Dərc edilib: 07-05-2020

https://www.nuh.az/24125-.html

Leninin karikaturasını çəkdi, İstiqlal Bəyannaməsini yaşatdı - Foto

07.05.2020 20:07:02

Maraqlı

Milli Azərbaycan Tarixi Muzeyində maraqlı bir kompozisiya qorunub saxlanılır. 28 May 1918-ci ildə elan edilən Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsinə həsr edilən bu kompozisiyanın müəllifi xalq rəssamı Əzim Əzimzadədir.

Bu gün rəssamın 140 yaşı tamam olur.

Ailə həyatı

Ə.Əzimzadənin babası Əbdüləzim və atası Aslan bənna olublar. Atasının beş övladı olsa da, yalnız Əzim sağ qala bilib. Ə.Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində doğulub. Dövrün şərtlərinə uyğun olaraq 1888-1891-ci illərdə mollaxanada, ardınca 1891-1894-cü illərdə “Rus-Türk məktəbi”ndə təhsil alıb. Rəsm çəkdiyinə görə mollaxanadan qovulub, gələcəkdə bu mövzuda əsər də yaradıb.

Kiyevdə rəssamlıq məktəbində təhsil alan Əzimzadə fəaliyyəti müddətində satirik qrafika, siyasi plakat, illüstrasiyalar, şarjlar çəkib. Həm siyasi, tarixi, həm də məişət mövzularında əsərlər yaradıb.

Əzimzadə 1903-cü ildə ailə həyatı qurub. Həyat yoldaşı Səriyyə xanımla evliliyindən beş övladı olub: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan, Sevda. Oğlu Həbib karikaturaçı olub, atasının ev muzeyinin ilk direktoru olub. Yeri gəlmişkən, Əzimzadənin həmkəndlisi Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə, eləcə də Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Kazım Kazımzadə də Əzimzadənin yetirmələrindən idilər.

İlk əsərləri

Ə.Əzimzadə Bakının zəngin tacirlərindən Ağabala Quliyevin evində rəssam Maslovla tanış olub, ondan dərs alıb. İlk karikaturası ““İrşad”ın müştərisi” satirik jurnal olan “Molla Nəsrəddin”də (19.05.1906 tarixli 7-ci say) dərc olunub. O, eyni zamanda dövrün maarifçi təşkilatlarından “Nicat”, “Nəşri-maarif” cəmiyyətlərində təmsil olunub. “Molla Nəsrəddin”lə yanaşı digər satirik jurnallar olan “Zənbur”, “Kəlniyyət”, “Baraban”, “Məzəli”, “Tuti”, “Babayi-Əmir” jurnalları ilə əməkdaşlıq edib.

Bu dövrdə Sabirin “Hophopnamə” əsərinə illüstrasiyalar çəkib, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarına, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarına, Zülfiqar Hacıbəylinin “Aşıq Qərib” operasına geyim eskizləri verib.

Əzimzadə portret janrında Məhəmməd Füzulinin, Cəlaləddin Ruminin, Səlahəddin Əyyubinin obrazlarını yaradıb.

Cümhuriyyət dövründə

Ə.Əzimzadə Cümhuriyyət illərində məktəbdə rəsm müəllimi işləyib. 1919-cu ildə “Türk nəşriyyat cəmiyyəti”nin çap etdiyi “Zənbur” jurnalında 100-dən çox karikatura dərc etdirib. “Zənbur” jurnalının bir sayınının qapağında verilmiş Azərbaycan Cümhuriyyətinin bayrağı olan təsvir də ona aiddir. “Zənbur” jurnalında çəkdiyi karikaturalar həm hökumətin fəaliyyətinə, həm də xarici müdaxiləçilərə həsr edilib. Azərbaycan Cümhuriyyəti dövrü satirik mətbuatını araşdıran həmkarım İlqar Əhməd onun haqqında belə yazıb: “O, öz rəsmlərini əksər hallarda gizli imzalar altında çap etdirirdi. Bir çox mətbu orqanında “Əzim”, “Ə-v”, “Çujoy”, “Neop”, “Aslan”, “Avropalı rəssam” imzaları ilə çıxış etsə də, “Zənbur”da açıq “Ə.Əzimzadə” imzası qeyd olunurdu. Əzimzadə jurnalın 9 iyul 1919-cu il tarixli 14-cü nömrəsində “Azərbaycan” adlı karikaturasını oxucularına çatdırır. Dərin siyasi məna kəsb edən rəsmdə sağlam bir inək təsvir edilib və üstündə Azərbaycan yazılıb. Bu inəyi sağmaq üçün isə xarici dövlətlər əllərində vedrələr növbəyə düzülüblər, biri isə oturub sağır. Vedrəsi dolmasına baxmayaraq, durmaq bilmir. Növbədə duranlardan biri deyir: “Ağayi ingilis, cəld ol. Növbədə dayanmaqdan ayağımız qırıldı””.

İ.Əhmədin yazdığına görə, “Zənbur”un 4 iyun 1919-cu il tarixli 9-cu nömrəsində quduzlaşmış canavar şəklində təsvir edilmiş Denikinin karikaturasının altında bu sözlər yazılmışdı: “Denikin: Azərbaycandan heç zad istəmirəm, bir neft istiyorum vəssalam”.

Ə.Əzimzadənin çalışdığı “Zənbur” satirik jurnalı siyasi məsələlərə geniş yer verdiyinə görə, burada milli hökumətin başçısı Nəsib bəy Yusifbəylidən Cənubi Qafqaz ölkələrini ələ keçirməyə çalışan Leninə qədər təsvirlərə yer verilib. Bu karikaturalarda Ə.Əzimzadənin mövcud siyasi prosesləri çox aydın dərk etdiyini görürük. Məsələn, İlqar Əhməd Leninlə bağlı karikatura haqqında yazır: “Jurnalın 23 iyul tarixli 16-cı nömrəsində də maraqlı bir karikatura təqdim olunub. Karikaturada Lenin ayaq üstə təsvir edilib. Aşağıda isə Zaqafqaziya millətlərinin nümayəndələri oturub və əllərində respublikalarının açarları göstərilir. Lenin mülayim bir görkəmdə: “Lenin: Qoçaqlarım, veriniz, dayı saxlasın!” deyə açarları onların əlindən alır”.

Sovet Azərbaycanı dövründə

Rusların Azərbaycanı işğalından sonra qurulan yeni idarəçilikdə Əzim Əzimzadə Xalq Maarif Komissarlığının İncəsənət şöbəsinə rəhbərlik edib, teatr və rəssamlıq emalatxanalarının təşkilində rol oynayıb. 1922-ci ildə “Molla Nəsrəddin” jurnalı yenidən nəşrə başlayarkən dərginin Baş rəssamı olub. 1931-ci ilə qədər jurnalda fəaliyyət göstərib. 1927-ci ildə yaradıcılığının 20 illiyi keçirilib, xalq rəssamı adını alıb.

1930-cu illərdə onun “İnqilab və Mədəniyyət” jurnalında yazıçı və şairlərə həsr etdiyi dostluq şarjları yer alıb. Hüseyn Cavidə, Yusif Vəzir Çəmənzəminliyə, Mikayıl Rəfiliyə, Süleyman Rüstəmə həsr edilən bu şarjlar böyük maraq doğurur. Əzimzadə 1938-ci ildə Mirzə Fətəli Axundzadənin yubileyi münasibətilə onun beş komediyasının personajlarının eskiz silsiləsini yaradıb.

1932-1937-ci illərdə Əzimzadə əsasını qoyduğu (1920-də) məktəbin direktoru olub.

1940-cı ildə rəssamın Bakıda fərdi sərgisi açılıb, 1200-dən artıq əsəri sərgilənib. Həmin il Moskvada da sərgisi baş tutub. O, həmin il yaradılmış Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub.

II Dünya müharibəsi illərində müharibə mövzulu plakatlar, rəsmlər çəkib. Oğlu Lətifin müharibədə həlak olması onun ölümünü tezləşdirib, 16 iyun 1943-cü ildə vəfat edib.

Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılan ev muzeyi 1968-ci ildən etibarən fəaliyyət göstərir. 2019-cu ildə muzey əsaslı təmir edilib. Rəssamın xatirə muzeyində 2117 eksponatı, Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə 499 eksponatı saxlanılır.

Ə.Əzimzadənin adı paytaxtdakı küçələrdən və parklardan birinə verilib. Ömər Eldarov onun mərmər büstünü hazırlayıb.

Qaynaq:

  1. İlqar Əhməd. “Cümhuriyyət dövründə satirik mətbuat: “Zənbur””. “Çapar” jurnalı, sayı 8, 2019.
  2. “Əzim Əzimzadə”, Bakı, 2013


Müəllif: Dilqəm Əhməd

NUH informasiya agentliyi səhifəsindən çap edilib