Dərc edilib: 17-07-2020

https://www.nuh.az/25084-.html

Bacısı ilə eyni yaşda, eyni gündə, eyni çarpayıda öldü – Azad Mirzəcanzadənin film kimi həyatı

17.07.2020 19:18:26

Dünya

Bu gün dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadənin anım günüdür. 

 

NUH.az   Kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.

 

Orta məktəbi 15 yaşında bitirib. Azərbaycan Sənaye İnstitutuna sənəd vermək istəsə də yaşı az olduğundan sənədləri qəbul edilmir. Gənc Azad institutun rektoruna müraciət edir. Rektor, institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verib.

***

Nə bacısı, nə də özü heç vaxt ailə qurmayıb. Ona görə də alimin nəslinin davamçısı yoxdur.

***

Əbülfəz Elçibəy hakimiyyətdə olduğu illərdə iki dəfə ona Bakı Dövlət Universitetinin rektoru vəzifəsini təklif etsə də, qəbul etməyib.

 

Gallery

 

Masasının üstü həmişə dağınıq olardı və heç kimin səliqəyə salmasından xoşu gəlmirdi. Hətta Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi.

***

Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və "selyodka" idi.

***

Dahi bəstəkar Üzeyir Hacıbəyli onun sevdiyi şəxsiyyətlərdən olub. Hətta iş otağında və evindəki iş masasının üstündə yalnız Üzeyir Hacıbəylinin şəkli olardı.

***

Neft mütəxəssisi olsa da onun musiqimizə, folklorumuza baxışları yüksək milli koloriti ilə fərqlənirdi. Tez-tez xalq mahnılarımızı zümzümə edir, şerlər söyləyərdi.

 

Gallery

 

Onun ədəbiyyat bilgiləri də çox dərin olub. Xüsusən rus nəsrini mütəxəssislərin çoxundan yaxşı bilib. Azad müəllim bədii ədəbiyyatı dincəlmək üçün oxuyurmuş.

***

Azad Mirzəcanzadə kitabları həddindən artıq çox sevirdi. Onun rəğbətini yalnız ona kitab bağışlamaqla qazanmaq olardı.

***

Sürətli oxunun ən yüksək həddinə yiyələnmişdi. O, səhifələri sadəcə baxıb çevirərək normal bir kitabı bir neçə saata bitirirdi.

 

Gallery

Ali Attestasiya Komitəsinin sədri olan zaman savadı olmayan tanınmış məmur və biznesmenlərin, ictimai fiqurların alim adı almasına imkan vermirdi. Lakin layiq olan adamları şəxsən özü birbaşa “elmlər doktoru” elmi dərəcəsini təqdim edirdi.

***

Xüsusən məmurların haqq etmədiyi təqdirdə elmi ad almasına ciddi müqavimət göstərib. O, savadsız məmurların qənimi idi. Ona-buna pulla elmi iş yazdıranların sənədləri anbarlarda qalırdı. Onun bu prinsipiallığı həqiqi elm adamları tərəfindən rəğbətlə qarşılansa da bir çoxlarının qəzəbinə səbəb olurdu.

 

Gallery

 

Öz şəxsi nüfuzu və vəsaiti hesabına kollec tipli orta ümumtəhsil məktəbi açdırıb və hər şənbə özü oradakı şagirdlərə dərs deyib.

***

Bacısı İradə xanımla aralarında sirli bir bağ olub. Bir-birinə həddindən artıq bağlı olan bacı-qardaşın taleyi də bənzər olub. Hər ikisi 78 yaşında dünyasını dəyişib. Ən maraqlı cəhət odur ki, Azad müəllim bacısının ölümündən iki il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün - iyulun 17-də vəfat edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib