Dərc edilib: 14-07-2020

https://www.nuh.az/25033-.html

“Bu günkü döyüşdə general Polad Həşimov və bir əsgərimiz şəhid oldu“

14.07.2020 13:11:24

Günün sitatı

“Bu günkü döyüşlərdə artıq iki şəhidimiz var. General mayor Polad Həşimovla bərabər bir əsgər də şəhid verdik”


Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu facebook səhifəsində paylaşıb:

“Düşmənin hədəflərimizə artilleriya atəşləri yenidən geniş xarakter alır. Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndləri gecədən başlayaraq erməni birləşmələri tərəfindən atəşə tutulmuşdur. Əlibəyli kəndində də hərbi vəziyyət mürəkkəb şəkil almaqdadır.

Bu günkü döyüşlərdə artıq iki şəhidimiz var. General mayor Polad Həşimovla bərabər bir əsgər də şəhid verdik. Düşmən itkisi barədə apardığım araşdırmalar hələlik konkret fakt əsasında fikir yürütmək imkanı vermir.

Döyüşlərin getdikcə ciddi şəkil aldığını inkar etmək çətindir. Bütün hallarda yenə də informasiya resurslarımızı təmkinli olmağa, dəqiqləşdirilməmiş məlumat və xəbərlərin yayılmasına yol verməməyə çağırıram”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib