Dərc edilib: 30-05-2020

https://www.nuh.az/24449-.html

Roma klubu: Yeni dünya nizamı və Vahid bəşəriyyət planı (FOTO)

30.05.2020 13:44:01

Dünya

2017-ci ildə dünyanın intellektual və siyasi elitasının qabaqcıl baxışlarını ifadə edən nüfuzlu "Roma klubu”nda kapitalizmın və maliyyə maxinasiyalarının kəskin tənqidi, alternativ iqtisadiyyat, materializmdən və dünyanın sadələşdirilmiş qavranılmasından imtina, "yeni Aydınlanma” və ruhani-mənəvi dünyagörüşü, vahid planetar harmonik sivilizasiya quruculuğu yolları və s. müzakirə edilib. "Come On!” başlığı verilmiş illik məruzədə aşağıdakı zərurətlər diqqətə alınmışdı:

1) "boş dünya” mərhələsində yaranmış "milli dövlət fəlsəfəsi”nin bütün mənalarda yenidən işlənilməsi zərurəti;
2) "dolu dünya” mərhələsinə qədəm qoymuş bəşəriyyətin özünə bir çox sərhədlər qoyması zərurəti;
3) sivilizasiyanın inkişaf paradiqmasının köklü dəyişiminin qaçınılmazlığı;
4) dünyanın hal-hazırkı halının fəlsəfi kökləri, xilas kimi - insanların dünyagörüşünün fundamental dəyişməsi, ziddiyətlərin barışdırılması, müdrikliyin, balansın tapılması zərurəti. 
Roma klubunun bu toplantısında Pol Raskinin "Gələcəyin taksonomiyası” futuroloji layihəsi - "Böyük keçid” (Great Transition), "Vahid bəşəriyyət” formalaşdırma layihəsi, "Ümumdünya yenidənqurma” variantlarının bir neçə ssenarisi də diqqətə alınmışdı. 
Pol Raskin "Gələcəyin taksonomiyası” rəsmində bəşəriyyətin üç mümkün yolunu, üç trayektoriyasını çəkir (Courtesy Paul Raskin, www.tellus.org/integrated-scenarios/ taxonomy of the-future). 
Birinci – adi yol – Şərti Dünyalar (Conventional Worlds) - bazar iqtisadiyyatı gücünə (Market Forces) və dövlət reformlarına (Policy Reform) ayrılır. Rəsmdə bu  yol qara xəttlə verilir. XXI əsrin tələbatlarına, çağrışlarına XX əsrin əski ideyaları ilə reaksiya vermək, bazar iqtisadiyyatı mexanizmləri, ərazi şovinizmi, sonsuz istehlakçılıq və sonsuz inkişaf illüziyası yoludur. 
İkinci yol – barbarlıq (Barbarization) yoludur. Qalaya çevrilmiş (Fortress World) və  Sınmış, qəzaya uğramış dünyalar (Breakdown) əks yollara ayrılır. Rəsmdə qırmızı xəttlə verilmiş bu yol - bəşəriyyətin ən arzuolunmaz gələcəyidir. Əhalinin artımı, barbarcasına təbii sərvətlərin tükədilməsi, su, qida, enerji qıtlığı, kasıb və varlı arasında uçurumun dərinləşməsi, pluralizmin tuğyanı yoludur. Bu yolda kütləvi vəhşiləşmə, zombiləşmə (yəni insani mahiyyətdən, mənadan çıxma) təhlükəsi və fəlakəti gizlənir.
Ən arzulanan – üçüncü yol – mavi xətlədir, Böyük Keçid adlanır. Vahid dünya və bir çox sahələrdə "ölçülü pluralizm” deməkdir. Ekoloji rabitə (Eco-communication) və Yeni Paradiqma (New Paradiqma) yollarına ayrılır. Bu yolda istehsal-istehlak özbaşınalığı, əhalinin kor-təbii artmasının qarşı alınacaq, iqtisadi dövriyyələr stabilləçəcək, təhsil, mədəni, ruhaniyyət, sosial ədalət güclənəcək. Kosmopolitizm, qlobal vətəndaş hərəkatı, qlobal ədalət, pasifizm, qeyri-milli ümümdünyəvi, ortaq dəyərlər, sərhədlərin qaldırılması, bütün insanları vahid mənəvi müstəviyə gətirilməsi yoludur.
Bəşəriyyəti birləşdirə biləcək Yeni humanizm, universal inqilabi xasiyyətə malik yeni həyat fəlsəfəsi, cəmiyyəti qeyri-zorakı yolla keyfiyyətcə dəyişimə gətirməyi nəzərdə tutur. Milli-etnik özəlliklərin aradan qaldırılması bahasına başa gələ biləcək bu Böyük Keçid layihəsi dünyada birmənalı qəbul edilmir, ona qarşı antiqlobalizm hərəkatı dirəniş göstərməyə cəhd edir. 
Hələ 1985-ci ildə Asif Ata "Olan və Olmayan” kitabında kosmopolitizm haqda bunları yazmışdı: "Xalqların yaranması həm Mənəviyyat, həm də yaradıcı İdrakın əvəzsiz qələbəsi idi. Xalqları təzədən sürüyə qaytarmaq – onların ləyaqətini tapdalamaqdır. Xalqlar arasında münaqişələr mövcuddur, bu münaqişələrdə insani naqislik bariz şəkildə aşkara çıxır, müharibə dəhşətində çox vaxt yırtıcılıq qələbə çalır. Fəqət bu fəlakətlərin heç biri bəşərin yenidən sürüləşməsi dəhşətindən artıq deyil. Sürüləşən, aradan çıxan, məhv olan xalqlar faciəsi – bir-biriylə döyüşən, bir-birini Yer üzündən silməyə çalışan ölkələr faciəsindən kiçik deyil!.. Hər ikisində insanın özü üzərində qələbəsinə İnam yoxdur. Xalqların bəşəriləşməsi – bəşərin ölməsi deməkdir. Çünki xalq – bəşəriyyətin yeganə mövcudluğudur”.
Hazırladı: İlahə İcaruh

NUH informasiya agentliyi səhifəsindən çap edilib