Dərc edilib: 17-07-2020

https://www.nuh.az/25086-.html

3 günlük iyul müharibəsi: nəticələr və gözləntilərimiz

17.07.2020 19:41:34

Müsahibə

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

 

3 günlük iyul müharibəsi: nəticələr və gözləntilərimiz

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini iyul ayının12-dən başlayaraq 3 gün ərzində kobud şəkildə pozmaqla (hələ də davam edən) təxribat törətməsi bu faşist təbiətli işğalçı “dövlətin” təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Şanlı Azərbaycan ordusunun qəhrəman əskər, zabit və generallarının şücaəti sahəsində Ermənistanın xaincəsinə hücumunun qarşısı nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası, canlı qüvvəsi məhv edildi. İndi demək olar ki, hamını “Təxribat nə üçün məhz iyul ayının 12-də törədildi?” sualı maraqlandırır. İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu sual aydınlıq gətirərkən qeyd etmişdir ki: “Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı”. Sözünə davam edən Prezident İlham Əliyev qeyd etmişdir ki: ”Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhəddində hər hansı bir hərbi məqsədimiz yoxdur”. Son günlər baş verən hadisələr göstərdi ki: 1.Xarici havadarlarına, xristian həmrəyliyinə güvənən Ermənistan nəinki Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək, işğal edilmiş ərazilərimizi azad etmək fikrində deyil, əksinə, yeni ərazilər işğal etməyə, Azərbaycanın əsas neft-qaz nəqliyyatı marşrutlarını nəzarət almağa cəhd edir. Bu hadisələr Ermənistan “dövlətinin” beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozmasını, sivil dəyərlərə məhəl qoymamasını, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirdiyini göstərdi. Ona görə də, qəti əminliklə demək olar ki, təxribatı işğalçılıq səylərini davam etdirmək, öz çirkin əməllərinə nail olmaq üçün məhz Ermənistan törətmişdir! 2. Son 3 gün ərzində baş verənlər bir daha göstərdi ki, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə tənzimlənməsi məqsədi ilə yaradılmış və tarixi təcrübənin göstərdiyi kimi, türkçülüyə qarşı mübarizəni özlərinin əsas vəzifələrindən biri hesab edən ermənipərəst xristian dövlətlərinin təmsil olunduğu, ATƏT-in Minsk qrupu nəinki öz missiyasını yerinə yetirmir, heç buna cəhd də göstərmir. Əksinə bütün “fəaliyyətini” status-kvonun sağlanılmasına yönəldib. Ermənistanın bu günlərdə törətdiyi təxribatlar bir daha göstərdi ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur! 3. Azərbaycan ordusunun Ermənistanın təxribat hərəkətlərinin qarşısını qətiyyətlə alması, düşmənə sarsıdıcı zərbələr endirməsi bir daha göstərdi ki, şanlı silahlı qüvvələrimiz işğal edilmiş torpaqlarımızı hərb yolu ilə azad etmək gücündədir və inşAllah Ali Baş Komandanın münasib bildiyi vaxtda bu vəzifəni layiqincə və qısa müddətdə yerinə yetirəcəkdir! 4. Qeyd edilən iclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaradtı, xalqımızı cöşdurdu. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərəndaha bir mənzərə idi”. Iyulun 14-dən 15-nə kecən gecə saatlarında yüz minlərlə vətəndaşımızın ordumuza dəstək məqsədi ilə “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, vətən bölünməz” şüarları ilə keçirdikləri möhtəşəm aksiya, eləcə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrinə müraciət edən çoxlu sayda gənclərimizin hərbi əməliyyatlara qatılmaq arzusu Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi və bir daha dünyaya bəyan etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və torpaqlarını azad etmək əzmindədir! 5. Ancaq, təəssüf ki, xaricdən idarə olunan və daxildə fəaliyyət göstərən “5-ci kalon” təmsilçiləri fürsətdən istifadə edib təxribat törətdilər, ölkədə xaos yaratmaq məqsədi ilə Milli Məclisin binasına, polis koridoruna hücüm etdilər. Vətəndaşlarımızın Vətənə, şəhidlərimizə sevgi hissələrini dövlətə qarşı yönəltməyə cəhd etdilər. Hər şeydən göründüyü kimi, bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı, “cəbhə xəttini” Ermənistan-Azərbaycan sərhəddindən ölkədaxilinə keçirmək cəhdi idi. Baş verənlər, istər-istəməz, 1992-ci ildə Milli Məclis ətrafında baş verən hadisələri xatırlatdı. Ancaq bu hadisələrin təşkilatçıları və ona sövq edilənlər unudurlar ki, indi 90-cı illər deyil! Azərbaycanın formalaşmış güclü dövləti, vətənini sevən yetkin vətəndaşları, qüdrətli ordusu, əsayişi bərpa etməyə qadir olan polisi vardır! 6. 12-14 iyulda və ondan sonra baş verən hadisələr bir daha göstərdi ki, müharibə tək hərbçilərlə və cəbhədə döyüşlərlə aparılmır. Müharibə prosesində həm də siyasi, diplomatik, iqtisadi, sosial amillər əhəmiyyətli rol oynayır. Müharibə zamanı informasiyanın və düşmənə psixoloji təzyiqin xüsusi rolu vardır. Bu sahələrdə zəiflik göstərən tərəf hərbi cəhətdən nə qədər güclü olsa da, ağır məğlubiyyətlə üzləşə bilər. Son günlər Tovuz istiqamətində düşmən təxribatının qarşısı alınarkən bir daha bunun şahidi olduq. Müşahidələr göstərir ki, Ermənistan tərəfi müxtəlif saytlar və sosial şəbəkələr vasitəsilə dezinformasiyalar yaymaqla, Azərbaycan Ordusuna və cəmiyyətinə psixoloji təsir göstərməyə çalışırdı və bu davam etməkdədir. Təqdirə layiqdir ki, Azərbaycanın informasiya məkanı güclü şəkildə qorunduğundan həmin dezinformasiyalar böyük ölçüdə təsirsiz qalır. Ancaq, təəssüf ki, erməni lobbisi və Azərbaycanı sevməyən xarici və daxili qüvvələr, “5-ci kalonun” təmsilçiləri, tərəfindən maliyyələşən anti-Azərbaycançı təxribatçılar xaricdə fəaliiyət göstərən üzdəniraq təbliğat vasitələri ilə ölkə daxilində ictimai rəyi çaşdırmağa cəhdlər göstərirlər və daxildə onlara dəstək verənlər də vardır. Yaranmış mövcud şəraitdə nəyi gözləyirik: 1.İşğal edilmiş torpaqlarımızın hərb yolu ilə azad edilməsi üçün dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsini; buna xələl gətirilməsinə yönələn istənilən təxribatçı hərəkətlərin qarşısının qətiyyətlə alınmasını; təxribatçı hərəkətlərə yol verənlərin, şayələr yayanların məsuliyyətə cəlb edilməsini; KİV-də, xüsusilə də, telekanallarda, vətənpərvərlik ruhunda yazıların, verilişlərin sayının artırılmasını. 2. Dövlət idarəetmə strukturlarında, ordu sıralarında özünə yer tutan ermənipərəst qüvvələrin, 5-ci kalon təmsilçilərinin tezliklə müəyən edilib ifşa edilməsini, vəziflərindən uzaqlaşdırılaraq məsuliyyətə cəlb edilməsini. 3. Ölkəmizin bütün iqtisadi imkanlarının hərbi gücümüzün artırılması üçün səfərbər edilməsini; işğal edilmiş ərazilərimizin mənfur düşməndən azad edilməsi üçün münasib vaxtda hərbi əməliyyatlara başlamaq üçün Ali Baş Komandanın əmr verməsini. 4. Türkiyə və Pakistanla əsgəri mübadiləni nəzərdə tutan hərbi müqavilələrin bağlanmasını, müasir silahların alınması üçün dost ölkələrlə əlaqələrin gücləndirilməsini. 5. Ordu rəhbərliyinin vətənpərvər ruhlu, hazırlıqlı, döyüş təcrübəsi olan hərbiçilərlə möhkəmləndirilməsini.

 

İyul aynın 15-də Azərbaycanda fəaliyyət göstərən, Təkamül Partiyası da daxil olmaqla, 43 siyasi partiya rəhbərlərinin ölkə başçısı və Azərbaycan ordusu ilə həmrəylik sərgiləyən bəyanatla çıxış etməsi bir daha göstərdi ki, xalqımız torpaqlarımızı işğaldan azad etmək əzmindədir, bütün Azərbaycan xalqı Ali Baş Komandan ətrafında sıx birləşib və onun əmrini gözləyir!

 

16 iyun 2020.


NUH informasiya agentliyi səhifəsindən çap edilib