Dərc edilib: 27-08-2020

https://www.nuh.az/25617-.html

Adil İsmayılov Aslan İsmayılovu debata çağırdı

27.08.2020 10:37:33

Hadisə

Son günlər AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi bir çox ictimai xadimlər arasında müzakirələrə səbəb olub. Hüquqşünas Aslan İsmayılov bununla bağlı sosial şəbəkə hesabında bir neçə yazı yayımlayıb və canlı yayımlarda bu mövzu haqda danışıb. Tanınmış vəkil Adil İsmayılov isə həmkarına müraciət edərək “Sən nə istəyirsən, Aslan İsmayılov?” deyə ritorik sual ünvanlayıb. 


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Adil İsmayılovdan növbəti atmaca hüquqşünasın müəllifi olduğu kitabla bağlı olub: “Bir az da belə davam eləsə “Sumqayıt hadisələri”nin müəllifinin Aslan İsmayılov olmasına inanacağam”.

Bundan sonra Adil İsmayılov keçmiş tanışını debata çağırıb: “Dostlar soruşur ki, müəllim, Aslan İsmayılov heç özü nə istədiyini düz-əməlli bilmir, bəs sən ondan nə istəyirsən? Cavab verirəm. Aslan müəllimlə tanışlığımızın əvvəli 1989-cu ilə gedib çıxır. Mənim barəmdə canlı yayım edəndə tanışlığımızın tarixçəsini ətraflı danışıb. Bu müddət ərzində dəfələrlə uzaqlaşıb, sonra yenidən yaxınlaşmışıq. Hər dəfə onun dəyişəcəyini düşünmüşəm. Görünür, səhv etmişəm. Nə o dəyişib, nə də mən dəyişmişəm. Tanıyanlar bilir, mən heç vaxt özümü reklam etməmişəm, apardığım işləri yeri gəldi-gəlmədi ictimailəşdirməkdən qaçmışam, hay-küy, həyasızlıq mənlik deyil. 

30 ildə dəfələrlə vəkil olduğum və ona heç bir aidiyyəti olmayan işlərdən Aslan müəllim bildi-bilmədi “ağız dolusu” danışıb. Bu illər ərzində bir neçə dəfə qarşı tərəflərin vəkili olmuşuq. Cəmi bir dəfə ortaq işimiz olub, ikimiz bir gün eyni adamın vəkili olmuşuq. Heç vaxt onun arxasından iş çevirməmişəm, arxasınca danışmamışam, ümumiyyətlə bu, mənim xarakterimə ziddir. Amma onun tam əksini etdiyini deyə və sübut edə bilərəm. Adam illərdir yetənə yetib, yetmədiyinin arxasınca daş atıb. Düşündüm ki, buna son qoymağın zamanı çatıb.

Odur ki, burdan üzümü Aslan İsmayılova tutub deyirəm, onun arxasınca danışmaq, qeybət etmək mənə yaraşmaz, istədiyi məkanda, onlayn telekanalda onunla canlı yayımda söhbət etməyə, barəsində düşündüklərimi üzünə deməyə və barəmdə düşündüklərini eşitməyə hazıram. İctimaiyyətin bunları bilməyə və kimin-kim olmasını dəyərləndirməyə haqqının çatdığını düşünürəm”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib