Dərc edilib: 23-04-2020

https://www.nuh.az/23927-.html

Azərbaycana Avropadan Laqun qoyunları gətirilib (FOTOLAR)

23.04.2020 13:18:00

İdman
Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb. Təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir. Bu günlərdə "Aqronavt” MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.

Heyvandarlıqla məşğul olan fermer Kərim Hüseynov fermerlərin gəlirli sahə olan qoyunçuluğu inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib: "Respublikada heyvandarlığın inkişafı ilə bağlı proqram hazırlanıb. Həmin proqramda qoyunçuluğun inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilib. Biz fermerlər çalışırıq ki, qoyunçuluğu inkişaf etdirək. Respublikada qoyunçuluğu inkişaf etdirmək məqsədilə Avropa ölkələrindən xüsusi cins, Laqun cinsindən qoyun gətirmişik. Laqun cinsinə mənsub olan qoyunlar balavermə qabiliyyətinə görə yerli qoyunlardan üstündür. Bu cinsdən olan qoyunların artım qabiliyyəti yüksəkdir. Laqun qoyunlarının əksəriyyəti əkiz balalayır. Bu da sürünü artırmaq üçün mühüm şərtdir”.
Qəbələdə fəaliyyət göstərən bu təsərrüfatın sahibi deyir ki, Laqun qoyunlarının südlük və ətlik keyfiyyətləri çox yüksəkdir. "Laqun cinsinə mənsub olan qoyunların üstünlüyü ondadır ki, bu cinsdən olan qoyunlar 3 litrə yaxın süd verir. 3,5 ay ərzində 30-35 kiloqram ət verir. Bu qoyunlarda südün yağlılıq dərəcəsi 8%-dir. Süddə yağlılıq dərəcəsinin yüksək olması əla keyfiyyətli pendir istehsalına imkan verir.  Düşünürük ki, respublikada süd istehsalının artırılmasında bu cinsin çox böyük rolu olacaq. Ümumilikdə Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirməyi planlaşdırırq. Artıq 400 baş gətirmişik, 300 baş qoyun isə yaxın zamanlarda gələcək. Pendir istehsalını artırmaq, süd satışı ilə məşğul olmaq istədiyimiz üçün gələcəkdə Laqun cinsindən daha 2000 baş qoyun gətirməyi planlaşdırırq”, - deyə Kərim Hüseynov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəştli ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir.
Qeyd edək ki, Laqun qoyunları südlük istiqamətli sort sayılsa da, bu sortun ətlik keyfiyyətləri də yüksəkdir. Laqun qoyunlarının ətində mərmərləşmə dərəcəsi yüksək olduğuna görə, bu ət ən keyfiyyətli ət növlərindən sayılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib