Dərc edilib: 03-08-2020

https://www.nuh.az/25306-.html

Misirdən İlon Maska cavab: "Piramidaları yadplanetlilər tikməyib"

03.08.2020 20:28:33

LIVE

Misir piramidaları yadplanetlilərin inşa etdiyini iddia edən Tesla və SpaceX şirkətinin baş direktoru İlon Maskı ölkəyə dəvət edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Maskın tvitinə cavab yazan Misir Beynəlxalq Əməkdaşlıq naziri Rania əl-Maşat piramidaları görənlərin bunların həqiqətən işçilər tərəfindən tikildiyinə inanacaqlarını bildirib. O, Maskın fəaliyyətlərini böyük heyranlıqla izlədiklərini deyib:
"Sizi və SpaceX-i piramidaların necə inşa edildiyini izah edən mətnləri araşdırmağa və piramidaları inşa edənlərin məzarlarını görmək üçün dəvət edirəm. Cənab Mask sizi gözləyirik", - deyə nazir yazıb.
Mütəxəssislər 1990-cı illərdə kəşf edilmiş, piramidaları inşa edənlər üçün hazırlanan məzarların bu nəhəng tikililəri qədim misirlilərin inşa etdiyini sübuta yetirdiyini söyləyir. Misirli arxeoloq Zahi Havas isə məsələ ilə bağlı paylaşdığı videoda Maskın iddialarının hallusinasiya olduğunu bildirib.
"Mən piramidalar inşa edənlərin məzarlarını tapdım. Bunları inşa edənlər misirlilər idi və kölə deyildilər", - deyə o, EgyptToday nəşrinə açıqlamasında danışıb.
Qeyd edək ki, Mask tvitter hesabındakı paylaşımında piramidaları yadplanetlilərin inşa etdiyini yazıb. Daha sonrakı paylaşımında isə BBC History məqaləsinə istinad edərək, piramidaların necə inşa edildiyinə dair məntiqli yazı olduğunu qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib