Dərc edilib: 23-05-2020

https://www.nuh.az/24361-.html

“Elçin Quliyev rüşvət almasa belə, məsuliyyət daşıyır”

23.05.2020 14:12:50

Hadisə

Bir sıra hakimiyyət orqanlarında korrupsiya və rüşvətxorluqla mübarizə  ilə bağlı aparılan həbslərdən sonra “indi növbə kimindir” sualı aktual mövzuya çevrilib. 
Neftçala, Biləsuvar, İmişli rayonlarının icra başçılarının  həbsindən sonra proses daha yuxarı dövlət strukturlarına yayılmağa başlayıb. Mədəniyyət Nazirliyindəki korrupsiya faktları və həbslər sonda nazir Əbülfəs Qarayevin vəzifəsini itirməsi ilə nəticələndi. 


Qeyd edək ki, analoji hadisələr Dövlət Sərhəd Xidmətində də yaşandı . DSX rəis müavini, general-leytenant  Əfqan Nağıyev və Sahil Mühafizə Xidmətinin beş nəfər yüksək rütbəli zabiti həbs edilib. Onlar vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün  çoxsaylı  Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməkdə ittiham olunur. 

Bu hadisədən sonra DSX-nin rəisi Elçin Quliyevin də vəzifədən çıxarılacağı ilə bağlı ehtimallar səslənir. Hələlik məsələnin görünən tərəfi ölkədə korrusiya və rüşvətxorluqla mübarizə dalğasının DSX-dən yan keçməməsidir. İctimaiyyət üçün  bir növ qapalı quruma çevrilən DSX-da vəziyyətin heç də ürəkaçan olmadığı məlum olur. Lakin bir sual hələ cavabını gösləyir. 

Təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bizimxeber.az-a açıqlamasında rüşvətxorluqla mübarizə tədbirlərinin ciddi effekt vermədiyini dedi. 
Onun sözlərinə görə, hər bir dövlət orqanında baş verən korrupsiya və rüşvət hallarında rəhbərliyin xəbəri  olur. Ona görə həmin qurumların rəhbərləri baş verənlərə görə hüquqi məsuliyyət daşıyır: “İstər Mədəniyyət Nazirlyində, istər Dövlət Sərhəd Xidmətində rüşvət hallarının rəhbərliyin xəbəri olmadan baş verməsi mümkün deyil. 
Çox təəssüf ki, Azərbaycanda çox pis ənənə var. 2015-ci ildə keçmiş Milli Təhlükəsilik Nazirlyinin rəhbər strukturlarındakı vəzifəli şəxslərin əksəriyyəti həbs edildi. Amma nazirə toxunmadılar. Həmin proses indi də davam edir. Əgər hər hansı hakimiyyət  orqanında rüşvətxorluq varsa, buna görə də həmin quruma rəhbərlik edən şəxslər məsuliyyət daşıyır.

Çünki bu elə məsələdir ki, son nəticədə rəhbərliyin nəzarətindən keçir. Yəni nəyi isə imzalamaq, icazə vermək, hansısa bir işi görmək rəhbərliyin iradəsindən kənar  qala bilməz. Əgər rəhbərlik bunu bilmirsə, deməli o öz yerində deyil, öz işinə səhlənkar yanaşıb. Yəni hər iki mənada rəhbərlər tutduğu vəzifədən uzaqlaşdırılmalıdır.

Onların günahının olmadığını düşünmək inandırıcı deyil. Lakin  baş verən hadisələr yalnız həmin orqanlarda islahatların, dəyişikliklərin aparılması ilə yekunlaşmamalıdır. Bütün ölkədə islahat aparılmalıdır. Naziri və ya müavini işdən çıxartmaqla problemi həll etmək mümkün olmayacaq. İdarəetməni elə təşkil etmək lazımdır ki, rüçvət hallarına yol verilməsin”.

İlham İsmayılın sözlərinə görə, Elçin Quliyevin DSX-nin rəisi vəzisindən çıxarılması mümkündür: “Elçin Quliyevi indi də çıxartmaq olar. Əgər o, rüşvət almayıbsa belə, işini pis yerinə yetirdiyinə görə vəzifədən azad edilə bilər. Elçin Quliyev görünür, öz işinin öhdəsindən gəlməyib, pis rəhbərlik edib, səhlənkarlıq edib. Xüsusilə də Dövlət Sərhəd Xidməti hərbi strukturdur. Ona görə də hər iki halda rəhbərlik cəzalanmalıdır”.

Azad
Bizimxeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib