Dərc edilib: 27-06-2020

https://www.nuh.az/24800-.html

BDU: Universitetdə ad günü tədbiri keçirilməyib, yayılan məlumatlar əsassızdır

27.06.2020 23:47:08

LIVE

iyun 2020-ci il tarixində “Rublika.az” saytında Bakı Dövlət Universitetində (BDU) karantin qaydalarını pozaraq  ad günü tədbirinin keçirilməsi ilə bağlı həqiqəti əks etdirməyən, yalan və qərəzli informasiya yer alıb. Bu iddiaların heç bir əsası yoxdur və BDU-nun, o cümlədən İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi Tədris teleradio studiyasının fəaliyyətinə qərəzli münasibətin nəticəsidir.

 

Bu barədə ''GÜNDƏLİK BAKI'-ya Bakı Dövlət Universitetindən bildirilib.

 

Qeyd olunub ki, cari ilin 3 mart tarixindən etibarən ölkədə COVİD-19 pandemiyasının qarşısının alınması məqsədi ilə tətbiq olunan karantin rejimi ilə əlqədar olaraq bütün ali təhsil müəssiələrində, o cümlədən Bakı Dövlət Universitetində tədris prosesi dayandırılıb.

 

“BDU-da tədris prosesi məsafədən təşkil edilmiş, yalnız məhdud sayda əməkdaş işə cəlb olunub. Karantin dövründə Universitet ərazisinə daxil olan hər bir əməkdaşın giriş qapılarında temperaturu yoxlanılır, siyahıya alınır. Hazırda BDU-da yalnız onlayn imtahan sessiyasının təşkili ilə əlaqədar olaraq tərtib edilmiş siyahı əsasında məhdud sayda –  əməkdaşların təxminən 4 %-ə qədəri işə cəlb olunub. Karantin rejimi dövründə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Tədris teleradio studiyası da öz fəaliyyətlərini onlayn şəkildə təşkil edib, pandemiya dövründə Universitetdə tədrisin təşkili, həmçinin elmi fəaliyyət, sosial aksiyalar və s. operativ və əhatəli işıqlandırıb, Universitet əməkdaşlarının əsas informasiya mənbəyi olub. Görünən odur ki, son ildə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində, Jurnalistika fakültəsi və Tədris teleradio studiyasındakı yeniliklər, adıçəkilən qurumların öz fəaliyyətini müasir tələblər baxımından effektiv qurması kimlərisə narahat edir. BDU-da aparılan islahatları qəbul edə bilməyən, şəxsi maraqlarından çıxış edən ünsürlər “etibarlı mənbə” kimi bu cür dezinformasiyalar yaymaqla qarayaxma kampaniyasına əl atırlar” – məlumatda qeyd olunub.

 

Vurğulanıb ki, 21 iyun tarixi bazar günü olduğuna görə, həmin gün ümumiyyətlə Universitet ərazisinə heç bir əməkdaş daxil olmayıb.

 

“BDU ictimai nəzarətə hər zaman açıq bir qurumdur və maraqlananlar həmin günün videogörüntülərinə baxa bilərlər.  Obyektiv, məsuliyyətli, etik və vicdanlı xəbərçilik prinsipləri ilə bir araya sığmayan, qaralama və dezinformasiya xarakterli yazılarını mətbuat azadlığı çərçivəsində qəbul etmək mümkün deyildir. İnformasiyanı paylaşmadan əvvəl mənbəyə istinad olunması, 3 mənbədən öz təsdiqini tapması və yalnız təsdiqini tapmış informasiyaları yayınlamaq etik və vicdanlı xəbərçilik prinsiplərinə uyğundur. İşgüzar nüfuza xələl gətirməyin yolverilməzliyi, eləcə də şəxsi nüfuzun qorunması prinsipləri professional jurnalist etikasının başlıca prinsipləridir. Bu prinsiplər eyni zamanda hüquqi tənzimləmləmə mexanizmində də öz təsbitini tapmaqdadır. Media, fəlsəfəsi yalnız həqiqət və obyektivlik üzərində qurulan və yalnız həqiqəti çatdırmağı qarşısına məqsəd qoymuş bir institut kimi, əsla şəxsi incikliyi və prinsiplərinin qurbanına çevrilmiş şəxslərin əlində qisas alətinə çevrilməməlidir. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi, Jurnalistika fakültəsi, Tədris teleradio studiyası olaraq bir daha bildiririk ki, işgüzar nüfuzumuza xələl gətirən bu “yazı”nın heç bir əsası yoxdur və məsələnin araşdırılması ilə bağlı hüquqi müstəviyə baş vurmaq haqqımızın olduğunu da nəzərinizə çatdırmağı özümüzə borc bilirik” 
                                                                                
                                                           Jurnalistika fakültəsini dekanı Vüqar Əliyev
                                         İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva
                                                          Tədris teleradio studiyasının müdiri Ramin Rzayev

NUH informasiya agentliyi səhifəsindən çap edilib