Dərc edilib: 16-05-2020

https://www.nuh.az/24285-.html

Bu həkimə cinayət işi açılmalıdır – Millət vəkili

16.05.2020 10:15:07

LIVE

Artıq 3 gənc xanımın ölümünə səbəb olan iranlı həkim Sirus Qoçxani haqqında həm Səhiyyə Nazirliyi, həm də prokurorluq geniş araşdırma aparmalıdır.


Bu sözləri Axar.az-a millət vəkili, tibb elmləri namizədi Musa Quliyev uzun illərdir Azərbaycanda özəl klinikalarda plastik əməliyyatlar həyata keçirən iranlı həkim Sirus Qoçxaninin artıq 3-cü şəxsin ölümünə səbəb olmasına baxmayaraq, məsuliyyətə cəlb edilməməsi haqda danışarkən deyib.

M.Quliyevin sözlərinə görə, əgər müvafiq dövlət qurumları bu həkimlə bağlı addım atmırlarsa, açıq şəkildə deməlidirlər ki, biz Qoçxanidən qorxuruq, ona gücümüz çatmır, buna görə də Azərbaycanda nə istəyir, edir:

“Bu qədər də olmaz axı! Onun əməliyyatları zamanı neçə cavan, gənc qız dünyasını dəyişib. Gözləyirlər ki, növbəti qurbanlar da olsun, bundan sonra həmin həkimlə bağlı tədbir görülsün? Sirus Qoçxaninin apardığı əməliyyatlar tibbi göstərişi olmayan əməliyyatlardır. Belə halda insan ölümü, xüsusilə də gənc və sağlam insanların ölümü Səhiyyə Nazirliyini, TƏBİB-i, əməliyyatın baş verdiyi klinikanı, hüquq-mühafizə orqanlarını ciddi düşündürməli, narahat etməlidir”.

Millət vəkili bildirib ki, özəl klinikalara Səhiyyə Nazirliyinin müdaxilə etmək imkanının olmaması yanlışdır:

“Buna imkan yaradılmalıdır. Ölkənin səhiyyə siyasətini bir təşkilat həyata keçirir. Bu baxımdan, dövlət xəstəxanalarına olduğu kimi, nazirliyə özəl klinikalara da müdaxilə imkanı verilməlidir. Klinikanın özəl olması o demək deyil ki, dövlətin qayda-qanunu orada işləməsin”.

Deputat dövlət qurumlarını bu məsələ ilə bağlı araşdırma aparmağa çağırıb:

“Öyrənilməlidir ki, bu insan burada işləməyə hansı sənədlərlə gəlib, hansı müqavilə ilə işləyir?! Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Miqrasiya İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi araşdırma aparmalıdır. Bir həkimin əlində 3 sağlam insanın dünyasını dəyişməsi adi hal deyil. Xüsusilə gənc qızların son günlər bu kimi plastik əməliyyatlara meyilli olduğunu nəzərə alaraq bir tədbir görülməlidir. Pasiyent çox şey istəyə bilər. Həkim bildirməlidir ki, bu xəstəyə belə əməliyyat olar, ya olmaz. Zərurət olmadıqca belə əməliyyatlara imkan verilməməlidir. Plastik əməliyyatlarla bağlı təlimatlar hazırlanmalıdır”.

Xatırladaq ki, “Baku Medical Plaza” klinikasında iranlı həkim Sirus Qoçxaninin etdiyi plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.

Bundan öncə Qoçxaninin həyata keçirdiyi əməliyyat zamanı Elmi-Tədqiqat Ağciyər İnstitutunun həkim-ginekoloqu Sona Gürgün Vəliyeva, 2017-ci ildə isə 22 yaşlı model Leyla Oruclu dünyasını dəyişmişdi.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib