Dərc edilib: 16-07-2020

https://www.nuh.az/25062-.html

“Tovuzda çox sayda muzdlu döyüşçü məhv edilib... ” – Rey Kərimoğlu

16.07.2020 11:23:59

Region

NUH.az  Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun yenisabah.az-a müsahibəsini ixtisarla təqdim edir:


- Rey bəy, ermənilərin bu dəfə Tovuzda təxribat törədəcəyi gözlənilən idi? Niyə təxribat məhz Tovuzda törədildi?


- Əslində, düşmənin cəbhənin bütün istiqamətlərində təxribat törədə biləcəyi gözlənilən idi. Xüsusilə də son 10 gündə 1991-94-cü illərdə olduğu kimi, şayiələrin yayılması bunu əyani sübut edirdi. Şayiələrdə deyilirdi ki, guya ermənilər bizim postumuzu alıb. Belə yalan ifadələrə yer veriləndə artıq keçmiş döyüşçülərin, təcrübəli adamların hamısı həyəcan təbili çaldı, bildirdilər ki, düşmənin təxribatı gözlənilir. Amma təbii ki, haradan təxribat olacağı dəqiq bilinmirdi, çünki düşməndir, hər tərəfdən hücum ola bilərdi, amma Tovuzu seçdilər.

Hazırda bunun səbəbini politoloji cəhətdən Kollektiv Təhlükəsizlik Şurası və Rusiya ilə bağlayanlar var, mən isə bunu tamam başqa cür qiymətləndirirəm, amma hərbi məsələdir, düşmənin niyə məhz oradan gəldiyinin səbəbini hərbiçilər yaxşı bilir, bugünkü cavabım budur, hələlik bu haqda danışmaq istəmirəm, inşallah, məsələ həll olunduqdan sonra ən dəqiq məlumatı xalqımıza çatdıracağıq.

 

- Əlinizdə olan məlumatların təhlili nəyi göstərir? Düşmənin layiqli cavabını verə bilmişik?


- Deməli, əlimizdə iki cür - rəsmi və qeyri-rəsmi olan məlumat var. Reallıq budur ki, bizim ordumuz düşmənə kifayət qədər sarsıdıcı zərbələr vurub, onların kifayət qədər itkisi var, amma hamı Ermənistan mətbuatında, sosial şəbəkələrdə bu itkinin sayını, əsgər və zabitlərin adını axtarır. Çox nahaq yerə belə edirlər. Çünki ortada 1991-1994-cü illərin təcrübəsi də var. Bildirim ki, ermənilər Tovuz istiqamətində hücum edərkən orada 18 yaşlı əsgərlər olmayıb. Əməliyyatda Suriyadan, Livandan və digər ölkələrdən olan muzdlular və müqavilə ilə işləyənlər, yəni müddətdən artıq işləyən hərbi qulluqçular iştirak edib. Onların hamısının müqaviləsində birmənalı olaraq qeyd olunub ki, cəbhə istiqamətində döyüşdə həlak olarlarsa, bu haqda heç bir məlumat verilməyə bilər. Bu, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir.

Onlardan kimsə Azərbaycanla döyüşdə həlak olsa, onun haqqında məlumatı 1 il sonra da yaya bilərlər, cəsədi ailələrinə lap 5 ay verilməyə bilər. Yəni onların fəaliyyətlərində belə nüanslar var. Bu isə Ermənistan tərəfini məsələdən çox məharətlə istifadə etməsinə şərait yaradır. Amma fakt odur ki, qərargahları vurulub, 30 zabitin içərisindən 5-6-sı sağ çıxıb, qalanları ölüb. Sadəcə məlumatları gizli saxlayırlar.

Azərbaycan ordusu düşmənin hücumunu dəf edib, bir qarış torpağımızı belə işğal edə bilməyiblər. Hazırda proses davam edir, artilleriya atəşi ilə onlar bizi, biz də onları vururuq. Çox təəssüf ki, generalımız və polkovnikimiz şəhid olub. Bu, ağır bir hadisədir, amma hidayətli olmalıyıq, ruh düşkünlüyünə qapılmaq olmaz, çünki başqa yolumuz yoxdur. Xalqımızın general, polkovnik və zabitlərimizi necə qarşıladığını hər kəs gördü, dik durmalıyıq.

 

- Cəbhənin dəyişməsilə bağlı çağırışlar var. Çox adam hesab edir ki, Qarabağda sükutu pozmaq lazımdır. Bu barədə siz nə düşünürsünüz?


- Düşünürəm ki, həm Tovuzdan cavab atəşi verilməlidir, həm də cəbhənin bütün istiqaməti boyu Azərbaycan ordusu hərəkətə keçərək torpaqlarımızı işğaldan azad etməlidir. Ermənistan bizə bundan yaxşı fürsət verməyəcək. Ermənistan tərəfi başqa fikirlər səsləndirməyə çalışsa da, həqiqət ortadadır. Bütün dünya bilir ki, Ermənistan Azərbaycan sərhədlərinə hücum edib, bunun başqa bir adı yoxdur. Cavabı isə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu hərəkətə keçib torpaqlarımızı azad etməklə verməlidir. Ali Baş Komandanı orduya əmr verməyə çağırıram, xahiş edirəm, gözləyirəm.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib