Dərc edilib: 08-05-2020

https://www.nuh.az/24133-.html

Stalinin düşmənı hələ də həbsdə saxlanır

08.05.2020 10:27:14

Dünya

Rusiyanın Kareliya Respublikasının Ali Məhkəməsi 64 yaşlı tarixçi Yuri Dmitriyevin şikayətini rədd edərək onun həbsdə saxlanması haqda qərarı qüvvədə saxlayıb.
Moderator.az xəbər verir ki, məhkəmə prosesi qapalı keçirilib. 
Dmitriyevin müdafiəçiləri onun məhkum edilməsinin arxasında nifrət faktorunun dayandığını düşünürlər. Uzun illərdir SSRİ-yə və Stalinə mənfi münasibətinə görə Putin rejiminin təzyiqi ilə üzləşən tarixçi ilk dəfə 2018-ci ildə tutulmuşdu. Əvvəlcə o, Petrozavodskda uşaq pornoqrafiyası ilə məşğul olmaqda ittiham edilirdi. Sonradan yetərli dəlil-sübut olmadığından məhkəmə ona bəraət verib. Ancaq bir müddət sonra ona yeni ittiham irəli sürülüb. Bu dəfə alim azyaşlılara cinsi təcavüz etməkdə günahlandırılıb və yenidən həbs olunub. 
Hazırda istintaq gedir. Yuri Dmitriyevin saxlandığı istintaq təcridxanasında koronavirusa yoluxma halı aşkar edilib. Rusiyanın 150 tanınmış elm və mədəniyyət xadimi Ali Məhkəmənin sədri Anatoli Nakvasa müraciət etsə də, bu, nəticə verməyib. Müdafiəçiləri Yuri Dmitriyevin bilərəkdən riskli şəraitdə saxlandığını deyirlər.
Tarixçiyə qarşı belə bir münasibətdən narahat olduğunu dilə gətirən rus ziyalıları tezliklə bu ləkənin silinməsi üçün işə yenidən baxılmasını istəyirlər. Yuri Dmitriyevin həbs olunması onun keçmiş fəaliyyəti ilə əlaqələndirilir. Belə ki, 1990-2000-ci illərdə o, Stalin repressiyası qurbanlarının kütləvi şəkildə güllələnib basdırıldığı neçə-neçə məzarlıq aşkar etmiş, qətlə yetirilənlərin ən böyük qəbristanlığının isə Rusiyanın şimal-qərbində olduğunu sübut etmişdi. Yaxınlarının dediyinə görə, güc orqanlarını çoxdan bezdirən antisovet və antistalinçi alim polisin hədəfində idi. Ziyalı dostları vurğulayırlar ki, Dmitriyev məhz Rusiyanın utanc verən tarixini işıqlandırdığına görə həbsdə saxlanır və ondan Stalinin qisasını alırlar.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib