun alınaraq, bizə verilməsinə göstəriş verəsiniz”.Xatırladaq ki, sahibkarların icra başçısına qarşı narazılığı cari ilin əvvəlində məhkəmə müstəvisinədək irəliləyib. Yayılan məlumatlarda bildirilirdi ki, 400-dən çox fəhlə də sahibkarlara qoşularaq haqqlarını istəyirlər.Qarşı tərəfi də dinləməyə hazırıq.


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib