Dərc edilib: 15-06-2020

https://www.nuh.az/24619-.html

Ramiz Rövşənin heç yerdə dərc olunmayan şeiri - Məzunlara hədiyyə

15.06.2020 00:47:47

Mədəniyyət

Kulis.az Ramiz Rövşənin 50 il əvvəl yazılan, amma bu günə qədər heç yerdə dərc olunmayan şeirini təqdim edir.


Sinifdə yan-yana oturduğun qız
Hərdən dərsdən evə ötürdüyün qız
Böyüyür yavaş-yavaş.
Əlin toxunanda, əlini çəkir,
Dizin toxunanda, dizini çəkir.
Hərdən elə dartıb durur özünü
Sanki tərəzidə özünü çəkir.

Görən bu qız axı nə yeyib, içir.
Boyda səni ötüb bir az deyəsən.
Yoxsa, vaxt onun üçün daha tez keçir.
Səndən tez böyüyür bu qız deyəsən.

 

 

Sən onun taxdığı sırğalara bax,
Elə bil ki, gül açıb qulaqları
Saçları ilbəil qısalır
Ancaq uzanır ayaqları.

Onu dərsdən evə ötürəndə sən,
Bir azca aralı gedirsən niyə
Hərdən oğlanların ona zillənən
Oğrun baxışını güdürsən niyə?

Niyə qısqanırsan onu sən axı?
Ona baxanların nədir günahı
Niyə boş-boşuna göynəyir için
O, qızın heç bundan xəbəri varmı?

Ona söz deməyə çatmırsa, gücün
Onu qorumağa gücün çatarmı?
Daha bəsdir susdun, vaxt da daralır.
Az qalıb məktəbi bitirməyə də
Ondan ayrılamağa daha az qalıb.
Onu həmişəlik itirməyə də.

Yuxuna girəcək bu qız sonralar.
Yuxudan dəli tək oyanacaqsan.
Bir gün bir oğlanla onu qol-qola
Görəndə diksinib dayanacaqsan.

Yox, hələ vaxtın var, küçə uzundur
Yaxınlaş bu qızın yapış qolundan
Daha sonrasını mən yazmıram, yox.
Sonrası sənlikdir, ay qorxaq oğlan.

    

NUH informasiya agentliyi səhifəsindən çap edilib