Dərc edilib: 27-08-2020

https://www.nuh.az/25620-.html

Hüseynqulu Bağırov da HƏBS oluna bilər ŞOK FAKT

27.08.2020 13:42:31

Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri - Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və əməkdaşlar Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin məhkəməsi keçirilib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə həbsdə olan yeganə təqsirləndirilən şəxs İlqar Hacıyev deyib ki, ştatdan kənar olan 63 işçinin kartına pul köçürülməsindən xəbərdar olub: “Kartlardan pulu mənim və Əkbər Həsənovun sürücüsü çıxarırdı. Nazirliyin digər qurumlarında qazanc, gəlir yeri olurdu. 2-3 ağacın yerini oyan-buyan edib pul qazanırdılar. Bizim departament isə gəlirsiz yer idi. Havanı pulla satmayacaqdıq ki... Məcbur olub bu işi görmüşük. Əlavə xərclər yaranırdı, məsələn, itkin düşən alpinistlərin axtarışı üçün 12 min manat, kombi sisteminin quraşdırılması üçün 20 min manat, telekomunikasiya xətlərinin yenilənməsi üçün 7 min manat, hava proqnozları ilə bağlı bukletlərin hazırlanması üçün 20 min manat, departamentin balansında olan binanın şüşə üzlüyünün yuyulması üçün 25 min manata yaxın vəsait xərclənib.

Keçmiş nazir Hüseynqulu Bağırov Əkbər Həsənovdan 265 min manat istəyərkən həmin pulu Vüqardan alıb verdik”.

Əkbər Həsənov isə 265 min manatla bağlı deyilənləri təkzib edib: “Hüseynqulu Bağırov məndən pul istəməyib, nə də ona pul vermişik. Hüseynqulu Bağırov bu məsələlərdən xəbərsiz olub”.

İ.Hacıyev əlavə edib ki, indiki təqsirləndirilən şəxslər cinayət işi açılanda bu işdə Hüseynqulu Bağırovu günahkar bilərək onun barəsində müraciət hazırlayaraq mətbuat vasitəsi ilə ictimailəşdirmək istəyiblər: “Lakin sonradan Hüseynqulu Bağırova yaxın şəxslər məsələni həll edəcəkləri vədi ilə müraciətin mətbuata çıxmasının qarşısını aldılar. Həmin müraciət hələ də məndə qalır”.

Ev dustaqlığında olan Orxan Qasımov ifadəsində deyib ki, işlədiyi müddətdə ona verilən tapşırıqları icra edib: “Mən sadəcə işçilərin maaşını hesablamışam. Həmin kartlardan pulu çıxaranda İlqar müəllimə vermişəm”.

O.Qasımovun istintaq ifadəsi elan olunub və məlum olub ki, o, müstəntiqə ifadəsində etiraf edib ki, departamentə aidiyyatı olmayan şəxslərin adına kartlar açaraq pulları oraya köçürərək mənimsəyiblər: “İlqar Hacıyev və Əkbər Hacıyevin rəhbərliyi altında 451 min manat vəsait mənimsənilib. Kartlardan çıxarılan pullar İlqar Hacıyevə verilib. Pullar Əkbər Həsənov və İlqar hacıyevin arasında bölünüb və şəxsi məqsədləri üçün istifadə edilib”. 

O.Qasımov onun və həyat yoldaşı Səbinə Qasımovanın adına hər biri üçün 11 min manat köçürülən pulun maddi yardım olduğunu deyib: “Nazirlikdə bir çox şəxslər maddi yardım alıb. Hətta 20 min manat yardım alan da olub”.

Əkbər Həsənov deyib ki, o, qeyd edilənlərlə bağlı Orxan Qasımova heç bir göstəriş verməyib.

İlqar Hacıyev isə deyib ki, bu məsələlərdən Əkbər Həsənovla sabiq nazirin məlumatı olub:

“Hər kəs bilir ki, direktorun razılığı olmadan bu işlər görülə bilməz. Hüseynqulu Bağırovun da xəbəri olub. Amma necə olur ki, bir mən burada otururam?”

Hakim Siyavuş Hacıyev deyib ki, hazırda burada cinayət işində adı çəkilən şəxslərin işinə baxılır: “Hüseynqulu Bağırovdan şikayətiniz varsa, müvafiq qurumlara müraciət edə bilərsiz”.

İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib