Dərc edilib: 10-05-2020

https://www.nuh.az/24169-.html

Əbəlfəs Qarayev istefa ərizəsi yazıb..

10.05.2020 09:44:42

İdman

26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən nazirin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir...
musavat.com   xəbər verir ki, Azərbaycanın uzunömürlü nazirləri çox idi. İndi o siyahıda qalan azsaylı nazirlərdən biri də Əbülfəs Qarayevdir.  Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman  və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tutur. Göründüyü kimi, Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliklərdə dəyişməyən bir "M” hərfi-yəni mədəniyyət sahəsidir. Əbülfəs Qarayev "dövlət tərbiyəsi” görmüş məmurlardandır. Yəni vəzifəyə bərkə-boşa çıxaraq gəlib. Əmək fəaliyyətinə Saatlı rayonundakı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb, sonralar Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələrdə çalışıb. Nazir stajı az qala müstəqilliyimizlə yaşıddır... 
26 ildir nazir işləyən Əbülfəs Qarayev haqda mediada sərt tənqidi yazıları, şəxsən mən xatırlamıram. Mədəniyyət ölkənin vacib və spesifik sahəsi olsa da, Əbülfəs Qarayev məşhur Qara Qarayevlər nəslinin nümayəndəsi kimi bu ada olan hörməti ictimai davranışları ilə qorumağa çalışıb. Bəlkə də tənqidçi media zamanında həm də  tanınmış korifey əmisinə görə onun üzərinə çox getməyib. Hər halda, nazirin uzun ömürlü olmasının səbəblərindən biri də ola bilsin, medianın məsuliyyətidir ki, mədəniyyət nazirinin rəhbərlik etdiyi strukturlara zamanında lazımı diqqət yetirməyib. Yoxsa iş bəlkə də DTX əməliyyatına qədər uzanmaya da bilərdi.   
Dövlət başçısı bu gün nazirlikdə tutulan iki nəfərin işdən çıxarılması barədə sərəncam imzalayıb. Məhkəmə isə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Nazirin gözlənilən reaksiyası da bir neçə saat əvvəl yayılıb...
Nazirin Mədəniyyət Nazirliyindəki həbslərə reaksiyasına doğrusu, təəccüblənmədim. Nazir DTX-nın həbsləri haqda deyib ki, bir dövlət orqanı başqa bir qurumda əməliyyat keçirib: "Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”. "Hüquqi dövlət, neqativ, aydınlaşma...”Nazir bu xatırlatmalarda hüququ baxımdan tam haqlıdır, amma Əbülfəs Qarayev ən vacib olanı unudub. Məsuliyyəti! Hüquqi məsuliyyəti demirəm, mənəvi məsuliyyəti yada salıram... 
Əbülfəs Qarayevin qısa açıqlaması vizual olmayıb, bu səbəbdən reaksiyasını görməsək belə, onun son 48 saatda hansı hislər keçirdiyini bilmək o qədər də çətin deyil. Əgər rəhbərlik etdiyi quruma Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlib ən yaxınındakı adamları korrupsiya ittihamı ilə kabinetlərində həbs edirsə, papağını qarşına qoyub fikirləşməlisən. Amma bəlkə də fikirləşməkdən də artıq keçib, qərar qarşına qoya biləcəyin ağ vərəq və qələmdədir bəlkə də... 
Əgər nazir hüquqi dövlət deyirsə, dərhal istefa vermək də hüquqi və mənəvi baxımdan ən doğru qərar deyilmi? "Mən Qarayev Əbülfəs, xahiş edirəm ki...” Bunları yazmaq çətin iş sayılmaz, yəqin ki, bunca zaman nazir işlədikdən və baş verənlərdən sonra həm də... Vaxtında həm də alnıaçıq getmək nazir və ya fəhlə olmağından asılı olmayaraq, hamıya yaraşan seçimdir. Əbülfəs Qarayev ona yaraşanı seçəcək, əlbəttə ki.. 
26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir. Hələ ki, hüquqi yox, mənəvi məsuliyyətidir. Bu, fəxri ad almaq üçün adlarını siyahıya düşməyən adamların etirazı deyil axı. Böyük bir nazirlikdə təşkilatlanmış korrupsiya şəbəkəsinin DTX səviyyəsində ifşasıdır. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov milyon dollara "Torqovı” da obyekt alır, nazirin bundan xəbəri olmursa, müavin Rafiq Bayramov büdcə vəsaitlərini talayır, mədəniyyət şöbələrinə rəhbərlərinə rüşvət alıb təyin edirsə və nazirin bundan da xəbəri olmursa...yenə istefaya getmək gərəkdir. Çünki bunları nəzarətdən yayınaraq ediblər, naziri işə həm də işçilərinə nəzarət üçün təyin edirlər...Əbülfəs Qarayev ən azı istintaq dövrünədək vəzifədən çəkilməli, baş verənlərlə bağlı deyəcəkləri varsa, deməlidir. Cəmiyyətə deyə biləcəyi isə istefaya getməsidir.  
 Əbülfəs Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Əbülfəs Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi  yaradıldı. Əbülfəs Qarayev isə bundan sonra  lap "kölgəyə çəkildi”.  
Görünür, bunu fürsət bilən yaxın ətrafındakı adamlar isə rüşvətə o qədər "qaz” veriblər ki, səsi ta DTX-yadək gedib çıxıb.
Əbülfəs Qarayevin 26 illik karyerasının bu cür sonluğuna görə təəssüflənməmək olmur...
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib