Dərc edilib: 23-06-2020

https://www.nuh.az/24724-.html

“Virussuz günlərin həsrətini çəkirəm” - Fidan Qasımova

23.06.2020 10:45:37

Müsahibə

Bu gün Azərbaycanın opera müğənnisi, Xalq artisti Fidan Qasımovanın doğum günüdür. Sevilən ifaçı 73 yaşını qeyd edir.

F.Qasımova ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb
- Fidan xanım, kişilər haqqında "yaş kişinin var-dövlətidir" deyirlər. Bəs qadın üçün yaş nə deməkdir?

- Qadından yaş soruşmazlar. O, neçə yaşda görsənirsə, deməli, yaşı o qədərdir.

- Keçmişə boylananda hansı illəriniz üçün darıxırsınız?

- Ötüb keçən bütün zamanlar mənim üçün qiymətlidir. Virussuz günlərin həsrətini çəkirəm. Mən bu il çox darıxram. Fərqli, o biri illərə bənzəməyən bir il oldu. Koronavirus bütün dünyanı zəbt etdi. Biz gərək bir-birimizi qoruyaq. Xəstəlik olmasın, yaxşı günlər olsun, bu virus getsin. İnsanlarımız sevinsin, depressiyaya, panikaya düşməsinlər .

- Bu gün yuxudan durdunuz və aynaya baxdınız, özünüzə nə dediniz?

- İnanın ki, heç aynanın qarşısında çox dayanmağa vaxtım olmadı. Səhər tələsik durub özümü qaydaya saldım və saat 9-un yarısında televiziyadan zəng edib, məni təbrik etdilər. İlk təbriki onlardan aldım. Daha sonra oğlum təbrik etdi. Gəlinimlə birlikdə axşam işdən sonra yanıma gələcək. Mənim sirdaşım, yoldaşım, canım bacım Xuraman da yanımdadır.
O, mənə hər şeyi əvəz edir. Dostlarım zəng etdilər. Hələ bundan sonra da edəcəklər.

- Bu gün sizi necə təbrik etsələr və ya nə hədiyyə etsələr ürəyinizcə olar?

- Telefonla təbrik etsələr, mənə yetər. Ad günümü qeyd etmirəm. Sevincli ab-hava yoxdur. Şadlana bilmirəm. Xəstələr var, onlar tez sağalsın. Bu dərd qurtarsın. Eşitmişəm ki, Bəhram Bağırzadə xəstələnib, pis olmuşam. İstedadlı adamların belə vəziyyətə düşməsi məni kədərləndirir.

- Sərt karantin günlərini necə keçirdiniz?

- Bir müddət evdə qaldıq. Qanunlara riayət edirəm. Çünki özünü qorumasan, elə özünə zərər verərsən. İndi də bağa gəlmişəm. Çox vaxt çölə çıxmırıq. Kitab oxuyuram, rəsm çəkirəm. Tələbələrimlə arada onlayn rejimdə məşq edirik.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib