Dərc edilib: 27-06-2020

https://www.nuh.az/24797-.html

“Sərtləşdirilmiş karantin rejiminə əlavələr də lazımdır”

27.06.2020 19:41:48

Müsahibə

“Görünür, fiziki şəxslər üçün 50 manatlıq cərimə lazımi effekti vermir”
“Koronavirus pandemiyası dünyada yenidən kəskinləşməkdədir. Təəssüflər olsun ki, Azərbaycanda da yoluxanların və həyatını itirənlərin sayında artımlar var”. 
Bunu “Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Deputat bildirib ki, məkirli “düşmən” yenidən hücuma keçib: 
“Yoluxanların sayı bütün dünyada yenidən artmaqdadır. ÜST-nin məlumatına görə, bir gün ərzində 183 min insan bu xəstəliyə tutulub. Dünyasını dəyişənlərin sayı isə artıq yarım milyona çatıb. Azərbaycanda da müəyyən yumşalma tədbirlərindən sonra yoluxmanın faizi artmaqdadır. Məhz buna görə, ölkəmizdə iki həftəlik sərt karantin rejimi tətbiq edildi. Sərt karantin rejiminin məqsədi insanların sağlamlığını mümkün qədər qorumaqdır. Əlavə olaraq mövcud qanunvericilikdə dəyişiklik edilərək karantin rejimini pozan şəxslərə cərimələr müəyyən olundu.
Əlbəttə, burada məqsəd kimisə cərimələmək deyil, əsas qayə insanların həyatını qorumaqdır. Ancaq təhlillər göstərir ki, bəzi vətəndaşlarımızın məsuliyyət hissi lazımi səviyyədə deyil. Virusa barmaqarası baxanlar çoxdur. Həmin şəxslərin əsas arqumentləri o idi ki, tanışlarından, ətraflarından heç kim bu xəstəliyə yoluxmamışdı. Yəni mücərrəd saylara inanmırdılar. Lakin ötən müddət ərzində demək olar ki, hər kəsin qohum-əqrabasında, yaxın ətrafında xəstəliyə yoluxanlar üzə çıxdı”. 
Parlament üzvü hesab edir ki, sərtləşdirilmiş karantin rejiminə əlavələr də lazımdır: 
“Görünür, fiziki şəxslər üçün 50 manatlıq cərimə lazımi effekti vermir. Müqayisə üçün deyim ki, ABŞ-da belə hallarda 1000 dollar cərimələr müəyyən olunur. Qonşu Gürcüstanda cərimələr yüksəkdir. Belə vəziyyətdə yüksək məbləği ödəməmək üçün məsuliyyətsiz insanlar qaydalara məcburi riayət etməli olurlar.

Nəzərə alaq ki, yoluxmanın sayı məhz o cür məsuliyyətsiz şəxslərin davranışlarına görə artır. Dövlətimiz əlindən gələn hər şeyi edir, ardıcıl, sistemli addımlar atılır. Görülən bütün işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Ölkə rəhbərliyi dəfələrlə əhaliyə çağırış edib ki, özünüzü və yaxınlarınızı qoruyun, maska taxın, sosial məsafə saxlayın. Unutmayaq ki, bugün hər birimizin həyatı sual altındadır. Əfsuslar olsun ki, bəzi məsuliyyətsizlər bu acı reallığı dərk etmək istəmirlər”.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib