Dərc edilib: 15-06-2020

https://www.nuh.az/24628-.html

Milli Məclisin deputatı Misir qəzetinə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyətindən bəhs edib

15.06.2020 17:59:32

Müsahibə

Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun Misirin, eləcə də bütün ərəb dünyasının nüfuzlu mətbu orqanı olan “Əl-Əhram” qəzetində 28 May - Respublika Günü, eləcə də Azərbaycan-Misir münasibətləri barədə geniş müsahibəsi dərc olunub. Xatırladaq ki, 1875-ci ildən dərc olunan “Əl-Əhram” qəzeti Orta Şərqin ən nüfuzlu mətbu orqanlarından biridir.


AZƏRTAC xəbər verir ki, Elman Nəsirov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında ətraflı məlumat verib. O deyib ki, cümhuriyyətin yaradılması üç nöqteyi-nəzərdən mühüm tarixi hadisə idi. Birincisi, Azərbaycan xalqı əsrlərboyu arzuladığı müstəqilliyə qovuşmuş oldu. İkincisi, müsəlman Şərqində ilk dəfə məhz Azərbaycan xalqı demokratik parlamentli respublika qurdu. Bu tarixi hadisə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha təsdiqləyir. Nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti adlı parlamentli respublikanın yaranması ilə dünyada məhdud saylı demokratik dövlətlərin sıraları zənginləşmiş oldu.

Deputat qeyd edib ki, cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu.

Elman Nəsirov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tarixi və fəaliyyətindən, Bakı Dövlət Universiteti təsis edilməsindən, Azərbaycan Milli Ordusunun yaradılmasından da danışıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qaldırdığı bayraq 23 ay sonra xarici işğal nəticəsində endirilsə də, onu 70 il sonra ilk dəfə məhz ulu öndər Heydər Əliyev yenidən yüksəltdi, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlədi. Eyni addımın Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən atılması məsələsi gündəmə gətirilsə də, onların eyni tarixi addımı atması üçün cəsarəti və iradəsi çatmadı. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək cümhuriyyətin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi.

Milli Məclisin deputatı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və roluna ən dolğun və düzgün qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini söyləyib. O deyib: “Ulu Öndər tariximizin bu şanlı səhifəsi ilə fəxr edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməyi, ideyalarını təbliğ etməyi, təcrübəsindən bəhrələnməyi vacib sayırdı”.

Deputat cümhuriyyətin 100 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini xatırladıb. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib və müvafiq tədbirlər həyata keçirilib. Bu addım Prezidentin Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramının ifadəsidir.

“Azərbaycan Respublikası bu gün 102-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olaraq, onun miras qoyduğu siyasi irsi uğurla inkişaf etdirir”, - deyən Elman Nəsirov bildirib ki, cümhuriyyət 1918-ci ildə müsəlman Şərqində ilk dəfə (hətta bir sıra Avropa ölkələrindən və ABŞ-dan öncə) Azərbaycan qadınına səsvermə hüququ vermişdisə, Azərbaycan Respublikası varis olaraq Azərbaycan qadınını Birinci vitse-prezident səviyyəsinə yüksəldə bilib. Bu gün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə sosialyönümlü mühüm layihələr həyata keçirilir, Azərbaycanda təhsilin, səhiyyənin, idmanın, milli musiqinin inkişafı, mədəni irsin qorunması, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi, İslam irsinin təbliğinə böyük diqqət göstərilir, bu istiqamətlərdə olduqca əhəmiyyətli işlər görülür.

Müsahibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan da bəhs olunub. Həmçinin Azərbaycan liderinin qətiyyətli, ardıcıl qərarları nəticəsində COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin nümunə göstərdiyi bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşləri ölkəmizin forsmajor vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Bu həqiqəti dünya liderləri Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarında da vurğulayırlar. Bu baxımdan müsəlman dünyasının aparıcı dövlətlərindən olan Misirin Prezidenti Əbdülfəttah əs-Sisinin Prezident İlham Əliyevə Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubu diqqət çəkir.

Milli Məclisin deputatı müsahibədə Azərbaycan-Misir ikitərəfli əlaqələrinin geniş spektrini əhatə edən sualları da cavablandırıb. O vurğulayıb ki, Azərbaycan və Misir arasında səmimi münasibətlər tarixi dəyərlərə, xalqlarımızın və ölkələrimizin dostluğuna və müsəlman həmrəyliyinə söykənir.

 

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib