Dərc edilib: 15-07-2020

https://www.nuh.az/25052-.html

AXP 43 partiyanın dəstək bəyanatına qoşulmasa da, dəstəklədi – Pənah Hüseyn

15.07.2020 23:29:01

Cəmiyyət

"Adı çəkilən sənədi imzalamış partiyaların mövqeyinə hörmətlə yanaşdığımı ifadə edirəm".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 43  siyasi partiyanın imzaladığı "Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna dəstək bəyanatı”nı şərh edərkən deyib. O bildirib ki, bu və ya digər məsələyə mahiyətcə necə münasibət bildirmək hər bir siyasi təşkilatın suveren haqq və hüququdur:
"Həmin sənəddə toxunulan əsas məsələyə münasibətdə Azərbaycan Xalq Partiyasının mövqeyi partiyanın nizamnaməsinin və koronovirusla bağlı karantin rejimi müddətində AXP sədrinə fövqəladə səlahiyyət verilməsi barədə partiya Siyasi Şurasının qərarına əsasən tərəfimdən sosial şəbəkə və KİV-lərdə son dövrdə dəfələrlə rəsmən ifadə və dərc edilib.
AXP ölkə iqtidarının yürütdüyü daxili və xarici siyasətin və ümumi təhlükəsizlik siyasətinin bir sıra istiqamətləri üzrə prinsipial müxalifət mövqeyində dayanaraq, eyni zamanda erməni təcavüzünə qarşı milli müqavimətin, o cümlədən müharibənin daxili siyasi münasibətlərin fövqündə tutulması, təcavüzün yaratdığı problemlərdən siyasi maraqlar naminə və iqtidar müxalifət qarşıdurması məqsədi ilə istifadənin yolverilməzliyi, işğala və işğalçıya münasibətdə milli birliyə əsaslanan vahid mövqenin nümayiş etdirilməsi prinsiplərini rəhbər tutur.
Konkret olaraq son günlər Tovuz bölgəsində Ermənistanın təxribatını təcavüz aktı və müharibə kimi dəyərləndirərək, müharibənin var olduğu, silahlı əməliyyatların aparıldığı və aparılacağı bütün müddətdə təcavüzə qarşı fəaliyyətlə bağlı qeydsiz-şərtsiz ordunun, dövlətin, yanında olduğumuzu, torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, düşmənin məğlubiyyətə uğradılıb torpağımızdan qovulması istiqamətində hakimiyyətin, dövlət başçısı İlham Əliyevin Prezident və Ali Baş Komandan olaraq atdığı və atacağı addımları müdafiə etdiyimizi və müdafiə edəcəyimizi bəyan etmişik".
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyalar milli həmrəyliyə dair bəyanat yayıb. Sənədə 43 partiya imza atıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib