Dərc edilib: 26-05-2020

https://www.nuh.az/24397-.html

Oğurluq pullar geri qaytarılır

26.05.2020 21:54:31

İqtisadiyyat

Qubad İbadoğlu 

 

 

Müasir dünyada oğurluq pulları gizlətmək çox çətin olub. Hazırda xüsusilə də maliyyə xarakterli informasiyalara əlçatanlığın yüksəldilməsi sivil ölkələrin qanunvericiliyindəki dəyişikliklərin hədəfindədir. Baxmayaraq ki, Azərbaycanda hələ də şikrətlərin yaradıcıları, səhmdarları, ödənişləri barədə məlumatlara çıxış yasaqdır, düşünürəm ki, bu da çox çəkməz.
Son günlər London məhkəməsi adları hələ ki, çəkilməyən ər-arvad tərəfindən ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinqi (17 milyon dollar və ya 29 milyon manat) araşdırır. Buna dair sübutlar məhkəməyə sözü gedən ər-arvada dair “çirkli pul” iddialarını araşdıran Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən təqdim olunub.
"Turan"-ın Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında Azərbaycanın xarici işlər nazirinin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,25 mln. ABŞ dollarına iki mənzil alıb. Bu məsələni araşırmaçı jurnalist Cavanşir Həsənli gündəmə gətirib.
Bu günlərdə Özbəkistan hakimiyyəti keçmiş prezidentin qızı Gülnarə Kərimovaya məxsus Fransadakı əmlakların müsadirəsindən və satışından sonra əldə olunan 10 milyon dolların ölkəyə qaytarıldığını açıqlayıb. Bunun ardınca Gülnarə Kərimovaya məxsus yüz milyonlarla İsveçrə frankı məbləğində vəsaitin də müsadirə edildiyinə görə geri qaytarılacağı gözlənilir.
Göründüyü kimi, bu məsələlərin də zamana ehtiyacı vardır, vaxt gələcək ki, gəlirlər və əmlaklar bəyan edilməsə də belə hər kəs azad informasiya məkanında vəzifəsindən və statusundan asılı olmayaraq kimin harda nələri olması barədə informasiyaya birbaşa çıxış əldə edəcək. Odur ki, heç nəyi gizlətmək mümkün olmayacaq, xüsusilə də oğurluq pulları. Zamanın gələndə onlar əsil sahibinə, Azərbaycan xalqına qaytarılacaq.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib