Dərc edilib: 20-04-2020

https://www.nuh.az/23886-.html

Saakaşvili Gürcüstana 5,5 milyard gətirmək istəyir ŞOK

20.04.2020 18:46:41

LIVE

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili koronavirusun iqtisadi zərərlərini aradan qaldırmaq üçün xarici tərəfdaşlar vasitəsilə ölkəyə 5,5 milyard dollara yaxın vəsait cəlb edə biləcəyini bildirib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Saakaşvili “Mtavari Arxi” telekanalının efirində açıqlama verib. 

Eks-Prezident Gürcüstan hakimiyyətinin ona müvəqqəti olaraq ölkə rəhbərliyinin rəsmi nümayəndəsi statusunu verəcəyi təqdirdə lazımi vəsait tapa biləcəyini bildirib. Bunun üçün o, Gürcüstanda ona qarşı açılan cinayət işlərinin payıza qədər təxirə salınmasını istəyib.

Keçmiş Prezident qeyd edib ki, o, bütün Avropa paytaxtlarına dəstək üçün müraciət etməyə hazırdır.

“Bütün məhkəmə prosesləri təxirə salınmalı və payıza qədər bir moratorium elan edilməlidir. Payızdan sonra məhkəmə proseslərini davam etdirə, fərqli məsələlərə görə məni mühakimə edə bilərsiniz. Yalnız bir məsələdə - xarici ölkələrdən yardım ala bilmək üçün müvəqqəti olaraq Gürcüstan hökümətinin rəsmi nümayəndəsi statusunu mənə verin və zəmanət verirəm ki, ölkə iqtisadiyyatını xilas etmək üçün 5,5 milyard dollarlıq yardım gətirəcəm”,- deyə o açıqlamasında bildirib.

Saakaşvili həmçinin qeyd edib ki, o, demək olar ki, bütün müasir siyasi liderləri və maliyyə təşkilatlarının nümayəndələrini şəxsən tanıyır. 

Onun sözlərinə görə, mövcud şəraitdə yalnız xarici dəstək Gürcüstanı xilas edə bilər. Əks təqdirdə, koronavirus pandemiyası fonunda yaranmış iqtisadi böhran ölkəni yoxsulluğa və aclığa apara bilər.

Qeyd edək ki, Sakaşviliyə qarşı Gürcüstanda bir neçə cinayət işi açılıb və o, ölkə üzrə axtarışdadır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib