Dərc edilib: 24-04-2020

https://www.nuh.az/23939-.html

Abşeronla-Sumqayıtı mətbuatdan kimlər və necə qoruyur?

24.04.2020 13:34:21

Kriminal

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Goranboy və Neftçala rayon icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyat cəmiyyətdə şok effekti yaratdı.


Doğrudur, buna qədər Azərbaycanda məmur həbsləri həyata keçirilib. Keçmiş nazirlər Əli İnsanovla Fərhad Əliyev, Prezident Admnistrasiyasının keçmiş idarə müdiri Akif Muradverdiyev, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli əməkdaşlarının həbsi buna misal ola bilər.

Lakin Goranboyun icra başçısı Nizaməddin Quliyevlə, Neftçalanın rəhbəri İsmayıl Vəliyevin həbsi onların cinayət başında yaxalanması və əməliyyat çəkilişlərinin ictimailəşdirilməsi baxımından buna qədər həyata keçirilən məmur həbslərindən fərqlənirdi. Bu həbslərin rezonansa səbəb olması da əməliyyat çəkilişləri vasitəsilə onların törətdikləri cinayətin ictimaiyyətə nümayiş etdirilməsi ilə bağlı idi.

 

İcra başçılarının həbsindən sonra Prezident İlham Əliyev elan olunan islahatlar kampaniyasına zərbə vuran hər bir məmurun cəzalandırılacağı anonsu verdi. “Mən xəbərdarlıq etmişdim. İnzibati cəza ilə məhdudlaşmayacaq. Bəziləri hesab edirdi ki, bunlara aid deyil. Bu yolverilməzdir. Bu dövlət siyasətinə edilən xəyanətdir. Elə dəhşətli faktlar aşkarlanır ki adam bilmir nə fikirləşsin. Manatın devalvasiyasından sonra biz hər rayonda işsizləri ictimai işlərə cəlb etmək üçün haqqı ödənilən ictimai iş yerləri yaratdıq. Bu maaşı da qıymadılar bu adamlara. Kartdan pul kəsib ciblərini doldurdular. Xalqdan qorxmursan, heç olmasa Allahdan qorx. Belə məmurlar xalqa və iqtidara ləkədir. Hamı eştisin, ibrət götürsün. Dövlət məmuru olmaq istəyirsənsə vicdanla işləməlisən. Gəlir kimi baxırsansa gəlmə, yoxsa bədbəxt olarsan”, - deyə ölkə başçısı bəyan etmişdi.

Prezidentin həbs olunanlar barədə sərt danışması və həbslərin davamı ola biləcəyinə işarə vurması daha bir neçə icra başçısının DTX-nın “qara maskalı” əməkdaşı ilə “foto çəkdirməyə” məcbur olacağı barədə ehtimallar səsləndirilməyə başlandı.

Bu sırada əsasə Avşeronun icra başçısı İradə Gülməmmədovanın adı çəkilirdi. İradə Gülməmmədova bu vəzifəyə 2015-ci ildə təyin edilib. İcra başçısı olmazdan əvvəl isə birinci müavin postunu tuturdu. İradə Gülməmmədova Abşeronun birinci şəxsinə çevriləndən sonra mətbuatın diqqəti ona yönəldi. Bir müddət barəsində neqativ materiallar dərc olundu.

Lakin sonra İradə Gülməmmədovanın adı mediada az-az görünməyə başladı. Bu əlbəttə ki, onun müsbət fəaliyyətilə bağlı deyildi. Əksinə, Abşeronda narazılıq getdikcə artırdı. İcra başçısının qardaşlarının rayonda etdikləri özbaşınalıqlarla bağlı məlumatlar dolaşırdı. Bəzi ehtimallara görə, KİV-in əhəmiyyətli hissəsinin İradə Gülməmmədovanın fəaliyyətinə nəzər salmaması ölkədə media siyasətinə nəzarət edənlərin istəyi olub.

Bu istəyin nədən qaynaqlandığı bəlli olmasa da, 2018-ci ildən elan edilən islahatlar kampaniyası məmurların toxunulmazlıq statusunu da alt-üst elədi. Mediaya azacıq nəfəs verilməsi yenidən narazılığa səbəb olan məmurlara, o cümlədən İradə Gülməmmədovaya mətbu diqqəti artırdı və xanım icra başçısı müxtəlif qalmaqallarla gündəmə gəldi.

Son qalmaqal isə Xırdalanda avtobus dayanacağının sökülərək yerində bina tikilməsilə bağlı idi. Bu məsələdə mətbuatda işıqlandırıldıqdan sonra İradə Gülməmmədova dayanacağı bərpa etmək məcburiyyətində qaldı.

 

 

DTX-nın xüsusi əməliyyatları zamanı isə İradə Gülməmmədovanın da “qara siyahı”da olduğu barədə iddialar səsləndirlirdi. Bu həbsləin davamı olacağı şübhə doğurmur. Yuxarıda qeyd etdik ki, Prezident də bunun anonsunu verib. Lakin növbədə konkret kimin olduğunu söyləmək çətindir. İradə Gülməmmədova hələ ki, ehtimal olunan məmurdur.

Hazırda hakimiyyət bütün gücünü koronavirusla mübarizəyə səfərbər etdiyindən bu məsələlər arxa plana keçib. Güman ki, pandemiyadan sonra əməliyyatların yeni dalğası başlayacaq. O zaman indi cəmiyyətdə qəhrəman kimi qiymətləndirilən “qara maskalı oğlan”ın ilk olaraq hansı rayona qədəm qoyacağını biləcəyik.

P.S

İcra başçısı İradə Gülməmmədova hələ 2019-cu ildə qalıb. Daha doğrusu o, elə bilir ki, mətbuatı nəyinsə müqabilində ələ alıb əməllərinin mətbuata çıxaırlmasını ört-basdır edə bilir və bununla da nə istəyir edə bilər. Amma unudub ki, indi 2020-ci ildir, özü də pandemiya dövrü... 

 

Bizimxeber.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib