Dərc edilib: 14-06-2020

https://www.nuh.az/24612-.html

Sovet təyyarəsini Türkiyəyə qaçıran azərbaycanlı..

14.06.2020 14:21:23

Maraqlı

Sovet təyyarəsini qaçıran azərbaycanlı. İstanbulun yağışlı bir günüdür. Dostum Yusif Gədikli ilə Həsən Zeynalının evinə gedirik. Həsən bəyin evi qaldığımız yerdən çox uzaqdır. Həsən bəy "Məzhərbəy” küçəsində, Hüzur apartmanında yaşayır.

Yağış yağır. Hər ikimiz islanmışıq. Yusif bəydən ötrü çox narahatam. Saf ürəkli, xeyirxah adamdır. Neçə gündür ki, işini, gücünü atıb, mənimlə gəzib dolaşır. O olmasa idi, bu qədər adamla görüşə bilərdimmi? Səkkiz milyona yaxın əhalisi olan, tanımadığım İstanbulda kimisə arayıb axtarmaq asanmı işdir?
Yağış yağır. İstanbulun ağ evləri, geniş küçələri yağış suyu ilə yuyunub şəffaflaşır. Biz isə bu yağışın altında islana-islana Sovet İttifaqından qırx səkkiz əvvəl Türkiyəyə təyyarə qaçıran adamla görüşə gedirik.
Görüşə bir saat geciksək də, Həsən bəy bizi səmimiyyətlə qarşılayır. Böyük həvəslə M.Ə.Rəsulzadə haqqında söhbətə başlayır.
− Əmin bəyin adını çoxdan eşitmişdim. Amma ilk görüşümüz 1948-ci ildə Ankarada oldu. Elə ilk görüşümüzdən hiss etdim ki, o, "Azərbaycan davası”nı necə davam etdirmək əzmindədir. Sonradan Ankarada Kültür Dərnəyi yaradıldı. Mən o Dərnəyin genel sekretarı seçildim. Əmin bəy də Fəxri başqanımız idi. Tez-tez görüşürdük. Hərdən xoş söhbətləri olurdu. Bir dəfə dedim ki, Əmin bəy, necə məsləhət bilirsən, səndən sonra yerində kimi görmək istərdin? Gülüb dedi: "Məni belə tezmi öldürmək istəyirsən?” Rəhmətliyin xəfif-xəfif gülməyi vardı.
Bir dəfə Əmin bəyə dedim ki, özümlə bir neçə yüz təyyarəçi götürüb, hücum edib Azərbaycanı xilas edək (o zaman Türkiyə ordusunda təyyarəçi idim). Əmin bəy bu sözdən acıqlandı. Dedi: imperiyanı bir neçə yüz təyyarə ilə dağıtmaq olmaz. Ümumiyyətlə, Əmin bəy Azərbaycanın xilas yolunu yalnız güclü təbliğat aparmaqda, xalqı bu yolla ayağa qaldırmaqda görürdü. Hətta o zaman bir neçə dəliqanlı cavanlardan imperiyanı saxlayanlara qarşı terrora başlamağı da təklif edənlər olurdu. Lakin Əmin bəy bunları qəbul etmirdi. Mənə isə həmişə deyirdi:
− Sən çox odlu-alovlusan. Lap köhlən at kimisən. Gərək cilovunu tez-tez çəkəsən.
Bir dəfə yenə maraqlı hadisə oldu. Əmin bəy "Qurtuluş” radiosu ilə Azərbaycan xalqına müraciət etməyə hazırlaşırdı. Bizi başına toplayıb dedi: "Mən radioda çıxış etməliyəm. Özü də Azərbaycan şivəsində danışmalıyam. Ona görə də gəlin bir az Azərbaycan şivəsində danışaq”.
Elə təzəcə oturmuşduq ki, üzümü Əmin bəyə tutub dedim: "Əmin bəy, biz şimdi söhbəti nədən başlayaq?” Əmin bəy gülüb dedi: "Durun dağılışaq. Biz heç söhbətə başlamamışıq, indidən "şimdi, şimdi” deyirsiniz.
Xoşxasiyyət adam olan Əmin bəy şəkər xəstəliyindən əziyyət çəkirdi. Ciddi dieta saxlayırdı. Tez-tez ispanax, limon, apelsin yeyirdi.
Rəhmətə getməyini sonradan eşitdim. İkimiz də eyni xəstəxanada yatırdıq. Bir-birimizdən xəbərsiz. Mən huşsuz və və ağır vəziyyətdə olduğumdan onun ölümündən xəbər tutmamışam. Xəstəxanadan çıxandan sonra məzarı üstünə gedib acı göz yaşı tökdüm.
Sonra Həsən bəy əlini ürəyinin üstünə qoyub "Əmin bəyin qəbir bax burdadır, burda” deyərək ağladı.
Yenə İstanbuldayam. Yusif Gədikli ilə İstanbulun məşhur "Qapalı çarşı” bazarına gedirik. Orada bizi Həsən İsmayıllı gözləyir. Həsən bəylə çoxdan görüşmək istəyirdik. Amma Polşaya getdiyindən görüşə bilməmişdik. Oğlu Muradla artıq görüşüb tanış olmuşuq. Murad "Qapalı çarşı”nın hörmətli zərgərlərindəndir. Satış dükanında da ilk diqqətimi cəlb edən üç rəngli bayrağımız, bir də onun altında yazılan: "Bir dəfə yüksələn bayraq bir daha enməz!” sözləri olmuşdu. Əsilləri Azərbaycandan, Cəbrayıl rayonundandır. İstanbulda doğulub boya-başa çatan bu cavan oğlan Azərbaycanla, M.Ə.Rəsulzadə ilə çox maraqlanır. Bu da təsadüfi deyil. Axı atası bir çox illər M.Ə.Rəsulzadə ilə yaxınlıq edib.
Elə ilk görüşümüzdən Həsən bəyin səmimi, mehriban insan olduğunu hiss edirəm. Qonşu dükanda bizə bir yer boşaldılıb. Oraya keçib söhbətə başlayırırq.
Həsən İsmayıllı:
− M.Ə.Rəsulzadə ilə ilk tanışlığım 1948-ci ilin yanvar ayında oldu. Türkiyəyə yenicə gəlmişdik. 15 günə kimi karantində qaldıq. Soruşub öyrənirdilər ki, kim nə sənəti bacarır. Belə bir vaxtda eşitdim ki, İstanbuldakı "Park” otelində azərbaycanlılar bir gecə keçirir. Bir neçə həmyerlimizlə oraya getdik. Qapıda dayanan bir azərbaycanlı üzünü bizə tutub dedi: − Keçin, keçin içəri, indi sizi Azərbaycan allahı, peyğəmbəri olan bir adamla −Məhəmməd Əmin Rəsulzadə ilə tanış edəcəyik.
Elə bu vaxt həmyerlimizin arxasında dayanan uca boylu, səliqəli geyinmiş bir adam etirazla bildirdi: − yox, yox, mən Azərbaycanın nə allahı, nə də peyğəmbəriyəm.. Sizin qardaşlarınızdan biri olan Məhəmməd Əmin Rəsulzadəyəm.
Əmin bəylə ilk tanışlığımız belə oldu. Öyrəndik ki, gecəni də o özü təşkil edib. Məqsədi də Türkiyəyə yeni gələn azərbaycanlıları bir yerə toplamaq, onları birləşdirmək, şərait yaratmaqdır. O gecədə dediyi sözlər indiki kimi yadımdadır. Deyirdi ki, Azərbaycanın sizə çox ehtiyacı var. Azərbaycan bayrağı yenə yüksələcək. Bundan ötrü sizin birliyiniz gərəkdir. Zəfər qüvvətli birlikdə əldə edilir. Sizin birliyinizdən qüvvət qopar.
M.Ə.Rəsulzadə ilə sonradan əlaqəmiz daha da möhkəmləndi. O vaxt İstanbula gələndə Məmməd Sadığın evində qalardı. Həmişə də görüşərdik. Bir dəfə yenə İstanbula gəlmişdi. Görüşüb söhbət etdik. Azərbaycanlılarla bağlı gördüyümüz işlə maralandı. Azərilərin ayrı-ayrılıqda "Azərbaycan varlığı”, "Azərbaycan kültürü” adlı təşkilatlar yaratdığını ona deyəndə bərk narahat oldu. Dilxorçuluqla dedi: − Belə olmaz Həsən bəy! Belə bölünmək, parçalanmaq zəiflədər bizi. Bir təşkilatda birləşmək lazımdır.
Əmin bəy böyük insan idi. Elə buna görə ölümündən sonra bir müddət işimizdə boşluq yarandı...
Həmid Atamanın həyat yoldaşı Şəfiqə xanımla görüşmək bir az çətin olur, ünvanını, harada yaşadığını Milli Kültür Dərnəyində öyrənə bilmirəm. Nəhayət, dostum Yunus Lənkəranlı bu işi həll edir. Hardansa Şəfiqə xanımın telefonunu öyrənir. Şəfiqə xanımgilə İrfan Nəsrəddin oğlu ilə gedirəm. Evləri Ankaranın təzə məhəlləsində olduğundan çətinliklə tapırıq. Əvvəlcədən zəng edib danışmışıq Şəfiqə xanımla.
Bizi gülərüzlə qarşılayır. Əvvəlcə həyat yoldaşı Həmid Ataman haqqında soruşuram. Çünki Həmid Atamanı məhz M.Ə.Rəsulzadənin başçılıq etdiyi Cümhuriyyət hökuməti xaricə oxumağa göndərib. Həmid Ataman o zamankı azad Azərbaycanın xaricə təhsil almağa göndərdiyi 100 tələbədən biri olub. Şəfiqə xanım danışır ki, Həmid Ataman Almaniyada tibb fakültəsini bitirdikdən sonra Türkiyəyə gəlib, burada özünün müalicəxanasını açıb. Pis də dolanmayıb.
Elə bu zaman Həmid bəyin qızı Narınc xanım içəri daxil olur. Bizimlə səmimi görüşür. Şəfiqə xanım deyir ki, qızım Azərbaycanla çox maraqlanır. Sonra Şəfiqə xanım bizə ev albomunu göstərdi. M.Ə.Rəsulzadə ilə Həmid bəyin ailəsinin birgə şəklini göstərir. Həmid Ataman, Şəfiqə xanım, M.Ə.Rəsulzadə və balaca Narıncın birgə şəklində qəfildən bir şey aşkarlayıram: Leyla xanım gülümsünən halda balaca Narıncı qucağına götürüb. M.Ə.Rəsulzadə kədərli bir halda, sanki həsrət və ağrı içində Narınca baxır. Düşünürəm ki, bu, övlad ağrısıdır, övlad acısıdır ki, onu belə hala salıb. Yəqin M.Ə.Rəsulzadə bu xoşbəxt körpəyə baxanda dustaqlıqda qalan, əzab çəkən istəkli balalarını düşünüb. Axı onun da qəlbi doğma övladını belə mehribanlıqla bağrına basmaq, oxşamaq istəyirdi. Amma iblisanə qatillər onu bu yaşamaq haqqından məhrum etdilər.
Şəfiqə xanım deyir:
− M.Ə.Rəsulzadə 1948-ci ildə Ankaraya gəldikdən sonra Həmid Atamanla tez-tez görüşürdülər. O zaman hələ Dərnək qurulmamışdı. Ona görə də toplantılarının söhbətlərini tez-tez bizim evdə edərdilər. Həmid bəylə çox mehriban və səmimi idilər. Hərdən Leyla xanımla bizə qonaq gələrdilər. Əmin bəy çox səmimi insan idi. Onun ölümü Həmid bəyə çox pis təsir etmişdi. Həmid bəy dünyasını dəyişənə kimi hər il onun məzarı üstə gedib xatirəsini yad edərdi...
Nəsiman Yaqublu
 
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib