Dərc edilib: 25-07-2020

https://www.nuh.az/25169-.html

Ədalət Vəliyev Birlik Partiyasının sədri ilə görüşdü

25.07.2020 15:51:42

Maraqlı

İyul ayının 24-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Birlik Partiyasının sədri Xudadat Xudiyev arasında görüş keçirilib. 

 

 SİA-nın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi, COVİD-19 pandemiyası, siyasi partiyaların fəaliyyəti, milli həmrəylik və digər məsələlər müzakirə olunub.

Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın təcavüz siyasəti aparır və Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayır. Cari ilin iyul ayının 12-də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat isə onların işğal siyasətinin davamıdır.

Bu hadisələr fonunda 43 siyasi partiyanın birlikdə, 4 siyasi partiyanın isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləməsi, ölkəmizin ərazi bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşməsini bəyan etməsi çox müsbət addım idi.

Daha sonra dünyanı bürüyən COVİD-19 pandemiyası, ölkəmizin bu sahədə apardığı işlər, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bir sıra beynəlxalq təşkilatlarının videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşləri barəsində fikir mübadiləsi aparılıb.

X.Xudiyev ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşması istiqamətində görülən işləri müsbət qiymətləndirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini qətiyyətlə pisləyib və əlavə edib ki, bütün siyasi qüvvələr ümummilli məsələlərdə hər zaman bir yerdə olmalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib