Dərc edilib: 12-05-2020

https://www.nuh.az/24208-.html

Hər bir qurumun rəhbəri baş verənlərə görə birbaşa məsuliyyət daşıyır

12.05.2020 12:01:27

Müsahibə

Təkamül Partiyasının sədri  Teyyub Qənioğlu 

 

 

Hər bir qurumun rəhbərləri bu qrumda baş verən hadisələrə  görə birbaşa məsuliyyət daşıyırlar

 


Dövlət Təhlükəsizlik Xidmətinin son aylar ərzində korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirdiyi əməliyyatlar ölkəmizdə kadr islahatları sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini bir daha əyani şəkildə nümüyiş etdirməkdədir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Respublika Prokurorluğunda həyata keçirilən kadr islahatları bu sahədə tədbirlərin davam edəcəyinə əsaslı inam yaradır. Son illər ərzində ilk dəfədir hiss olunur ki, ölkəmizdə Baş Nazir, dövlətin təhlükəsizliyini qoruyan orqan, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəldilməsində siyasi iradə vardır.
DTX-nin son günlər, xüsusilə də, Mədəniyyət Nazirliyində həyata keçirdiyi tədbirlər göstərir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istisnasız olaraq belə halların baş verdiyi bütün hakimiyyət və idarəetmə orqanlarında həyata keçiriləcəkdir. Nazirlik səviyyəsində ilk yoxlamaların Mədəniyyət Nazirliyindən başlanılması təsadüfi hesab edilməməlidir. Mübaliğəsiz demək olar ki, bu nazirlik korrupsiyanın və rüvətxorluğun ən çox tuğyan etdiyi və buna görə də, ən utanverici idarəetmə orqanıdır.
Mədəniyyət ölkənin ən vacib, strateji və spesifik sahəsidir. Xalqın mədəni səviyyəsinin formalaşmasında və yüksəldilməsində, gənc nəslin tərbiyəsində, milli mənliyin, milli mentalitetin, vətənpərvərlik, vətənə məhəbbət hissinin formalaşmasında, mədəni irsin qorunmasında mədəniyyət sahəsinin rolu misilsiz və əvəz edilməzdir. Bu nöqteyi-nəzərdən yanaşıldıqda Mədəniyyət Nazirinin müavini Rafiq Bayramovun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mədəniyyət işçisinə yaraşmayan qanunazidd əməlləri xüsusilə ikrah doğurur.Təbbidir ki, onlar törətdikləri qanunazidd əməllərinə görə qanun qarşısında cavab verəcək və lazımi cəzalarını alacaqlar. Bəs onlara bilavasitə rəhbərlik edən, onların fəaliyyətinə görə birbaşa məsuliyyət daşıyan, 26 ildir ki, mədəniyyət sahəsini "idarə edən" cənab nazir Əbülfəz Qarayev bu nazirlik sistemində baş verən korrupsiya və rüşvətxorluq hallarına görə cavab verəcəkmi və ya ondan cavab soruşulacaqmı? Bu nazirlik sistemində baş verən rüşvətxorluq hallarına, xüsusiələ də, fəxri adların (xalq artisti, əməkdan artist, əməkdan mədəniyyət və incəsənət xadimi və s.) verilməsi sahəsində, rüşvətxorluğun tuğyan etməsi barədə KİV-də saysız-hesabsız yazıların getməsindən nazirin xəbəri yoxdurmu? Yoxdursa-pis, varsa, tədbir görmürsə-çox pis! Kimdir bütün bu qanunazidd hərəkətlərə "rəhbərlik edən", mənəviyyatdan xəbəri olmayan, ancaq xalqa mənəviyyat dərsi keçənlərə, tərbiyə və əxlaq sahəsində qüsurları olan, ancaq başqalarına tərbiyə verməyə, əxlaq dərsi keçməyə cəhd edənlərə, öz bədən quruluşlarını nümayiş etdirməkdən başqa istedadı olmayanlara "nəyinsə müqabilində" fəxri adlar verən ?
Xatırlatma: idarəetmədə vahid rəhbərlik prinsipi vardır. Bu prinsipə görə səviyyəsindən asılı olmayaraq hər bir qrumun rəhbərləri bu qrumda baş verən hadisələrə görə birbaşa məsuliyyət daşıyırlar! İstər nazir olsun, istərsə də, icra başçısı və s....
Ümidvarıq ki, DTX korrupsiyaya, rüşvətxorluğa və dövlətimizin təhlükəsizliyinə ziyan vura biləcək digər qanunazid hərəkətlərə qarşı apardığı mübarizədə bu prinsipi daim (kimliyindən asılı olmayaraq) nəzərə alacaqdır. Bu işdə DTX-nə dönməzlik və uğurlar arzu edirik.

 

11 may 2020

NUH informasiya agentliyi səhifəsindən çap edilib