Dərc edilib: 11-05-2020

https://www.nuh.az/24190-.html

Milli Mücadilənin liderlərindən biri Sirus Təbrizlinin ad günüdür

11.05.2020 09:12:35

LIVE

Azərbaycan xalq hərəkatının fəallarından olmuş mərhum ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizlinin doğum günüdür.

Sirus Təbrizli Xudadat oğlu 1942-ci il  mayın 9-da Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Rus və fars dillərini bilirdi.

Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Sirus Təbrizli 2013-cü il sentyabrın 7-də vəfat edib.


Onun haqqında xatirələrini Modern.az-la bölüşən sabiq deputat, professor Şahlar Əsgərov qeyd edib ki, Sirus Təbrizli parlaq şəxsiyyət, peşəkar jurnalist idi:


“Məşhur bir ifadəsi var – “Qartallar göydə tək uçurlar”. Elə dediyi kimi də, dəstəyə qoşulmağı xoşlamayan adam idi. Azərbaycanın azad olmasını çox istəyirdi, ona görə 1990-cı illərdə mitinqlərin aparıcısı idi. 1991-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşüb, yeni partiyanın yaradılması məsələsini müzakirə etmişdi. Heydər Əliyev əvvəl demişdi ki, bu işə gənclər qol qoysa, daha yaxşıdır. Ulu öndərin bu fikrinə Sirus Təbrizlinin yaddan çıxmayan bir cavabı olub – “Gənclərin yanında ağsaqqal sözünə ehtiyacımız var”. Sonra isə Sirus Təbrizli 91 ziyalının müraciətini təşkil edib, Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edilməsinə vasitəçi oldu. Beləliklə, Yeni Azərbaycan Partiyası yaradıldı. Qısa zamanda formalaşsa da, partiya sürətlə genişləndi.


Heydər Əliyev prezident seçildikdən sonra YAP iqtidar partiyası oldu.


Sirus Təbrizli orijinal düşüncəli insan idi. Öz üzərində daim işləyir, mütaliə ilə məşğul olurdu. Qış aylarında qarda yuyunmağı, buzlu suda çimməyi ilə məşhur idi. Unikal insan idi.


Bizim xalq olaraq, xarakterimizdə o qədər də qədirbilənlik yoxdur. Sirus vəzifəbaz insan deyildi. Halbuki, indi vəzifəyə can atanlar çoxdur. Yeni Azərbaycan Partiyası yaradılanda Heydər Əliyevi sevən, həqiqi vətənpərvər insanlar, təmənna güdməyən səmimi şəxslər qeydiyyatdan keçdilər. Qalanlar yaxın durmurdular. Amma Heydər Əliyev prezident seçildikdən sonra, partiya iqtidara keçəndən sonra YAP-a yığışanların sayı artdı. Hətta başqa partiyalarda təmsil olunan şəxslər də YAP-a keçdilər. Halbuki, sonradan gələnlər vətənsevər deyil, vəzifəsevənlərdir. Mən insanıram ki, Sirus Təbrizli həyatda olsaydı, o da bunu deməkdən çəkinməzdi”.


Sirus Təbrizlinin məşhur fotolarını təqdim edirik.

 

 

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib