Dərc edilib: 23-07-2020

https://www.nuh.az/25146-.html

Tarixçi alimdən millət vəkilinə tarix dərsi: "Səfəviləri nə əsasla İran dövləti adlandırırsınız?"

23.07.2020 14:03:36

Mədəniyyət

"Şah İsmayıl və Sultan Səlim məsələsini gündəmə gətirənlər türk dünyasının əleyhinə işləyənlərdir. Əslində onların əsas məqsədi sünni-şiə məsələsini gündəmə gətirmək, qabartmaqdır, iki dövlət arasındakı münasibətləri pozmaq, gərgin vəziyyətdə saxlamaq, ictimai rəyi bu münasibətlər üzərində qurmağa xidmət edir".
 
Qaynarinfo xəbər verir ki, bunu tarixçi alim Dilavər Əzimli millət vəkili Fazil Mustafanın açıqlamalarına münasibət bildirərkən deyib və deputatın fikirlərini kəskin tənqid edib:
 
"Bu adamlara bir daha bəyan edirəm ki, dünya tarixşünaslığı birmənalı şəkildə Səfəvi dövlətinin türk dövləti olduğunu ortaya qoyub. Dünya tarixşünaslığı onu yaradanların türk sərkərdələri, bu dövlətin isə türk dövləti olduğunu təsdiq edir. Dövlətin başında duranlar isə sülalələrdir. Əfşar sülaləsi, Səfəvilər sülaləsi və sair”.
Tarixçi alim İran dövlətinin belə farslara aid olmadığını iddia edərək, F. Mustafanın fikirlərini əsassız adlandırıb:
 
"Osmanlı bir dövlət idi, Səfəvi də ayrı bir dövlət idi. Hər ikisinin öz ərazisi var idi, hər ikisinin dövlətçiliyi möhkəm idi. Səfəviləri nə əsasla İran dövləti adlandırırsınız? İran məgər fars dövləti olub? İran adlanan kəlmənin heç farsa aidiyyəti yoxdur. O sonradan ortaya çıxmış bir dövlət adıdır. Əvvəllər ərazi adı ilə adlandırırdılar. Fars hara, İran hara? O yerin adını Persiya kimi yazırdılar. İngilislər oraya ”Persiya" yazmaqla bütün bu ərazilərin farslara məxsus olduğunu bildirmək istəyirdilər. İndi ingilis tarixşünaslığı özü geri çəkilib. İndi deyirlər ki, bu dövlətlər türk dövlətləri olub. Əgər sizin əsaslı bir iddialarınız yoxdursa, niyə Osmanlı-Səfəvi münasibətlərindən yapışırsınız? Bir az irəli gedin, Əmir Teymurla İldırım Bəyazidin münasibətlərindən danışın, Ağqoyunlu hökmdarları ilə Osmanlı sultanlarının münasibətlərindən danışın".
Dilavər Əzimlinin sözlərinə görə, Səfəvilər həmin dövrdə Osmanlının qarşısında dura bilən, Sultan Süleymana diz çökməyən yeganə dövlət olub:
 
"Səfəvilər qüdrətli bir dövlət idi, o qədər qüdrətli idi ki, dünyanı fəth edən Sultan Süleyman burada dəfələrlə məğlub oldu. Bu, elə-belə nailiyyət deyildi. Səfəvilərin güclü türk ordusu var idi. Çaldıran döyüşündən sonra bu ərazilərdə nələr baş verdi? Şah Abbas həmin əraziləri geri qaytardı. Ondan sonra hakimiyyətə gələn Nadir Şah Əfşar də həmin dövlətə rəhbərlik edirdi, dövlət eyni idi, sadəcə, sülalə dəyişdi. Nə üçün Nadir Şah Əfşardan danışmırsan? Niyə demirsən ki, o, dünyanı fəth elədi, ancaq Osmanlı ilə münasibətləri qorudu. Hətta təklif edirdi ki, eyni təriqəti, cəfəri təriqətini qəbul edək. Mən yüzlərlə tarixçi sadalayaram ki, Səfəvilər dövlətinin türk dövləti olduğunu yazırlar. Siz niyə bunun əksini deyirsiniz, bu qədər bəsitlik olarmı?
Bunu deyənlər hansı ideyaya xidmət edir, o bizə bəllidir". 
 
Qeyd edək ki, deputat Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında mübahisə doğuracaq fikirlər səsləndirib. Deputat qeyd edib ki, Səfəvi milli dövlət deyil və onu nümunə götürmək mənasızdır: "Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Səfəvi milli dövlət deyil. Bu baxımdan, bunu ideallaşdırmağın mənası yoxdur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib