Sərdar Cəlaloğlu: “Vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib”

“Elmar Məmmədyarov ABŞ-da bizim səfirliyin katibi işləyəndə, Eldar Quliyev tərəfindən Rusiya kəşfiyyatı ilə əməkdaşlığa cəlb olunub”

Konkret.az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlunun Laf.tv-yə verdiyi müsahibə sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Partiya sədri son günlərin aktual mövzularına toxunub, sensasiyalı iddialar irəli sürüb.

S.Cəlaloğlu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın hazırkı prezidenti R.Mehdiyevin ona ünvanlanan ittihamlara verdiyi cavabı tənqid edib.

 


Partiya sədri deyib ki, R.Mehdiyev öz fəaliyyətilə Azərbaycanın demokratik, inkişaf etmiş ölkəyə çevrilməməsi üçün əlindən gələni edib: “Azərbaycanda 20 ildən artıq müddətdə seçkilərin saxtalaşdırılmasının başında Ramiz Mehdiyev durur. Son parlament seçkilərində də Akademiyaya yığışdılar. Və yenə seçkiyə müdaxilə etdi, yenə demokratik, istiqlalçı qüvvələr kənarda qaldı, yenə ayrı-ayrı klanların və Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşları parlamentə buraxıldı.”

Daha sonra S.Cəlaloğlu R.Mehdiyevin kadr təyinatındakı roluna toxunub: ”Ramiz Mehdiyev Azərbaycanda kadrların təyin edilməsində bir nömrəli şəxs olub. İcra hakimlərini, nazirləri, komitə sədrlərini Ramiz Mehdiyev təyin edib. Bu gün icra başçıları korrupsionerdir, cinayətkardır, bütün nazirliklərdə korrupsiya, vətənə xəyanət baş alıb gedir və s. Deməli, Rusiya kəşfiyyatına xidmət edənləri, vətənə xəyanət edənləri, Azərbaycan xalqını içindən qurd kimi gəmirənlərin hamısını Ramiz Mehdiyev seçib gətirib Azərbaycan dövlətinə yerləşdirib”.

S.Cəlaloğlu bildirib ki, R.Mehdiyev yalandan Heydər Əliyevə və İlham Əliyevə sədaqət andı içsə də, böyük cinayətlər törədib: “Ramiz Mehdiyevin sayəsində ölkədəki bütün demokratik institutlar sıradan çıxarılıb, qeyri-hökumət təşkilatları, azad mətbuat, həmkarlar təşkilatları məhv edilib. Heydər Əliyevə, İlham Əliyevə sədaqət adı altında Azərbaycanın demokratik institutları məhv edilib. O, Azərbaycanda cinayətkar formada özəlləşdirmə aparıb. Dəyəri 60 milyard olan dövlət və ictimai əmlak cəmi 4 milyard hesablanıb…”

S.Cəlaloğlu məhz R.Mehdiyevin Azərbaycandakı “5-ci kolon”a rəhbərlik etdiyini də söyləyib: “30 ildə nə bir dəfə Türkiyəyə, nə də Avropaya səfər etməyib. Amma ildə 1-2 dəfə Rusiyaya səfər edib. Bu, onu göstərir ki, R.Mehdiyev Azərbaycandakı “5-ci kolon”un rəhbəridir. R.Mehdiyev Rusiyanın verdiyi tapşırıqları hərfinə qədər icra edib.”