Dərc edilib: 01-05-2020

https://www.nuh.az/24037-.html

M.Ə.Rəsulzadənin parlamentdəki son çıxışı niyə yoxa çıxmışdı?

01.05.2020 09:10:43

Cəmiyyət

1920-ci ilin aprelin 27-də Azərbaycan  parlamentinin son iclasında M.Ə.Rəsulzadənin olduqca kəskin və qətiyyətli,işğala qarşı mücadilə proqramı xarakteri daşıyan  çıxışı  Milli Arxivdə saxlanılan parlamentin stenoqramında yox idi.Parlamentin sənədlərini ilk olaraq toplayıb çap etdirən rəhmətlik Səfər İbrahimov da onu tapmamışdı.1990-ci ildə Türkiyədə M.Ə.Rəsulzadə ilə bağlı arxiv və kitabxanalarda araşdırmalar apararkən “Azərbaycan” jurnalında həmin çıxışın mətnini tapdım və elə həmin dövrdə nəşr etdirdiyim “Məmməd Əmin Rəsulzadə” kitabımda çap etdirdim.Qeyd edim ki, həmin çıxışı akademik Ziya Bünyadov da MTN-nin arxivindən tapıb çap etdirmişdi.Görünür M.Ə.Rəsulzadənin indi oxuculara təqdim etdiyim bu çıxışının kəskinliyi bolşeviklərdə narahatlıq yaradırmış.

Nəsiman Yaqublu, tarix elmləri doktoru


M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentində son çıxışı – 27 Aprel, 1920-ci il


M. Ə. Rəsulzadə 1920-ci ilin 27 aprelində  parlamentin axırıncı iclasında çıxış etdi. Və əslində o, bu çıxışla  təslim olmayacağını sona qədər mücadilə aparacağını bəyan etdi:

“Əfəndilər, mötəcaviz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbğil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır(təbliğatıdır). Bizi işğal ediyorlar. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcazivanə ultimatumu rədd etməliyik…       

İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək, hökuməti öz əliylə dost kisvəsinə(qiyafəsinə) bürünmüş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır…”

Moderator.az

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib