Dərc edilib: 26-04-2020

https://www.nuh.az/23973-.html

“Allah mənə ömür versin koronavirusun xəcalətindən çıxa bilim...”

26.04.2020 09:39:19

Müsahibə

Moderator.az yazıçı Seyran Səxavətlə karantin rejimiylə bağlı müsahibəni təqdim edir:
- Seyran müəllim, karantin rejimini Siz necə keçirirsiniz?
- Bu həyatda hərə bir cür yaşadığı kimi, karantin rejimini də hərə öz qabiliyyətinə, savadına, səviyyəsinə, şəxsiyyətinə görə keçirir. Amma ümumi şeylər də var. Mən də karantini özüm kimi keçirirəm. Bildiyiniz kimi 2011-ci ildən Mərdəkana köçmüşəm. Şəhər məni, mən də şəhəri yola vermədim. Qaldı ki, mən özüm kəndçiyəm, sinfi cəhətdən də kəndçiyəm, söhbət havadan yox, dünyanın yaşayış maketindən gedir. Şəhər, qəsəbə, meqapolis və s. - bunlar kəndin bətnindən doğulmuş şeylərdir. 
- Səhərlər idmanla məşğul olursunuzmu?
- Bizim çox enli və uzun küçəmiz var və hətta çaqqallar, tülkülər də bura gəlib-gedirlər. Ya burdakı adamları təhlükəli hesab etmirlər, ya ehtiyac, ya da ehtiras üzündən küçəmizə gəlirlər. Karantin elan edilməmişdən öncə bizim küçədən gün ərzində 2-3 maşın keçərdi. Gün ərzində beş maşın keçəndə elə bilirdik ki, küçəmizdə tıxacdı. Mən də sərbəst çıxıb öz marşrutum üzrə hər gün beş min addım gəzirəm. Təcrübəmi sizinlə də bölüşürəm. Min addım səkkiz yüz metrdir. Hər gün dörd kilometr gəzirəm. Sonra isə inək südü, kənd yumurtasıyla toqqanın altını bərkidirəm. 
- Bu bir ay ərzində həyatınızda hansı dəyişikliklər oldu?
- Oğlumun köməkliyi ilə iş otağımda dəyişiklik etdim. Otağımda xeyli kitablarım var idi, neçə il idi ki, kitablarımla bir yerdə yatıb-dururdum. Elə bil Axundov kitabxanasında yatırdım. Ona görə də uşaqlar da qərara gəldi ki, otağımda yerdəyişmə etsinlər, çünki bu da zərərlidir. Otağımın xeyli hissəsi genişləndi və koronavirusdan mənə yadigar bu qaldı. Bununla yanaşı, arxivimi də qaydaya saldım. 
- Oxuduğunuz kitablar arasında sizi silkələyən hansısa poeziya nümunəsi oldumu?
- Zakir Fəxri mütəmadi olaraq mənə şeirlərini göndərir, istəsəniz, ona zəng vurarsınız, sizə də yollayar. Onun şeirləri dahiyanədir. Xəyalə Sevil də şeirlərini göndərmişdi oxudum. Özüm hələ ki, heç nə yazmıram, bunun üçün gərək tam hazır olam, heç bir nigarançılığım olmaya. Tam azad olmalıyam. 
- Bəs o şeir nümunələrinə görə Zakir Fəxriyə zəng vurub fikirlərinizi bildirdinizmi?
- İndiyənə qədər bunu bilmirdim. Zakirin şeirlərini oxumamışdan beş dəqiqə öncə nəvəm mənə “votçap”da səs mesajı yollamağı öyrətdi, sən demə, çox asan bir şey imiş. Zakirin də şeirlərini oxuyandan sonra ona şeirləri haqda səsli mesaj göndərdib möhtəşəm sözlər demişəm. 
“Silkələmə, fələk, məni,
çiynimdəki tabut düşər...”
Bunu Zakir yazır və görün fələklə necə üzbəüz dayanıb necə sözlər deyir. Bundan sonra fələk Zakiri silkələyə bilməz. Çünki Zakiri silkələyən fələyin özü də silkələnəcək və özü silkələnən başqasını silkələmək haqda fikirləşə bilmir. Zakir deyir ki, anam dünyadan gedəndə mənim süd payımı da apardı:
Dünyadan çox erkən köçübüdü anam
Bilməyib döşündə süd payım qalıb...
Bu, dahiyanədir, böyük romandır, qalaq-qalaq kitablardır. Bu iki misra mənə imkan verir ki, bütün Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuyla, Yazıçılar Birliyilə və Tərcümə Mərkəziylə mübahisə edib sübut edərəm ki, Zakir son vaxtlar Xalq şairi olanların hamısından bir yerdə nəhəngdi, ucadı, təmizdi, şəffafdı, doğmadı. Zakirin qan qrupu sözün qan qrupuyla birdir və əsas da budur. Bu da onu göstərir ki, Zakir sözün belindən gəlib. Allah onu dünya sözünə çox görməsin. Bütün bunlarla bərabər mən bir könüldən-min könülə koronavirusa vuruldum.
- Niyə?
- Mənim igid, Babək, Qaçaq Nəbi, Koroğlu hesab etdiyim adamlar gözümün qabağında nə günə düşdülər. Ayə, bunlar kişi deyilmişlər ki. Bunlar hələ bu günə qədər xaricdə oxumaqla, o boyda var-dövlətlə, müstəqil respublikanın vətəndaşı olmağın qabağında hələ başa düşməyiblər ki, o şeydən qorxarlar ki, qorxmağın bir faydası olsun. Sizcə ölümdən qorxmağın nə faydası ola bilər. İnsan Allaha, mollaya, nazirə, rəisinə, arvadına yaltaqlana bilir, amma yalnız ölümə yaltaqlana bilmir. 

“Allah mənə ömür versin ki, koronavirusun xəcalətindən çıxa bilim...”
Biz koronavirusla qardaş kimiyik. Görün nə qədər şeyləri üzə çıxardı. Dünyanın aparıcı dövlət başçılarını qoz qabığına salıb qoydu ortaya və hətta imansız adamları da başa saldı ki, Allahdan qorxun. Bunun da açması çox sadədir, yəni yalan danışmayın, oğru olmayın, qonşunun toyuğuna daş atmayın, şərəfsiz hərəkətlər etməyin və s. Dünyanın ən xoşbəxt xalqı ən az yalan danışan xalqıdır. Yəqin siz mənimlə razılaşarsınız. Yəni koronavirus bizə çox mətləbləri qandırdı. Mən buna görə koronavirusa öz məhəbbətimi, razılığımı bildirirəm, məni özünə borclu elədi. Mənim indiyənə qədər heç kəsə borcum yox idi, amma koronavirusun qarşısında borclu qaldım və İnşallah bu borcdan çıxaram. Allah mənə ömür versin ki, koronavirusun xəcalətindən çıxa bilim. 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib