Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24129-.html

Rəhim Qazıyevin Şuşa ilə bağlı müsahibəsi, Zori Balayanın “xatirələri”

08.05.2020 08:56:04

Maqazin

Bizim işğal edilmiş rayonlarımızın qeyd etdiyimiz işğal günlərinin sayı qədər ermənilər də qələbə günləri qeyd edirlər. Şuşanın işğalını “Qələbədən daha böyük bir hadisə” adlandıran ermənilər bu uğurlarını tarixlərinin “misilsiz dönüşü” hesab edirlər.

 

 

Mayın 8-də növbəti işğal ildönümünü qeyd etməyə hazırlaşdığımız Şuşa ilə bağlı Ermənistan saytları bizdən fərqli olaraq qələbə əhval-ruhiyyəli yazılar yayımlayırlar.

 

Moderator.az ermənilərə məxsus “yerkramas” saytında bu cür məqalələrdən birində qeyd edilənlərin ibrətamiz tarixi əhəmiyyətini nəzərə alaraq oxucuların diqqətinə çatdırır:

 

 

“19 dekabr 1995-ci ildə “Golos Armenii” qəzeti, ölüm hökmünə məhkum edilmiş və həbsdən qaçmış Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyevin “Moskovskiy Komsomolets” qəzetinə verdiyi müsahibəni təkrar çap edib: “... Baş qərargah rəisinin müavini polkovnik Səfər Əbiyevi hücum qruplarının komandiri kimi Şuşa və Laçın rayonlarına göndərmək qərarına gəldim. O isə Qubadlı ilə Laçın arasındakı şəxsi heyəti və zirehli texnikaları qoyub qaçdı... Laçın rayonunda yerləşdirilən 4 briqadanın komandiri Elbrus Orucov, “Üç yeddi” (777) batalyonunun komandiri Rövşən Ələkbərov da Şuşa və Laçın rayonlarından qaçdılar...  Müxtəlif bəhanələrlə könüllülər və digər dəstələr də Şuşanı tərk etməyə başladılar. Bütün bunlardan sonra fərarilik və çaxnaşma gücləndi... Və bu fonda Şuşa yıxıldı”.

 

 

Məqalə müəllifi sonra erməni komandirlərinin Şuşa əməliyyatının hazırlıqlarından bəhs edir və iki tərəfin hərəkətlərini müqayisə edir. Müəllif mənfur Zori Balayanın kitabından sitat gətirir:

 

 

“Budur Zori Balayan 8-9 may1992-ci ildə Şuşa şəhərində baş verən proseslərlə bağlı özünün “Cəbhə gündəliyindən səhifələr” kitabında bu hadisələri necə təsvir edir: “Robert Köçəryan və Samvel Babayan komandanlıq postuna bir neçə dəfə gəldilər. Mən Roberti ilk dəfə hərbi geyimdə gördüm. Təlimat verirdilər, birlikdə bütün istiqamətləri avtomobillə gəzirdilər. Komandirlərin dediyi kimi, onların tövsiyələri və təklifləri əvəzsiz idi”.

 

 

Daha sonra Şuşa ilə bağlı əməliyyatdan bəhs edilir: “1992-ci il mayın 7-dən 8-nə keçən gecə, daha doğrusu, dəqiq saat 2:30 dəqiqədə. Samvel Babayan əməliyyat planını yerinə yetirərək Lisaqor lokatrının 2214, 8 koordinatına çatdı. Bu barədə komandir Arkadi Ter-Tadevosyana  məlumat verdi: “44-cü əlaqədədir: hündürlük və şose yolunu nəzarətə götürdük, hücuma başlaya bilərik”. Artıq mayın 9-da, səhər saat 6-da erməni birləşmələri şəhərə girdilər”.

 

 

Hər halda əlavə sözə ehtiyac yoxdu... Azərbaycanın hərbi rəhbərliyi ilə erməni hərbiçilərinin davranışlarının müqayisəsi hər şeyi deyir...

 

Burada diqqəti çəkən bir fakta bir daha nəzər yetirməkdə fayda var. Azərbaycan qüvvələri artıq mayın 8-də Şuşanı boşaltsalar da erəmənilər Şuşaya bir gün sonra - mayın 9-da daxil olurlar...

 

 

Ona görə də ermənilər 9 mayı “Üçqat bayram” kimi qeyd edirlər: II Dünya müharibəsindəki qələbəni, Dağlıq Qarabağ “özünümüdafiə dəstələrinin yaranması günü”nü və Şuşanın “azad edilməsi günü”nü...

 


Taleh


P.S. Biz isə hər il işğal günlərini qeyd etməklə işimizi bitmiş hesab edirik...    

NUH informasiya agentliyi səhifəsindən çap edilib